Axar.az ekstrasens Elşən Məmmədovla magiya haqda söhbəti
təqdim edir:
– Əvvəlcə magiyanın nə olduğu, necə və niyə istifadə
olunduğu haqda danışaq.
– Bineyi-qədimdən indiyədək insanlar möcüzə axtarmağa meyilli
olub. Göy guruldamağı, yağışın yağmağı, günəşin çıxmağı – hər şeydə
bir möcüzə axtarıblar. İbtidai icma quruluşundan kapitalizm dövrünə
qədər insanlar möcüzə axtara-axtara gəlib. İnsanların bir qismi
magiyanın varlığını boş bir şey kimi qiymətləndirir. Bunu adətən
dindarlar edir, onlar magiyanın mövcudluğuna inanmırlar. İslamdan
500 il əvvəl, xristianlıqda, hətta fironların dövründə belə magiya
mövcud olub. Əbu Bəkr belə peyğəmbərə deyib ki, yəhudilər bizə
gecə-gündüz cadu edir. Peyğəmbərin cavabı o olub ki, mənim müdafiəm
namazımdır, bir də səmavi kitab olan Quranım. Bu, ona işarədir ki,
bu kimi fitnə-fəsadlar var və şeytan tərəfdarları tərəfindən həyata
keçirilir. Magiyadan istifadə edənlər ən çox şeytan
tərəfdarlarıdır. Hər hansı bir məqsədə asan yolla çatmaq, ailə
dağıtmaq, kiminsə ruzisini əlindən almaq və sair bu kimi formalarda
özünü göstərən magiyadan zəif xarakterli insanlar istifadə
edir.
– Magiyadan yalnız mənfi əməllər üçün istifadə olunur?
Yoxsa magiyanın "yaxşı" növü də mövcuddur?
– Sağ-solun, böyük-kiçiyin, yaxşı-pisin olduğu kimi ağ və qara
magiya mövcuddur. Magiyanı heç də hər zaman pis mənada başa düşmək
lazım deyil. Amma ən yaxşısı Allahın qoyduğu qanunla gedib,
magiyanın heç bir növündən istifadə etməməkdir. Təbii ki,
yaşadığımız dövrdə magiyadan istifadə edən insanların sayı olduqca
çoxdur.
– Yəqin ki, sizə də bu istiqamətdə müraciətlər olur. Bu
məsələ ilə bağlı yanınıza çox adam gəlir?
– Heç bir kənar informasiyasız təkcə özümə müraciət edən
yüzlərlə insan var. Kiməsə pislik etmək niyyəti ilə qara magiyadan
istifadə etmək istəyirlər. Mənə müraciət edənlərin 90 faizi
qadınlardır.
– Hansı problemlərinə görə magiyadan istifadə etmək
istəyirlər?
– Onların bir hissəsi günülərinə, qayınarvadlarına,
qayınanalarına qarşı qara magiyadan istifadə etmək istəyir. Onlara
cadu, əməl edirlər. Hətta mənə kimdənsə qisas almaq üçün belə
müraciət edirlər. Kişilər isə əsasən ruzilərinin bağlı olduğunu,
yol bağlılığı olduğunu deyib müraciət edirlər və ağ magiyadan
istifadə etmək istəyirlər. Bəzən mənə kimisə vurmaq və ya
vəzifəsindən uzaqlaşdırmaq üçün də müraciət edirlər. Bunu
bacaranlar hansısa məbləğdə pula aldanıb bu müraciətləri qəbul
edir, kimlərinsə evini yıxır. Lakin bunu elə edirlər ki, heç kimin
xəbəri olmasın. Pis iş, pis əməl görən insanlar bunu heç vaxt
etiraf etmir.
– Daha çox hansı təbəqə magiyadan istifadə
edir?
– Təəssüf ki, müasir günümüzdə bu silaha əl atmaq istəyənlər
çoxdur. Rəsmi adamlardan tutmuş, bazar alverçilərinə qədər bu
sahədə işlər görülür. Hətta bazarda iki piştaxta bir-birinə
ruzisinə görə cadu edir. Bunun canlı şahidi özüm olmuşam. Bir
alverçi digərindən şübhələnir ki, mənim niyə ruzim yoxdur, amma o,
gecə-gündüz alver edir. Sizə çox maraqlı bir məlumat verim.
Dünyanın bütün ölkələrində magiya ilə məşğul olan, ondan istifadə
edən insanların 70 faizi hakimiyyətdə olanlardır. Bu sözü
bilərəkdən deyirəm. Tanıdıqlarım, bildiklərim var. Postda olan və
maqlara şarlatan deyən insanların özü gizli surətdə magiyadan
istifadə edir. Bütün problemlərini magiya ilə həll edir, proqnozlar
alır, onlara mane olanları aradan qaldırmağa çalışır. Pul onlar
üçün maraqsız olduğuna görə nə qədər pul tələb olunursa, o qədər də
verirlər.
– Qara magiyadan istifadə edən kəslər hansısa zərərlərlə
üzləşirmi?
– Qara magiyayla məşğul olan insanlar həm bu dünyasını itirir,
həm o dünyasını. Bu cümləni altından xətt çəkərək vurğulayıram: həm
yaşadıqları bu dünyanı, həm də o biri dünyalarını itirirlər.
Başqasına edilən qara magiya ikibaşlı olur və insanın özünə də
mənfi təsir göstərir.
– Qara magiyada ən çox hansı elementlərdən istifadə
olunur?
– Daha çox insan saçı və dırnaqlarından istifadə olunur.
Kəsilmiş dırnaq və saç insanın tərindən, mikrobdan yaranmış bir şey
olduğu üçün onlardan istifadə güclü effekt verir. Qara pişikdən də
çox istifadə olunur. Hətta insanlar var ki, qırxı çıxmış meyitlərin
əzalarından istifadə edirlər. Bütün bu sadaladıqlarım konkret
olaraq qara magiya, pis niyyət üçün istifadə olunur.
– Belə fikir var ki, magiyanın insana təsiri ona
inanıb-inanmamağından asılıdır. Yəni bir insan magiyaya inanmırsa,
onda ona qara magiyayla heç bir təsir göstərmək olmaz, inanırsa,
əksinə... Bu fikir nə dərəcədə düzgündür?
– Yaxşı sualdır. Ümumiyyətlə, qələmi əlinə götürüb pis əməl
görən insana maraqlı deyil ki, zərər vuracağı şəxs ona inanır,
yoxsa yox. Əgər əməli edənin qələminin gücü varsa, onu edəcək.
İnanıb-inanmamaq boş şeydir.
– Magiyanın gücü millətə, dinə görə dəyişir? Hansı dində
magiya daha güclüdür?
– Qara magiyada mövcud olan pis əməl və caduların ən güclü
forması yəhudilərdədir. Ondan sonra ikinci yeri xristianlıq, üçüncü
yeri isə islam tutur. Köməklik işində isə ən birinci yeri Quran
ayələri tutur. İkinci yer yenə xristianlar, üçüncü yerdə isə
yəhudilər. Maraqlı sıralamadır.
– Qara magiyaya qarşı müdafiə xarakterli hansısa addım
atmaq olar?
– İbadət və Quran oxumaq. Namaz qılan bəndənin evinin ətrafına
40 ev - sağ, sol, ön, arxa tərəfdən - heç bir cadu təsir edə
bilmir. Əgər həqiqi ibadət adamıdırsa, əlində Quran varsa, ona
təsir etmək mümkün deyil. Xristianlar isə müdafiə olunmaq üçün şam
və xaçdan istifadə edir.