"Azərbaycana qarşı hücum planı ortadadır"
"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı "Yeni
Müsavat"ın qonağı olub, gündəmin aktual mövzuları ilə bağlı
sualları cavablandırıb.
Axar.az Musavat.com-a istinadla sözügedən müsahibəni
təqdim edir:
- Aynur xanım, Avropa Oyunları Azərbaycanın təkcə idman
gündəmini yox, həm də siyasi gündəmini zəbt edib. Azərbaycanda
Avropa Oyunlarının keçirilməsi ümumiyyətlə, Azərbaycana beynəlxalq
aləmdə bir neçə istiqamət üzrə münasibətin formalaşmasına gətirib
çıxarıb. Avropanın ən müxtəlif ölkələri, institutları, mediası
Azərbaycanı, Azərbaycan iqtidarını hədəfə alıb. Siz uzun illərin
mətbu təcrübəsi olan insansınız. Sizcə, nə baş verir? Azərbaycanı
tənqidlər sırf insan haqlarına və demokratiyaya görədirmi, yoxsa
ortada başqa maraqlar var?
- Öncə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmi
haqqında danışmaq istərdim. Düşünürəm ki, gözümüzün önündə kifayət
qədər önəmli, əhəmiyyətli tarixi hadisə baş verir. Çağdaş
tariximizin çox gözəl günlərini yaşayırıq. Üç il müddətində - ilk
Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Romada Avropa
Olimpiya Komitəsinin qərarının qəbulundan sonra - Azərbaycanda çox
böyük işlər görülüb. Böyük idman infrastrukturu yaradılıb. Bu
nəhəng infrastrukturu bəlkə də adi vaxtda yaratmaq üçün Azərbaycana
ən azı 10 il lazım ola bilərdi. Amma biz üç il müddətində bu qədər
böyük işlər görə bildik. Təbii ki, bu, çox sevindiricidir.
Bundan sonra da kifayət qədər böyük beynəlxalq tədbirlərin
Azərbaycanda keçirilməsi üçün imkan qazandıq. Bu görülən işlər,
tikilən binalar, yollar Azərbaycan xalqına qalacaq. İlk Avropa
Oyunları 17 günlük bir tədbirdir. Bu tədbir bitəndən sonra qeyd
etdiyimiz imkanlardan Azərbaycan xalqı illər boyu yararlanacaq. Bu
idman yarışının Bakıda keçirilməsi ilə Azərbaycanı dünyaya təqdim
eləmək üçün əlimizə böyük fürsət düşüb. Dünyada təbliğata bilirsiz
ki, çox böyük pullar ayrılır. İlk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi üçün sərf olunan məbləğdən qat-qat artıq kapital
xərclənir ki, hər hansı bir ölkə özünü dünyaya təqdim eləsin.
Azərbaycan üçün isə özünün inkişafını, mədəniyyətini, mənəviyyatını
Avropa Oyunları vasitəsilə dünyaya təqdim eləmək imkanı
qazanılıb.
Bu, həm də Avropaya inteqrasiya prosesidir. Bunun kifayət qədər
iqtisadi dividentləri də var. Ölkəyə çoxlu sayda turistlər gələcək,
onların xərclədiyi pullar Azərbaycan büdcəsinə xeyir verəcək.
Dünyada 250 milyondan artıq ailə TV ilə bu oyunları izləyəcək.
Azərbaycanın adı hər evdə çəkiləcək. Və indən sonra Avropa oyunları
hansı ölkədə keçirilirsə-keçirilsin, istəsələr də, istəməsələr də
hər dəfə Azərbaycanın adı şəkiləcək. Çünki Azərbaycan bu beynəlxalq
yarışmaya ev sahibliyi etməklə bir ilkə imza atıb. Məsələnin bir
vacib tərəfi isə mədəni diplomatiyadır. Mədəni diplomatiya adətən
məhz bu cür tədbirlər vasitəsilə həyata keçirilir. Məsələn, böyük
dövlətlər var ki, bəzən öz sözlərini siyasi dildə yox idman
tədbirləri, mədəni diplomatiya dili ilə dünyaya çatdıra
bilirlər.
