"Azərbaycanda YAP-dan başqa heç bir partiya seçkiyə
hazır deyil"
"Teleqraf" Media Qrupunun rəhbəri, sabiq deputat Aynur Camalqızı
"Yeni Müsavat"ın qonağı olub gündəmin aktual mövzuları ilə bağlı
suallarımızı cavablandırıb. Onunla müsahibənin 2-ci hissəsini
təqdim edirik.
(əvvəli ötən
sayımızda)
- Avropa Oyunlarından sonra Azərbaycanın əsas gündəm
mövzusu, hər halda, parlament seçkiləri olacaq. Seçkilərlə bağlı
ictimai-siyasi prosesləri necə proqnozlaşdırırsınız? Sizcə, seçki
ili sönükmü keçəcək, yoxsa ölkənin siyasi həyatında qaynama
müşahidə olunacaq?
- Siz çox düzgün vurğuladınız ki, Avropa Oyunlarından sonra
Azərbaycanda seçki ilinin qaynarlığı hiss olunmağa başlayacaq. Mən
təbii ki, prosesləri izləyirəm və görürəm ki, siyasi partiyalar
arasında Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə, heç bir
təşkilatda seçki əhval-ruhiyyəsi hiss olunmur. Siyasi partiyalar
seçkiyə yalnız seçki ilində hazırlaşmamalıdır. Seçkiyə hazırlıq bir
seçki başa çatdıqdan sonra dərhal, bütöv beş il ərzində həyata
keçirilməlidir. Azərbaycanda YAP-dan başqa heç bir partiya bunu
etmir. Partiyalar seçkiyə bir neçə ay qalmış hazırlığa başlayırlar
ki, bunun da effekti ya az olur, ya olmur.
Diqqət edirsinizsə, seçkiyə cəmi 5 ay qalıb, müxalifət
partiyalarında seçkilərlə bağlı bir cəhd hiss olunmur. Ona görə də
düşünmürəm ki, Avropa Oyunları bitdikdən sonra bu vəziyyət kəskin
dəyişəcək. Yəqin ki, ötən parlament seçkilərində olduğu kimi sakit
bir şəraitdə seçki kampaniyasının gedişini müşahidə edəcəyik.
Soruşa bilərsiniz ki, bu yaxşıdır, yoxsa pisdir.
Mən bütün hallarda düşünürəm ki, Azərbaycan müxalifətinin bu
qədər zəif olması istər Azərbaycan dövlətinin, istər Azərbaycan
hakimiyyətinin, istərsə də cəmiyyətimizin çox ziyanınadır.
Müxalifətin missiyası sadəcə hakimiyyətə gəlmək deyil. O, həm də
hakimiyyətdə olan siyasi qüvvələri daha yaxşı işləməyə sövq
etməlidir. Çox təəssüf ki, bu missiyanı Azərbaycan müxalifəti ya
yerinə yetirmək istəmir, ya bacarmır, ya da bunu etmək gücündə
deyil. Münasibətləri sadəcə qaraqışqırıq, söyüş səviyyəsinə gətirib
çıxarıblar ki, artıq Azərbaycan müxalifətinin hətta haqlı dediyi
söz də sanballı görünmür...
- Amma Prezident Administrasiyasının təşəbbüsü ilə
iqtidarla siyasi partiyaların dialoqu keçirilir. Ötən ilin
dekabrından başlayıb və artıq üç görüş olub. Hakimiyyət bir proses
başladıb və bu prosesdə müxalifətin də ən müxtəlif simaları iştirak
edir. Müsavat və AXCP isə dəvətə baxmayaraq iştirak eləmədilər.
Sanki bu iki partiyanın iştirak eləməməsi bu prosesin legitimliyinə
bir az şübhə toxumu səpir. Bu prosesin əsas aparıcı siması ölkə
prezidentinin köməkçisi, administrasiyanın şöbə müdiri Əli
Həsənovdur. Prezidentin köməkçisinin bu prosesdə əsas rol alması
isə hakimiyyətin bu məsələdə kifayət qədər ciddi olduğunu göstərir.
