Azərbaycanda ilk dəfə olaraq Kosmik Hava Mərkəzi
yaradılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun (EİF) icraçı direktoru, Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor
müavini Elçin Babayev Trend-ə bildirib ki, rəsədxananın ərazisində
inşa olunan Kosmik Hava Mərkəzinin səkkizguşəli binasının tikintisi
artıq yekunlaşıb. Mərkəzin bu ilin sonuna kimi tam şəkildə işə
başlayacağı gözlənilir.
Mərkəzin binasının damı anten və digər qəbuledici cihazların
yerləşdirilməsi üçün xüsusi şəkildə düzəldilib. Binanın daxilində -
döşəmədə isə maqnitometrin qoyulması üçün xüsusi bir "yuva" da
nəzərdə tutulub. Maqnitometr Yerin maqnit sahəsinin fluktuasiya
edən komponentini ölçməyə imkan verəcək.
E.Babayev deyib ki, mərkəzə kosmik hava monitorinqi ilə bağlı ən
müasir cihazların gətirilməsi nəzərdə tutulur. Artıq bir neçə cihaz
mövcuddur. Hazırda ABŞ-ın Stenford Universitetindən gətirilmiş çox
aşağı tezlikli (VLF) elektromaqnit dalğalarını qəbul edən cihaz
uğurla işləyir.
Rəsədxananın direktor müavininin sözlərinə görə, belə cihazların
şəhər mühitindən uzaqda yerləşdirilməsinin böyük əhəmiyyəti var.
Çünki belə cihazlar, adətən, böyük şəhərlər daxilində, hətta onun
ətrafında yerləşdirilərsə, texnogen xarakterli təsirlər düzgün elmi
nəticələrin ortaya çıxmasına mane olur.
E.Babayev qeyd edib ki, bu mərkəz həm kosmik hava sahəsində elmi
məsələlərin araşdırılması, həm də elmin kütləviləşdirilməsi
istiqamətində mühüm rol oynaya bilər. Mərkəz fəaliyyətə başladıqdan
sonra Günəşdə baş verən prosesləri, alışmaları, Günəşdən olan tac
atılmalarının, geomaqnit qasırğalarının təsirlərini real şəkildə
izləmək mümkün olacaq. Bunlar isə düzgün olmayan elmi məlumatların
yayılmasının qarşısını alacaq.
Onun sözlərinə görə, son 30-40 il ərzində formalaşan kosmik hava
termini Günəşdə baş verən dəyişiklikləri, əsasən, Günəş fəallığını,
Günəş fəallığının təzahürləri olan geomaqnit fəallığını, kosmik
şüalar fəallığını, bunların planetlərarası fəzada, xüsusi halda isə
Yerüstü və Yerətrafı fəzada fəaliyyət göstərən texnoloji
sistemlərə, Yer üzərində olan bütün bioloji sistemlərə, o cümlədən
insana təsirini özündə ehtiva edən böyük bir anlayışdır. Mərkəz
tərəfindən kosmik hava proqnozlarının verilməsi Günəşdə baş verən
dəyişikliklərin adıçəkilən sistemlərə olan təsirlərini minimuma
endirə biləcək.
Kosmik texnologiyaların inkişafı ilə bu sahəyə marağın getdikcə
artdığını deyən E.Babayev bildirib ki, Günəşdə baş verən
dəyişikliklərlə bağlı Azərbaycanda kompleks şəkildə işlər yalnız
son 10-15 il ərzində aparılmağa başlanıb. Hazırda Azərbaycanda bu
sahədə demək olar ki, məktəb yaranıb.