Artıq 2 gündən sonra dərslər başlayır. Məktəblilərlə bərabər
valideynlər də yeni tədris ilinin həyəcanını yaşayırlar və əsas yük
də övladını elm dalınca göndərən valideynin üzərinə düşür. Bəs bir
şagirdin məktəbə tam hazır vəziyyətdə addımlarını atması üçün orta
hesabla nə qədər vəsait tələb olunur? Bununla bağlı şəhərin
mərkəzində məktəb ləvəzumatları satılan dükanlara baş çəkdik.
Məktəbli çantaları neçəyə başa gəlir? Əvvəlki illərdən fərqli
olaraq, indi məktəblilər üçün nəzərdə tutulan çantalar
rəngarəngliyi və öz çeşidləri ilə seçilir. Məktəbli çantaları
ölkəyə Çin və Türkiyədən gətirilir. Gözümüzə üstündə daha çox Çin
cizgi film qəhrəmanlarının rəsmləri həkk olunan çantalar sataşır.
Məktəbli aksessuarının ayrılmaz hissəsi olan çantaların ən ucuzu
təxminən 15 manatdır. Ən bahalı və keyfiyyətlisi isə 70 manat.
Dükana baş çəkən valideynlərlə söhbətdə daha çox 40-50 manat arası
qiyməti olan təkərli çantaların alışına üstünlük verildiyinin
şahidi olduq. Dərsliklərin ümumi qiyməti Baş çəkdiyimiz satış
məntəqələrində valideynlər ən çox dərsliklərin alışında fəallıq
göstərirdilər. 1-4-cü sinif şagirdləri üçün nəzərdə tutulan
dərsliklərin qiyməti orta hesabla 50-60 manat arasındadır. Müxtəlif
fənlərin tədrisində nəzərdə tutulan iş dəftərlərinin qiyməti
təqribən 25 manat, fənlər üçün nəzərdə tutulan kitabların ümumi
qiyməti isə hardasa 25-30 manat arasındadır. Dərs kitabları və iş
dəftərlərinin qiyməti 1-10 manat arasında dəyişir. Məsələn,
Azərbaycan dili üçün iş dəftəri 1 manat, Rus bölməsi üçün 2 cildlik
"Ruskiy Yazik" 10 manatdır. Aksessuarlar Bura qələm, karandaş,
pozan, xətkeş və s daxildir. Orta qiymətlərlə götürsək, məktəblinin
bu tələbatını ödəmək üçün valideyn pul kisəsindən 25 manat
xərcləməlidir. Vahid məktəbli forması Bu məqsədlə Bakı Tikiş Eivinə
yollandıq (BTE). Tikiş evinin ətrafı qələbəlik idi. Valideynlər
isti havada çöldə durub içəri daxil olmaq üçün növbə gözləyirdilər.
Bu il 1-6-cı sinif üçün məktəbli forması 40 manat, 7-11-ci siniflər
üçün 52 manatdır. Keçən il ölçülərə görə məktəbli paltarı 1-6-cı
siniflər üçün 40-45 manat, 7-11-ci siniflər üçün 53-55 manat olub.
Onu da qeyd edək ki, məktəbli formasına köynək, şalvar (ətək),
jilet, pencək daxildir. Ümumi mənzərə Orta qiymətlə götürsək,
dərsliklərin qiymət 60 manat, çanta 40 manat, digər aksesuarlar 25
manat, məktəbli forması isə 40 manat edir. Bura alınacaq yeni
ayaqqabını da daxil etsək, qiymət 185 manata qalxır. Yəni orta
statistik azərbaycanlı övladını məktəbə yola salması üçün 185
manatından keçməyə məcburdur. Bir ailədə bir yox, bir neçə uşağın
təhsil aldığını düşünsək, yeni tədris ilində valideynlərin üzərinə
necə ağır yük düşdüyünü təxmin etmiş olarıq.