Bu prosesi necə qiymətləndirirsiniz və bununla hara
varılacaq?
- Mən istənilən halda ölkədə siyasi qüvvələr arasında dialoq
mühitinin olmasını çox müsbət qiymətləndirirəm. Müzakirələr
ümumiyyətlə ölkədə demokratiyanın, demokratik dəyərlərin və siyasi
mədəniyyətin oturuşmasına xidmət edir. Tərəflər bu siyasi
mədəniyyəti nümayiş etdirmək üçün özlərində güc tapmalıdırlar.
Mən o prosesdə Müsavat və AXCP-nin iştirak etməməsini çox mənfi
qarşılayıram. Düşünürəm ki, istənilən fürsətdən istifadə edib
siyasi qüvvələr bir araya gəlməlidirlər və sözlərini məhz masa
ətrafında deməlidirlər. Yəqin ki, onlara xaricdəki havadarları
icazə vermir ki, dialoqda iştirak etsinlər. Mən başqa söz tapa
bilmirəm. Həmişə ölkədə siyasi dialoqun vacibliyinin davasını edib
sonra da dialoqdan imtina etmək məntiqsizdir...
"Bu gün xüsusilə də online mediada qeyri-peşəkarlıq hökm sürür.
Az qala hər yerindən duran bir sayt açır"
- Müsavatı və AXCP-ni hakimiyyətin rəsmi təbliğatı
həmişə Qərbə bağlı, Qərbdən sifariş alan qüvvələr kimi təqdim edir.
Maraqlıdır ki, siz indi onları Rusiyanın sifarişi ilə hərəkət
etməkdə ittiham edirsiniz. Rusiya ilə bağlı olan kimdir,
konkretləşdirə bilərsinizmiz?
- Mən ilk növbədə AXCP-nin də təmsil olunduğu Milli Şuranı
nəzərdə tuturam. Şübhəsiz ki, Qərbdən, Avropadan da dəstək alıb
Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparan siyasi qüvvələr
mövcuddur. Bu cür mübarizə aparanlar daha çox AXCP-də
təmərküzləşib.
- Siz 2005-2010-cu illərdə Milli Məclisin üzvü
olmusunuz. Builki seçkidə deputatlığa namizədliyinizi irəli
sürəcəksinizmi?
- Mən beş il parlamentdə təmsil olunduğum müddəti həyatımın ən
gözəl illəri kimi xatırlayıram. Düşünürəm ki, insanlarla işləmək,
40 min insanın təmsilçisi olmaq, onların sözünü parlament kimi bir
ali tribunadan deyə bilmək, onları təmsil eləmək çox gözəldir,
şərəfdir. Hazırda mən bir media qrupunun rəhbəriyəm. Bu media
qrupunun fəaliyyəti üçün var gücümlə çalışıram, çox ciddi
hədəflərimiz var. Parlament seçkilərində iştirak edib-etməyəcəyimə
isə Avropa Oyunları başa çatandan sonra qərar verməyi düşünürəm.
Çünki ölkədə gedən proseslərə, öz imkanlarıma baxacağam. Qələbə
qazanacağıma əmin olsam, parlament seçkilərində iştirak
edəcəyəm.
- Nəzərinizdə tutduğunuz dairə varmı?
- Qeyri-təvazökarlıq kimi səslənsə də düşünürəm ki, mənim imzam
kifayət qədər tanınır və ona görə də Azərbaycanın istənilən
bölgəsindən seçkiyə qatılsam, uğur qazana bilərəm. Bakının
rayonları da ola bilər, hər hansı bölgə də.
- Sanki əvvəllər deputatı olduğunuz dairəni istisna
edirmiş kimi danışdınız...
- Xeyr. Mən heç nəyi istisna etmirəm. Onu demək istəyirəm ki,
hələ dairə barədə düşünmürəm. Çünki seçkidə iştirak edib-etməmək
barədə qərar verməmişəm.
- Namizədliyinizi versəniz və seçilsəniz hazırkı işiniz
necə olacaq?