Bu baxımdan hesab edirəm ki, Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi Azərbaycanın da mədəni diplomatiya ilə öz sözünü
deməsidir. Ona görə də Azərbaycan prezidentinin Avropa Oyunlarına
çox ciddi diqqət və qayğı göstərməsini yüksək qiymətləndirmək
lazımdır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi prosesində
böyük işlər görən Təşkilat Komitəsinin, onun rəhbəri Mehriban xanım
Əliyevanın işini, fədakarlığını çox yüksək qiymətləndirirəm.
Mehriban xanım bu vaxta qədər 300-ə yaxın beynəlxalq tədbirin
keçirilməsinə rəhbərlik edib.
"Əfv fərmanından sonra Qərb dairələrinin qarayaxma
kampaniyası dayanacaqmı? Mən buna inanmıram"
Azərbaycanda yaxın tariximizdə "Eurovision" mahnı yarışması da
çox yüksək səviyyədə həyata keçirildi. İnanıram ki, ilk Avropa
Oyunları da çox yüksək səviyyədə, uğurla keçiriləcək.
Avropanın bir sıra dairələrinin Azərbaycanı, onun iqtidarını
hədəfə almasına gəlincə, mən bunu Azərbaycana olan qısqanc
münasibətlə əlaqələndirirəm. İnsan haqları ilə bağlı Ermənistanda
vəziyyət həddən artıq pisdir, ölkəni kriminal hakimiyyət idarə
edir, ölkə iqtisadiyyatı sıfırın altındadır, insanlar ölkəni tərk
edir. Amma bu gün Azərbaycana hücum mövqeyində olan beynəlxalq
təşkilatların heç biri Ermənistanı qaralamayıb. Ermənistan tənqid
olunmur. Bütün gözlər, nəzərlər Azərbaycana dikilib. Azərbaycana
qarşı münasibətdə Avropanın, Qərbin ikili standartları həmişə olub.
İndi isə daha qabarıq şəkildə önə çıxıb. Son günlər bu daha da
artır. Çünki biz xristian dövləti deyilik.
Azərbaycanın öz dəyərlərini belə gözıl şəkildə təqdim edə bilmək
imkanı onları qıcıqlandırır. Mən Milli Məclisin üzvü olarkən
Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropa Şurasının
iclaslarında iştirak etmişəm. Orada Avropalı parlamentarilərin
Ermənistanla müqayisədə Azərbaycana həmişə belə ikili
standartlardan yanaşmasının şahidi olmuşam. Təsəvvür edin, Serj
Sərkisyan Avropa Şurasının toplantısında açıq şəkildə bəyan etmişdi
ki, Xocalı qırğınını törədənlərdən biri şəxsən özü olub. Amma çox
təəssüflər olsun ki, bir nəfər də olsun avropalı deputat onun bu
çıxışına kəskin etirazını bildirmədi. Bir neçə beynəlxalq
təşkilatlar var ki, onlar Azərbaycana qarşı sıx birləşiblər.
Azərbaycana qarşı hücum planın olduğu ortadadır. İstək sadəcə,
Azərbaycanı qaralamaq, gözdən salmaqdır. Bunu birinci növbədə
onunla bağlayıram ki, Azərbaycan müsəlman ölkəsidir və Avropanın,
Qərbin bütün müsəlman dünyasına mənfi münasibəti ortadadır. Ərəb
ölkələrində gedən prosesləri bilirsiz. Siz Ukrayna ilə bağlı
Rusiyaya olan münasibətə baxın və Qarabağın işğal olunmasına görə
Ermənistana olan münasibətə baxın. Azərbaycana ayrıseçkiliyin
olduğu açıq görünür.
- Biz də şübhə etmirik ki, Azərbaycanla bağlı Qərbin,
hətta Rusiyanın, bəzən Türkiyənin də dövlət olaraq ikili standartı
var. Amma tənqidləri, hücumları, basqıları aradan qaldırmaq,
bəhanələri əllərindən almaq üçün Avropa Oyunlarına bir-iki gün
qalmış bir əfv fərmanı imzalamaq olmazdımı? Bunun olmamasını normal
qarşılayırsınızmı?
