Ana səhifə Toplum |
"Sahil-S İnşaat" MTK ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. MTK-nın Yeni Günəşli qəsəbəsində tikdiyi hündürmərtəbəli binadan ev alan vətəndaşların sözlərinə görə, MTK rəhbərliyi onlardan satılan mənzillərin yeni qiyməti ilə razılaşmağı tələb edir. Əks təqdirdə mənzillərinin geri alınacağı ilə hədələyir. Kreditlə mənzil götürənlərdən isə qalıq məbləği birfədəlik ödəmələri istənilir. Razılaşmayanları məhkəməyə verirlər. Məhkəmələr də həvəslə bu şirkətin xeyrinə qərar çıxarır. Konkret olaraq iki hərbçinin mənzili əlindən alınıb. Hələ pulunu da qaytarmayıblar.
Şikayətlərlə bağlı Axar.az-a açıqlama verən "Sahil-S İnşaat" MTK-nın rəhbəri Taleh Allahverdiyev bildirib ki, satılan mənzillərin yeni qiymətlə təklif olunması ilə bağlı məlumat yanlışdır:
“Əgər müqavilə bağlayıb, mənzili satmışıqsa, burada hansı yeni qiymətdən söz gedə bilər? Əvvəla, biz heç kimə kredit vermirik, buna ixtiyarımız yoxdur. Evi borca vermişik. Müraciət edirik, pulu ödəmirlər. 3 ildir gözləyirəm. 300-500 manat ödəyirlər. Bununla tikinti apara, hesabat verə bilmirik. Buna görə məcbur qalıb qanunla müqaviləni ləğv etdirirəm. Məhkəmə qeyri-qanuni saysaydı, hərbçilərin evini almazdı. Onlar bizə kağız vermişdilər ki, evin pulunu ödəyə bilməsək, digər tikdiyiniz binadan əvəzinə ev götürərik. Dedim ki, ya verdiyiniz kağıza əməl edin, ya da pulu ödəyin qurtarsın”.
MTK rəhbərinin sözlərinə münasibət bildirən hərbçimiz Vüsal Əsədov bildirib ki, razılaşma kağızının olması doğrudur, lakin şərtlər fərqli olub:
“Aldığımız evin pulunu ödəməyəcəyimiz təqdirdə inşa olunan yeni binadan əvəzinə ev götürəcəkdik. Lakin heç bir bina tikmədilər. İndi deyirlər ki, müqaviləni dəyişək. Sözügedən binanın 6-cı mərtəbəsində 93 kvadratlıq 63 nömrəli mənzili 20.000 AZN ilkin ödənişlə aldım. 5000 manat da ayrıca vermişəm. Mənim evimi də əlimdən alırlar. Ayda 350 manat ödəyirdim. Sonra məktub göndərdilər ki, bu azdır. Ayda 500 manat ödədim. Müqaviləmdə yazılıb ki, ilə 10000 manat pul ödəməliyəm, ödədim. Bütün arayışlar da əlimizdədir. Ümumilikdə, 35000 manat ödəmişəm”.
V.Əsədov qeyd edib ki, MTK ondan 30000 manatı birdəfəlik ödəməyini istəyir:
“Məni məhkəməyə verdilər. Suraxanı rayon məhkəməsi "Sahil-S İnşaat" MTK-ya bildirdi ki, pulumuzu qaytarsın. Evi əlimdən almalarına razıyam, amma pulumu geri qaytarsınlar. Vəd verdilər ki, kirayə pulunu da ödəyəcəyik, evin pulunu da qaytaracağıq. Heç birini etmədilər. Hərbçiyəm, 30 min manatı hardan tapıb onlara verim?”
Binadan ev alan digər vətəndaşların sözlərinə görə, "Sahil-S İnşaat" MTK rəhbərliyi əsl dələduzluqla məğuldur. Bütün razılaşmaları şifahi danışıq yolu ilə bağlayır, müqavilələri isə öz xeyirlərinə yazırlar. Heç bir xəbərdarlıq etmədən vətəndaşları məhkəməyə verirlər.
Qeyd edək ki, vətəndaşlar bir neçə ay öncə "Sahil-S İnşaat" MTK rəhərliyinin vergidən yayınmasına görə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət etmişdilər.
Tarix
2021.11.20 / 09:09
|
Müəllif
Aytəkin Qardaşova
|