Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali
arasında dəm qazından zəhərlənmə halları qeydə alınıb.
Müəyyən olunubki ki, bu hadisələrin əksəriyyəti vətəndaşların
təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dəm
qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən
bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə,
ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə
dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı
cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.
Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının
natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz
olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur.
Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur.
Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon
monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və
qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən
üç yüz dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından
boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf
etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində
bütün orqanizm boyu yayılır.
Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir:
gözlər yaşarır, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə
zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə
və görmə hallüsinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət,
tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.
Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra
qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə
qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların
quraşdırılması və istifadəsi təhlükəlidir.
Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə
nəzarət edilməlidir.
Qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün,
mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya
sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq
olmaz.
Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük
ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun
çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq
hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün
dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən
nəfəsliklər açıq olmalıdır.
Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı
fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün
pəncərələr açılmalıdır. Mənzil mütəmadi havalandırıldıqda dəm
qazından zəhərlənmə riski azalır.
Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki
pasportunun olub-olmamasına diqqət yetirmək lazımdır. Mənzildə soba
və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin
mütəxəssisləri ilə məsləhətləşmək vacibdir. Bu sahədə naşı olan
insanların xidmətindən istifadə etmək olmaz.
Tüstü borusu olmayan sobaları almaq məsləhət görülmür. Boru
olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm
qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda
özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək
ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal
təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq
lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir.
Alın və sinəyə soyuq kompres qoymaq lazımdır. Əgər zərərçəkmişin
huşu özündədirsə, o zaman ona isti çay vermək lazımdır.
Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkən bu
simptomları vaxtında duyub məkanı tərk etdikdə, o zaman sadəcə
təmiz hava ilə tənəffüs yetərlidir. Zərərçəkmiş huşunu itiribsə,
ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək
lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkə ilə də əvəz etmək
olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni
nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir.
Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası
çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss
etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.
Hər hansı bir fövqəladə hadisə baş verdikdə "112" qaynar xəttinə
müraciət edin!