"Arif Məmmədovla Avropa Şurasından tanışlığımız var
idi"
- Biz ikili standartlardan danışdıq. Mən bir başlıca amili də
qeyd edim. Sonra sualınıza cavab verəcəm. Azərbaycana o cür
münasibətin bir səbəbi də odur ki, Azərbaycanın prezidenti müstəqil
siyasət yürüdür. Bu da təbii ki, Qərbin xoşuna gəlmir. O baxımdan
da düşünürəm ki, tənqidlərin, hücumların intensivləşməsi həm də
Azərbaycanı müstəqil siyasətdən uzaqlaşdırmaq üçün bir təzyiq
metodudur. Bəllidir ki, Azərbaycan prezidenti zaman-zaman əfv
fərmanları imzalayır. Bu, cəmiyyətdə münasibətlərin daha sivil
məcraya keçməsinə, iqtidar-müxalifət münasibətlərinin daha normal
məcrada getməsinə xidmət edir. Amma hazırkı situasiyada qeyd
etdiyiniz addım atılacaqmı, açığı, mən dəqiq bilmirəm. Belə bir
addım atılarsa, bundan sonra Qərb dairələrinin qarayaxma
kampaniyası dayandırılacaqmı? Mən buna inanmıram...
- Hər halda o dairələrin əlindəki ciddi bir bəhanəni
aradan qaldırmaq mümkün olar.
- Mən bu yaxınlarda Riqada oldum və Avropa Birliyinin "Şərq
Tərəfdaşlığı" çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunun Riqa
Sammitində iştirak etdim. Orada keçmiş SSRİ məkanından 6 ölkənin
nümayəndələri iştirak edirdi. Ermənistana mənfi nöqteyi-nəzərdən
heç bir söz deyilmədi, Belarusa, Moldovaya heç nə deyilmədi. Bütün
hücumlar Azərbaycanın üzərindədir. Açıq-aydın görünür ki, ədalətli
münasibət yoxdur. O baxımdan da sizi əmin edirəm ki, bundan sonra
hətta 10 dənə əfv fərmanı imzalansa da, bütün həbsdəki insanlar
azadlığa buraxılsa da, bunlar Avropanı məmnun eləməyəcək.
Hücumlarını hansısa şəkildə davam etdirəcəklər. Azərbaycana
qarayaxmanın bir məqsədi də odur ki, Azərbaycanda insan haqlarının
vəziyyətinin ağır olduğunu dünyaya göstərib, ermənilərin
Azərbaycanın tərkibində yaşamasının mümkünsüzlüyü rəyini yaradıb,
Dağlıq Qarabağa müstəqillik verilməsinə dəstək əldə etsinlər.
İnanın ki, planları budur.
Dünyanın çoxmu vecinədir, Azərbaycanda kiminsə hüququ pozulur,
əslində vecinə deyil. Bir milyondan artıq azərbaycanlı Ermənistanın
işğalçılığı səbəbindən torpaqlarından didərgin düşüb. 20 ildən
artıqdır bu qədər insanın hüquqlarının pozulduğunu düşünən yoxdur,
amma Xədicə İsmayılovanın hüququnu düşünürlər. Ədalətlidirlərsə,
birinci həmin bir milyon insanın hüquqları bərpa edilsin, sonra
hansısa fərdlərlə bağlı dava aparsınlar. Əfv fərmanlarının
verilməsi ilə həmin dairələr sakitləşməyəcək, onların hücumlarının
kəsilməsinin onların istəyinə görə yeganə yolu Qarabağın ermənilərə
verilməsidir. Onların hədəfi budur.
"Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üçün sərf
olunan məbləğdən qat-qat artıq kapital xərclənir ki, hər hansı bir
ölkə özünü dünyaya təqdim eləsin"
- Ola bilərmi İlham Əliyev düşünür ki, əfv fərmanı verib
dustaqları buraxsa, beynəlxalq ictimaiyyət onun tənqidlərdən
qorxduğunu düşünəcək?
- Yox. Mən belə hesab etmirəm. İlham Əliyev kifayət qədər
humanist insandır. Və kifayət qədər də cəsarətli, mərd insandır.
Mən onun siyasi gedişlərini diqqətlə izləyən bir şəxs kimi deyirəm.