- Təbii ki, hazırkı işimiz də davam edəcək. Kifayət qədər güclü
redaktor korpusumuz var ki, mən heç ölkədə olmayanda belə, onlar öz
işlərini kifayət qədər uğurlu şəkildə görürlər. Mən təbii ki,
rəhbərlikdə qalacağam.
- Mətbuatdan söz düşmüşkən, ümumi tendensiyanı necə
hesab edirsiniz? Milli mətbuatın 140 ili gələn ay tamam olur və
bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam verib, toplantı
olub, dövlət bu təqvimə ciddi diqqət göstərir.
- Dövlətin, cənab prezidentin milli mətbuatımızın 140 illiyinə
diqqət göstərməsini, bu yubileyin xüsusi olaraq qeyd edilməsi
istiqamətində atılan addımları, verilən sərəncamı çox yüksək
qiymətləndirirəm. Biz də daxil olmaqla, bütün mətbuat işçiləri bunu
sevinclə qarşılayırlar. Azərbaycan mediasına dəstəyə və mediada bir
sıra islahatlara ehtiyac var. Ümumiyyətlə, Azərbaycan mediasında
hazırkı durumu o qədər də uğurlu saymıram. Azərbaycan mediasında
sağlam rəqabət çox təəssüf ki, yoxdur. Media sektorunda daha çox
qeyri-peşəkarlar cəmlənib.
Qeyri-peşəkarların isə fəaliyyəti peşəkarların gördüyü işə çox
zaman kölgə salır. Düşünürəm ki, ümumiyyətlə bu sahədə bir xeyli
işlər görülməlidir. İstər administrativ formada, istər qanunlara
müəyyən əlavələr, düzəlişlər eləməklə müəyyən addımlar atılmalıdır
ki, Azərbaycan mediasında bir təmizlənmə baş versin. Bu gün online
mediada qeyri-peşəkarlıq xüsusilə hökm sürür. Az qala hər yerindən
duran bir sayt açır. Qeydiyyatdan keçirmək və sayt yaratmaq asan
olduğu üçün bu sahədə əməlli başlı bir xaosa bənzər situasiya
mövcuddur. Nəticədə bizim kimi böyük kollektivlərin əməyi istismar
olunur, həmin qeyri-peşəkarlar özlərini media patronu kimi təqdim
eləməyə çalışırlar. Çox zaman da reket fəaliyyəti ilə məşğul
olurlar, məmurları, iş adamlarını şantaj edib pul qoparmaq
vasitəsilə həmin saytları saxlayırlar.
İnternet mediasında çox acınacaqlı bir durumdur. Bu sahədə bir
təmizlənmənin olması üçün "KİV haqqında" Qanuna müəyyən müddəalar
daxil edilməlidir. Azərbaycanda sayt adı ola biləcək söz qalmayıb,
hamısını domen kimi qeydiyyatdan keçiriblər. Bir şəxsin əlində
30-40 domenin olduğu hallar var. Özü də bu domenlər istifadəsiz
saxlanır. Mən özüm yeni saytlar yaradarkən bunun əziyyətini
çəkirdim, domen adı tapa bilmirdik. Hətta bəzən biz onu satın
almağa məcbur olduq və fantastik qiymətlər oxuyurdular adama.
Birinci növbədə bu problemin həlli üçün qanunlara xüsusi əlavələr
olmalıdır. Azərbaycanda telekanallarla bağlı qanunda belə bir tələb
var ki, telekanal təsis edən şəxslər həmin telekanalın fəaliyyəti
üçün lazım olan bir illik maliyyənin olduğu bank hesabını
göstərməlidirlər. Saytlar haqqında belə bir tələb yoxdur. Bir
kompüteri olan sayt yarada bilir. Nəticədə isə yuxarıda qeyd
etdiyimi vəziyyət ortaya çıxır.
