Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ixtisas seçimi
edən abituriyentlərə müraciət edib.
TQDK-dan Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak
etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi
etmək və təsdiqləmək vəzifəsi durur.
"Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər ilk
olaraq "Abituriyent" jurnalının 4-cü sayını əldə etməli və jurnalda
təqdim olunan məlumat və tövsiyələrlə diqqətlə tanış olmalıdırlar.
Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə I, II, III və IV
ixtisas qruplarının abituriyentləri üçün "İxtisas seçimi zamanı
nələrə diqqət yetirməli?" adlı vəsaitlər, abituriyentlər ötən ilin
tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış
keçid balları ilə tanış olmalıdırlar.
Lakin abituriyentlər düşünməməlidirlər ki, ayrı-ayrı ixtisaslar
üzrə əvvəlki ilin keçid balları bu il də eynilə təkrarlanacaq. Bu,
birtərəfli yanaşmadır, ona görə ki, keçid balı müsabiqə
vəziyyətindən, ayrılmış plan yerlərinin sayından, abituriyentin
topladığı baldan daha çox bal toplamış abituriyentlərin sayından
asılı olaraq ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə
bilər".
TQDK-dan bildirilib ki, bütün bu tövsiyələrlə tanış olduqdan
sonra abituriyentlər "Abituriyent" jurnalının 4-cü sayında təqdim
edilən ixtisaslarla tanış olmalı, imtahan verdiyi ixtisas qrupuna
daxil olan ixtisaslar içərisindən öz istəyinə uyğun ixtisasları
seçməli, elektron ixtisas seçimi ərizəsinə daxil etməli və
ərizələrini təsdiq etməlidirlər. İxtisas kodlarını, onların sayını
və ərizəyə daxil edilmə ardıcıllığını abituriyentlər öz istəklərinə
uyğun sərbəst şəkildə müəyyənləşdirirlər.Tövsiyə edirik ki,
ixtisasları düzərkən onları istəyinizə uyğun ardıcıllqla qeyd
edəsiniz. Çünki müsabiqə zamanı 1-ci yazılan ixtisasdan başlayaraq
sıralanma gedir və abituriyent balı çatan ilk ixtisasa
yerləşdirilir.