Mən düşünmürəm ki, o insanlar da məqsədli şəkildə həbs olunublar və
onlar doğrudan da siyasi məhbusdurlar. Təbii ki, aralarında bir
neçə insanın azadlığa buraxılmasını müzakirə etmək olar. Allah
hamısının qapısını açsın! Amma bütövlükdə beynəlxalq təşkilatların
nəzərdə tutduğu, hazırladığı siyahılardakı insanların mütləq
əksəriyyəti doğrudan da cinayətə görə həbs olunmuş insanlardır.
Onları siyasi məhbus adlandırmağın özü absurddur. Çox güman ki,
hakimiyyətdə də əminlik var ki, güzəştlərlə Qərbdən olan ədalətsiz
münasibətləri düzəltmək mümkün deyil.
- Bu günlərdə keçmiş səfir Arif Məmmədovun timsalında
bir diplomatik qalmaqal yaşandı. Sizcə bu təsadüfdür, yoxsa hansısa
planının tərkib hissəsidir? Belə fikirlər irəli sürülüb ki, Arif
Məmmədov hansısa xarici dövlətin agentidir və
projesidir.
- Arif Məmmədovu Avropa Şurasından tanıyıram. Mediada məlum yazı
dərc olunandan sonra mənim xəbərim oldu ki, onun facebookda profili
var və belə bir status yazıb. Mən diplomatın çox böyük
ehtiyatsızlığa yol verdiyini düşünürəm. Onun yazdığı məlum
statuslar çayxanada edilən söhbətlərə oxşayır. Mən bunu yaxşı hal
saymıram. Bir diplomat üçün kobud səhvdir. Təbii ki, Azərbaycan
demokratik ölkədir və hər kəs öz fikrini açıq şəkildə bildirə
bilər. Amma məmur, xüsusən diplomat həm də öz ölkəsinin rəsmi
təmsilçisi olduğu üçün fikirlərində diqqətli və son dərəcə korrekt
olmalıdır. Ona görə də Arif Məmmədovun hərəkətini normal saymıram
və ona qarşı yaranan narazılıq da haqlı narazılıqdır. Arif Məmmədov
həmin statusa qədər heç vaxt belə tənqidi statuslar yazmayıb,
hakimiyyət əleyhinə fikirlər səsləndirməyib. Birdən-birə nə baş
verdi ki, adam ayıldı ki, ölkədə xoş olmayan vəziyyət var. Mənim
əlimdə faktım yoxdur ki, Arif Məmmədovun hansısa ölkənin agenti
olduğu, projesi olduğunu qəti şəkildə ifadə edim. Sülhəddin Əkbər
və Mirzə Xəzər isə belə bir halın olduğunu konkret olaraq
bildiriblər. Düşünürəm ki, xüsusi xidmət orqanları Arif Məmmədovun
əlaqələrini hər halda araşdırmalıdır. Yalnız bu araşdırmalardan
sonra dəqiq fikir söyləmək olar.
- Arif Məmmədovla şəxsi tanışlığınız var
idi?
"Bu görülən işlər, tikilən binalar, yollar Azərbaycan
xalqına qalacaq"
- Bəli, var idi. Avropa Şurasından tanışlığımız var idi,
təmaslarımız olub. Çünki nümayəndə heyətinin üzvü idim. O zaman
mənə çox sadə insan təsiri bağışlamışdı. Bizi gəlib hava limanında
qarşılayırdı, hətta çamadanlarımızı özü gedib götürürdü, maşına
yükləyirdi. O vaxt tanıdığım Arif Məmmədov belə sadə insan idi. Mən
düşünürəm ki, diplomat bu cür də olmalıdır. Amma indi onun bugünkü
hərəkətini qəbul eləmirəm, qınayıram. İlk baxışda görüntü belədir
ki, sanki ona bir göstəriş verilib və o danışır, danışdırılır. Yəni
onun özünün təbii olaraq bu cür etiraz eləməsi təbii mövqe kimi
görünmür.
- Müxalifətin Milli Şura qanadı isə Arif Məmmədovun
müdafiəsinə qalxıb, aşırı şəkildə onu müdafiə edirlər. Arif
Məmmədovun müraciətlərində isə Milli Şura rəhbərliyində təmsil
olunan şəxslərin siyasi jarqonuna daxil olan ifadələr işlədilir.
İkinci Rüstəm İbrahimbəyov sindromu yaşana və bu, yeni Rusiya
projesi ola bilərmi? Bu olarsa, nəticəsi nə ola bilər?
