Mən Məhəmməd peyğəmbər haqda filmin çəkilməsinin
əleyhinəyəm. Çünki rejissorlar tarixi hadisələrin təqdimatında
səhvə yol verirlər, təhrif edirlər, uydurmalar
göstərirlər.
Bu sözləri Axar.az-a "Əbu-Bəkr" məscidinin imamı, sələfi lideri
hacı Qamət Süleymanov deyib.
Hacı Qamət sünni alimlər tərəfindən etirazla qarşılanan iranlı
rejissor Məcid Məcidinin çəkdiyi "Allahın rəsulu Məhəmməd" filmi
barədə danışıb.
Onun fikrincə, peyğəmbər haqda çəkilən filmlərdə yer alan
məlumatlar səhih olmur:
"Filmi çəkənlər ilk növbədə peyğəmbəri düzgün şəkildə tamaşaçıya
çatdırmalıdırlar. Hər rejissor öz bildiyi şəkildə film çəkəndə o
dövrün hadisələri səhv təqdim edilir.
Odur ki, sünni alimlər peyğəmbər və səhabələri haqda film
çəkilməsini bəyənməyib. Bir də görürsən ki, avaranın biri
peyğəmbəri vəsf edir, bütün tarixi də uydurmalarla göstərir".
Sələfi lideri peyğəmbər haqda daha əvvəl çəkilmiş və tez-tez
nümayiş olunan "Çağırış" filmində də təhriflər
olduğunu hesab edir:
"Məsələn, filmdə peyğəmbərin Mədinədə mahnı ilə qarşılanması
nümayiş etdirilir. Bu, tamamilə uydurmadır.
Və yaxud peyğəmbərin olduğu Hira dağında hörümçəyin olması,
quşun gəlib yumurtlaması uydurmalardır. Üstəlik, elmi olmayanlara
bu şəkildə məlumatların çatdırılması düzgün deyil".
Hacı Qamət Milli Təhlükəsizlik Nazirliyinin son əməliyyatda həbs
etdiyi İŞİD üzvlərinin adı radikallıqda hallanan Əlixan Musayevdən
təlimat alması barədə iddialara da münasibət bildirib.
O, Ə.Musayevin onları Suriyaya göndərməkdə rolunun olmasından
məlumatsızdır: "Ancaq bəzi adamlar var ki, onlar barəsində
məlumatlar yayılanda susurlar. Bu vəziyyətdə də radikal adamlar
onların adından istifadə edir. Ola bilsin ki, Əlixan Musayev də
haqqında məlumatlar yayılanda ya gec münasibət bildirir, ya
ümumiyyətlə danışmır deyə, bu cür xəbərlərin sayı artır.
İnsanın mövqeyi olmalıdır ki, ictimaiyyət də bundan xəbər
tutsun. Açıq şəkildə mövqe olmayanda müxtəlif adamlar adını
hallandırır. Ancaq mən bu barədə dəqiq heç nə deyə bilmərəm".