- Mətbuat Şurası neçə ildir reket jurnalistikaya qarşı
mübarizə aparır, reket qəzetlərin adı qara siyahıya daxil edilir,
onlara qarşı müəyyən cəza tədbirləri görülür. İndi belə görünür ki,
həmin qəzetləri yaradanlar, işlədənlər qəzet formatından elektron
varianta, sayta keçiblər. Özlərini indi də bu sahədə rahat hiss
edirlər. Sizcə, Mətbuat Şurası onlarla mübarizə istiqamətində
hansısa təsirli üsullara əl atmalıdırmı?
- Mən yuxarıda bir sıra təkliflər, fikirlər səsləndirdim. Sayt
yaradılarkən ofisi, rəsmi ünvanı, kollektivi olmalıdır. Ən azından
bu tələblərə əməl olunub-olunmadığı araşdırıla və qanuni tədbirlər
görülə bilər. Mətbuat Şurası və normal medianın nümayəndələri
birlikdə təsadüfi adamlara, mediaya reketçilik vasitəsi kimi
baxanlara qarşı mübarizə aparmalıdır və aparır. Sadəcə, bu işi daha
da gücləndirmək lazımdır. Bütövlükdə isə mən Mətbuat Şurasının
fəaliyyətindən razıyam. Əflatun Amaşov Mətbuat Şurasının sədri kimi
medianın problemlərinin öz həllini tapması üçün əlindən gələni
edir.
- Medianın kağız variantı getdikcə zəifləyir,
populyarlığını itirir. Bununla bağlı məsələ redaktorların ölkə
prezidenti ilə görüşündə də müzakirə oldu. İlham Əliyevin də bəzi
fikirləri və göstərişləri oldu. Amma vəziyyət ciddi şəkildə
yaxşılığa doğru dəyişmədi Qəzetlərin satışının rentabelliyini
artırmaq üçün hansı işlər görülməlidir?
- Mən klassik mətbuatın yetirdiyi bir media təmsilçisi olduğum
üçün print mediaya üstünlük verirəm. Amma bu da bir qaçılmaz
gerçəklikdir ki, online media print medianı üstələyir. Bu problem
var. Ona görə də düşünürəm ki, print medianın ayaq üstə qalmasının
bir formasını tapmaq lazımdır. Print mediada elə materiallar dərc
olunmalıdır ki, operativ xəbərçilik xarakteri daşımasın.
Köhnəlməyən materiallar dərc olunmalıdır. Yollardan biri budur.
Digər yolları da müzakirələrlə tapmaq olar. Qəzetə marağın
azalmasını mən həm də təhsilin problemi kimi düşünürəm. Cəmiyyət
savadsızlaşdıqca, onun oxumağa ehtiyacı azalır. Rusiyada
"Komsolskaya Pravda" qəzeti milyonlarla tirajla çıxır və dərhal
satılır. Türkiyədə çoxlu sayda qəzetlər var ki, heyrətamiz
səviyyədə yüksək tirajla çıxır və satılır. Azərbaycanda insanlar
köşkdən siqaret alır sağlamlığını zəhərləyir, ancaq qəzet alıb
maariflənmir. Bu, savadsızlaşmanın təzahürləridir. Qəzetlərin
kəndlərdə satışı üçün layihələr həyata keçirilə bilər ki,
insanlarda oxumağa maraq artsın. Qəzetlərin maddi durumunun
yaxşılaşmasının dünya təcrübəsində ən optimal variantı qəzetlərə
reklam verilməsidir. Təəssüf ki, Azərbaycanda print mediaya heç bir
şirkət reklam vermək istəmir...
- Əlamətdar günlərdə, bayramlarda iqtidar qəzetlərində
çoxlu sayda reklamlar gedir. Müstəqil qəzetlərə isə reklam
verilmir. Bu, açıq-aşkar reklam ayrı-seçkiliyi
deyilmi?
- Bəli. Çox təəssüf ki, bu da var. Bir çox şirkətlər yalnız
özlərinin şəxsi əlaqələri olan media orqanlarına o reklamları
verirlər. Fikrimcə, dövlət, müvafiq qurumlar bu problemin həlli
üçün addımlar atmalıdır.