Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj
Sarkisyanın Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqının 21-22
may tarixində Riqada keçirilən sammitində çıxış zamanı
səsləndirdiyi fikirlərini şərh edib.
Report-un xəbərinə görə, H.Hacıyev bildirib ki, tarixi, siyasi
və hüquqi saxtakarlığa yol verərək, Dağlıq Qarabağın Azərbaycan
Respublikasının tərkib hissəsi olmaması barədə əsassız iddia ilə
çıxış edilməsi əslində Azərbaycana qarşı Ermənistan tərəfindən
törədilmiş təcavüz və işğalın daha bir etirafıdır: "Tarixi
Azərbaycan torpağı olan Dağlıq Qarabağın tarixi, arxeoloji və
antropoloji baxımdan ermənilərlə heç bir əlaqəsi olmaması barəsində
fikir söyləməyə ehtiyac yoxdur. Onu əlavə etmək kifayətdir ki,
müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası Dağlıq
Qarabağ onun ayrılmaz tərkib hissəsi olaraq, BMT-yə tam hüquqlu üzv
qəbul olunub və bu sərhədlər daxilində beynəlxalq ictimaiyyət
tərəfindən tanınıb".
XİN sözçüsü vurğulayıb ki, beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyü və
suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə
dəstəklənir: "BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar
qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan
Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsbit
olunaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal
olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. 853
saylı qətnamənin 9-cu bəndində isə məxsusi olaraq, "Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinə" istinad edilir. Riqa
Sammitinin yekun bəyanatına qoşulan Ermənistan rəhbərliyi əslində
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir
daha bildirir. Riqa bəyannaməsinin 3-cü bəndində bütün tərəfdaş
dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin
dəstəklənməsinə münasibətdə öhdəlik təsbit olunub. Riqa
bəyannaməsinin 5-ci bəndinə əsasən isə Ermənistan rəhbərliyi
münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında
həllinə dair öz üzərinə öhdəlik götürür.
Qeyri-ciddi olan və gülünc doğuran bu kimi bəyanatların əvəzinə
Ermənistan rəhbərliyi beynəlxalq öhdəliklərinə uyğun olaraq,
nəhayət məsuliyyətli davranış nümayiş etdirməli, işğal olunmuş
Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və işğala son
qoymalıdır. Bunun baş vermədiyi halda, yarana biləcək hər hansı
vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə
düşür".