- Açığı bu izi mən də sezirəm. Arif Məmmədov Rusiyada təhsil
alıb. Hətta deyilənə görə Rusiyada Həbəş dilini də öyrənib. Onun
Rusiyada məhz Həbəş dilini öyrənməsinə təəccübləndim. Fikirləşdim
ki, Həbəş dili onun nəyinə lazım idi. Adətən xüsusi xidmət
orqanları ilə əlaqələri olan insanlara bu cür dillər öyrədilir. O
baxımdan məndə bir az şübhələr yaratdı. Amma bütövlükdə təbii ki,
burada bir Rusiya izi, "Milyarderlər ittifaqı"nın planlarının
iflasa uğramasından sonra növbəti projeyə başlanmasını düşünmək
olar. Amma belə bir proje varsa da Azərbaycan hakimiyyəti bundan
heç nə itirməyəcək. Rüstəm İbrahimbəyov Arif Məmmədovdan daha
populyar şəxs idi və onun arxasında kifayət qədər böyük kapitala
malik olan milyarderlər dayanırdı. Amma gördünüz ki, bu, Azərbaycan
hakimiyyətini itkilərə məruz qoymadı. Əksinə, həmin proje,
projedəkilər cəmiyyətdə ifşa olundular. Olan-qalan nüfuzlarını
itirdilər və gülünc vəziyyətə düşdülər. Arif Məmmədovun da onlardan
daha ağıllı olduğunu, onlardan daha irəliyə gedəcəyini
düşünmürəm.
- Rəsmi təbliğatda Avropanı, Amerikanı, ABŞ
prezidentini, dövlət katibini çox sərt formada tənqid edirlər.
Hətta bəzən təhqir də edirlər. Bu, Azərbaycan üçün kifayət qədər
problemlər yaratmış, Azərbaycana böyük pislikləri keçmiş Rusiya ilə
bağlı təbliğatda yoxdur. Sizcə, bu, Rusiyadan çəkinməyinmi
əlamətidir, yoxsa ortada başqa məqamlar var?
- Sadəcə, mən düşünürəm ki, bu balanslı bir siyasətin
təzahürüdür. Zaman-zaman Avropaya da, Amerikaya da münasibətdə o
balanslı siyasət yürüdülür. Sadəcə, indi bir az vəziyyət dəyişib.
Əgər Azərbaycanın üzərinə kütləvi hücumlar başladılıbsa, Azərbaycan
da cavab verməlidir, susa bilməz. Amma konkret olaraq Rusiyaya
münasibətə gəlincə, Azərbaycan hakimiyyəti Rusiyanın ətrafındakı
dövlətlərdə gedən prosesləri diqqətli izləyir.
"Bir neçə beynəlxalq təşkilatlar var ki, onlar
Azərbaycana qarşı sıx birləşiblər"
Gürcüstandakı məlum hadisələr, Ukraynanın üzləşdiyi müharibə göz
önündədir. Faktiki olaraq ABŞ o dövlətlərin heç birinə yetərli
sahib çıxa bilmədi və ya sahib çıxmadı. Ukraynada hər gün insanlar
həlak olur, ərazilərinin bir hissəsi əldən gedib, Gürcüstan da
artıq sanki torpaqlarını itirməklə barışıb. Azərbaycan bu vəziyyətə
düşməmək üçün ölçülü-biçili davranmalıdır. Azərbaycanın Qarabağ
münaqişəsi kimi ciddi problemi var və aydındır ki, bu məsələdə
Rusiya Ermənistanı dəstəkləyir. Rusiya ilə münasibətlər pisləşərsə,
Qarabağda müharibə həmən an alovlana bilər və çox ağır nəticələr
verə bilər. Ona görə də Rusiya ilə münasibətdə Azərbaycan
hakimiyyəti kifayət qədər ağıllı, düşünülmüş siyasət yürüdür.
- Avropa Oyunlarından sonra Azərbaycanın əsas gündəm
mövzusu hər halda parlament seçkiləri olacaq. Seçkilərlə bağlı
ictimai-siyasi prosesləri necə proqnozlaşdırırsınız? Sizcə, seçki
ili sönükmü keçəcək, yoxsa ölkənin siyasi həyatında qaynama
müşahidə olunacaq?
(Ardı var)