Mayın 5-də Azərbaycan Dillər Universitetində CELI (Certificato di Conoscenza della Lingua Italiana) imtahan mərkəzinin açılışı olub. Mərkəzin açılışı İtaliyanın Peruca Əcnəbilər Universiteti ilə ADU-nun birgə əməkdaşlığı çərçivəsində universitetin İtalyan dili Mərkəzinin nəzdində baş tutub.
Axar.az xəbər verir ki, açılış mərasimindən öncə Peruca Əcnəbilər Universitetinin rektoru, professor Valerio de Cesaris, İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko və digər qonaqlarla görüş keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, Azərbaycan və İtaliya arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafında təhsil sahəsində görülən işlərin vacibliyi diqqətə çatdırılıb:
“Azərbaycanla İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətləri özünü bütün sahələrdə göstərməkdədir. İtaliyada fəaliyyət göstərən universitetlərlə qarşılıqlı əlaqələrin qurulması son dərəcə mühüm əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq əlaqələrinin qurulması, müəllim-tələbə mübadilələrinin aparılması, elmi tərəfdaşlıq münasibətləri Azərbaycan və İtaliya münasibətlərinin inkişafına öz töhfəsini verməkdədir. Bu gün tarixi gündür. Biz ilk dəfə olaraq İtaliyanın nüfuzlu universitetlərindən biri olan Peruca Əcnəbilər Universiteti ilə əməkdaşlıq çərçivəsində CELİ imtahan mərkəzinin açılışında iştirak edirik. Bu hadisə çox önəmli faktorları özündə cəmləşdirir. Mərkəzin fəaliyyətə başlaması təkcə elmi yox, həm də tərəfdaşlıq münasibətlərimizin inkişafı baxımından çox vacibdir. İnanıram ki, mərkəz həm müəllimlərimiz, həm də tələbələrimiz üçün yeni elmi uğurların əldə olunmasında önəmli olacaq”.
Peruca Əcnəbilər Universitetinin rektoru, professor Valerio de Cesaris səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr davamlı olaraq inkişaf edir. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir.
Yeni açılan mərkəz haqqında danışan qonaq ADU ilə Peruca universiteti arasında əlaqələrin davamlı olacağına əminliyini ifadə edib.
İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu əlaqələrin inkişafı özünü təhsil və elm sahəsində də göstərməkdədir. ADU-nun Peruca Universiteti ilə əməkdaşlığının önəmindən söz açan səfir gələcək elmi əməkdaşlıq baxımından yeni perspektivlərin mövcudluğundan bəhs edib.
Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli Azərbaycan-İtaliya münasibətlərinin inkişafından, universitetlər arasında elmi əməkdaşlığın faydalarından danışıb.
Bildirilib ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu haqda dəfələrlə həm Parlament, həm də Senat tərəfindən bəyanatlar verilib. Qırx dörd günlük müharibə bitdikdən sonra Azərbaycana, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk Avropa nümayəndə heyəti İtaliya Parlamentinin və Senatının birgə nümayəndə heyəti olub.
Çıxış edən digər qonaqlar ADU ilə Peruca Universiteti arasında əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Elmi əlaqələrin uğurla inkişafı iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir.
Daha sonra Azərbaycan Dillər Universiteti ilə Peruca Əcnəbilər Universitetinin (Università per Stranieri di Perugia) birgə əməkdaşlıq çərçivəsində İtalyan dili Mərkəzinin nəznində CELI (Certificato di Conoscenza della Lingua Italiana) imtahan mərkəzinin açılışı olub.
Açılışda tələbələrin hazırladıqları bədii hissə nümayiş olunub.
ADU tələbələrinin ifasında müxtəlif rəqs nümunələri, İtaliya və Azərbaycan mədəniyyətindən bəhs edən tamaşalar və video-çarxlar təqdim olunub.