Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Aydın Əliyevin müsahibəsi
- İlk növbədə, gömrük xidməti işçilərinin qarşıdan gələn
peşə bayramı və Azərbaycan gömrük sisteminin yaradılmasının 22-ci
ildönümü ilə əlaqədar olaraq Trend İnformasiya Agentliyi adından
şəxsən Sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edir,
fəaliyyətinizdə uğurlar arzulayırıq.
- Təşəkkür edirəm.
- Cənab sədr, Siz 2013-cü ildə Gömrük Komitəsinin
fəaliyyətini necə qiymətləndirirsiniz və 2014-ci ildə gömrük
nəzarətinin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində hansı
tədbirlər planlaşdırılıb?
- Əvvəla onu qeyd edim ki, müstəqil Azərbaycanın 1992-ci il
yanvarın 30-da yaranan ilk gömrük qurumu xalqımızın ümummilli
lideri Heydər Əliyevin iqtisadi siyasətinin tərkib hissəsi kimi
formalaşaraq, dövlətimizin müstəqilliyinin əsas atributlarından
birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə icra edir.
Ölkəmizin gömrük sisteminə diqqət və qayğının nəticəsidir ki,
ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla
yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü müəyyən edildi.
Həmin il Dövlət Gömrük Komitəsinin yaranmasının 5-ci ildönümü
münasibətilə keçirilən mərasimdə ümummilli liderin tapşırıq və
tövsiyələri Azərbaycan gömrük sisteminin dünya gömrük ailəsinə
inteqrasiyasını sürətləndirdi, onu iqtisadi təhlükəsizliyimizin
etibarlı təminatçısına çevirdi. İlk mərhələdə gömrük sisteminin
qanunvericilik bazası təkmilləşdirildi. 1997-ci ildə ulu öndərin
sərəncamı ilə "Dövlət Gömrük Komitəsinin strukturu və Əsasnaməsi"
təsdiq edildi. Elə həmin il "Gömrük Məcəlləsi" və "Gömrük Tarifi"
haqqında qanun da qüvvəyə mindi. 1999-cu ildə isə "Gömrük
orqanlarında xidmət haqqında" Əsasnamə qəbul olundu.
Azərbaycan gömrüyünün inkişaf dinamikası son 10 ildə də uğurla
davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanda yaşanan iqtisadi inkişaf prosesləri gömrük xidmətinin
də həyatından yan keçmədi, ölkəmizin ümumi tərəqqisində aparıcı
qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri
səviyyəsində quruldu. Bu sahədə həyata keçirilən islahatlar gömrük
qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə davamlı töhfə
verdi. Beynəlxalq aləmə inteqrasiya nəticəsində Azərbaycan gömrüyü
daha müasir və dünya standartlarına uyğun yeni mərhələyə qədəm
qoydu. Bu proses dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı
"Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə
inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamın uğurlu icrası
ilə daha da sürətləndi. Proqrama əsasən, 5 il ərzində gömrük
sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq
subyektlərinə əlverişli şəraitin yaradılması təmin edildi, gömrük
nəzarəti metodları beynəlxalq standartlara uyğunlaşdırıldı və
gömrük prosedurları avtomatlaşdırıldı, qaçaqmalçılığa və gömrük işi
sahəsində digər hüquqpozmalara qarşı mübarizə gücləndirildi, gömrük
infrastrukturu inkişaf etdirildi, kadr hazırlığı və beynəlxalq
əməkdaşlıq genişləndirildi. 2009-cu ildən dövlət sərhədinin
buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqinə
başlanması, 2012-ci il yanvarın 1-dən qüvvəyə minən yeni Gömrük
Məcəlləsi, elə həmin il Dövlət Gömrük Komitəsinin Akademiyasının
təsis edilməsi və Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və
Komitənin strukturunun təsdiq olunması bu prosesə öz töhfəsini
verdi.
Azərbaycan gömrüyü ötən ildə də fiskal siyasətin həyata
keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin
təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif
tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin
təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. Dövlət
Gömrük Komitəsi 2013-cü ildə nəzərdə tutulan 1 milyard 380 milyon
manat illik büdcə proqnozu əvəzinə 1 milyard 383,2 milyon manat
gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2% əməl edib.
Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat
dəhlizlərinin üzərində yerləşən Azərbaycana mal və nəqliyyat
vasitələrinin axını artmaqdadır. Dövlət Gömrük Komitəsi bu sahədə
mükəmməl infrastrukturun yaradılması üçün mühüm addımlar atır.
Sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə, boşaltma, yoxlama
əməliyyatlarını operativ icra etmək üçün müasir terminallar və
gömrük anbarları yaradılır. Bunu Prezident İlham Əliyevin iştirakı
ilə ölkəmizin müxtəlif bölgələrində açılan sərhəd-buraxılış
məntəqələri də təsdiqləyir. Ən müasir avadanlıqla təchiz edilən, o
cümlədən, nəzarət kameraları, elektron lövhələr, proyektorlar və
digər informasiya texnologiyaları ilə təchiz olunan bu obyektlərdə
müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin
keçirilməsi üçün də geniş imkanlar yaradılıb. Gömrük sahəsində
hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin
statistika və informasiya texnologiyaları bölmələri qurulub.
İstifadəyə verilən bütün məntəqələrdə inzibati bina, yük xətti,
rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, həmçinin kinoloji
xidmət yaradılıb.
Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait,
tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində
hələ ki mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin
gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin
tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış
alətləri və digər müasir avadanlıqlar əməkdaşlara işi ən yüksək
səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və
beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin
hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi,
idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük
işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
2013-cü ildə Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin
edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması
istiqamətində qətiyyətli mübarizə aparıb. Qeydə alınan 12 475
hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu
sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yer
tutur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il
133 fakt akşar edilib. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674
qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33 kq 185
qram həşiş, 18 kq 223,834 qram tiryək, 37 kq 717, 571 qram heroin,
198,567 qram kokain, 35 kq 628,38 qram marixuana, 10 kq 159,986
qram metamfetamin, 217,723 qram metadon və s. gömrükçülər
tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu faktlar üzrə
şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın
olmaqla, ümumilikdə 152 nəfər barəsində müvafiq tədbirlər
görülüb.
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr
tarixli fərmanının icrasının təmin olunması məqsədilə 2013-cü ildə
Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarının və
əməliyyatlarının gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin
beynəlxalq standartlara uyğun qaydada həyata keçirilməsi üçün 17
hüquqi normativ sənəd layihəsi hazırlanaraq aidiyyəti dövlət
qurumları ilə razlaşdırıldıqdan sonra Nazirlər Kabinetinin müvafiq
qərarları ilə təsdiq olunub.
Bununla yanaşı, qeyd olunan sahədə bir sıra digər hüquqi
normativ aktların layihələri hazırlanıb və aidiyyəti dövlət
qurumları ilə razlaşdırıldıqdan sonra təsdiq olunması üçün Nazirlər
Kabinetinə göndərilib.
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 28 dekabr tarixli Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral
tarixli sərəncamında qeyd olunan bilavasitə dövlət sərhədinin
buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin,
yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və
gömrük orqanlarının səlahiyyət bölgüsü barədə Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən konkret
səlahiyyətlərin bölgüsü, müvafiq dəqiqləşdirmələrin aparılması,
təkrarçılığın aradan qaldırılması nəzərdə tutulub və məsələ ilə
bağlı normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinə dair
təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilib.
Bundan əlavə, gömrük nəzarəti əməliyyatlarının tezləşdirilməsi
və səmərəliliyinin daha da artırılması məqsədilə gömrük
orqanlarının müasir tipli texniki nəzarət vasitələri ilə təchiz
olunması və gömrük infrastrukturun genişləndirilməsi sahəsində də
işlər davam etdirilir.
Eyni zamanda, Komitənin 2014-cü il üçün İş Planına uyğun olaraq
aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulub:
- "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr
tarixli fərmanında müəyyən edilən aidiyyəti işlərin görülməsi,
Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin 2012-2016-cı illər üzrə inkişafına dair Fəaliyyət
Planı"nda nəzərdə tutulmuş müvafiq işlərin həyata keçirilməsi;
- Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış
məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin
sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik
və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanmasının və
sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya
nəzarətinin daha təkmilləşdirilməsi istiqamətində işlərin həyata
keçirilməsi;
- gömrük sərhəd-buraxılış məntəqələrində gömrük nəzarəti
prosedurlarının tətbiqi zamanı işin səmərəliliyinin və bu sahədə
çalışan gömrük əməkdaşlarının peşə biliklərinin və təcrübələrinin
artırılması məqsədilə tədbirlərin görülməsi;
- əqli mülkiyyət hüquqlarının qorunması üzrə hüquq sahiblərinin
müraciəti əsasında aidiyyəti işlərin görülməsi;
- beynəlxalq yükdaşnma əməliyyatlarının daha da tezləşdirilməsi
və bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində "BYD
kitabçası ilə Beynəlxalq Yük Daşımaları Gömrük Konvensiyası üzrə
BMT-nin Avropa İqtisadi Komissiyası Nəqliyyatla bağlı Gömrük
Məsələləri üzrə İşçi Qrupu, BYD Konvensiyası"nın İnzibati Komitəsi
və digər qurumlar tərəfindən Konvensiya çərçivəsində həyata
keçirilən işlərin nəzarətdə saxlanılması;
- Azərbaycan Respublikasında BYD kitabçası tətbiq edilməklə
beynəlxalq yük daşımalarına buraxılmasına dair icazələrin verilməsi
ilə bağlı zəruri işlərin yerinə yetirilməsi;
- BYD tranzit sisteminin iştirakçı tərəfləri ilə (Azərbaycan
Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası və s.) qarşılıqlı
məlumatlandırma, əlaqələndirmə və işgüzar əməkdaşlığın həyata
keçirilməsi işlərinin davam etdirilməsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2013-cü
il tarixli, 7 nömrəli Qərarı ilə təsdiq olunmuş "Gömrük nəzarətinin
həyata keçirilməsi Qaydaları"ndan gömrük nəzarəti üzrə irəli gələn
məsələlərin həyata keçirilməsi istiqamətində işlərin davam
etdirilməsi;
- gömrük orqanlarında texniki nəzarət vasitələri ilə işləyən
gömrük əməkdaşlarının peşəkar biliklərinin artırılması məqsədi ilə
təlim seminarlarının təşkil edilməsi;
- yeni qüvvəyə minmiş normativ hüquqi aktların müddəalarının
gömrük əməkdaşları tərəfindən mənimsənilməsi məqsədilə seminar və
məşğələlərin təşkili və keçirilməsi, Dövlət Gömrük Komitəsinin yeni
işə qəbul edilmiş əməkdaşlarının gömrük işinə dair biliklərinin
artırılması ilə bağlı Gömrük Akademiyasında müvafiq qaydada təşkil
edilən kurslarda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
məsələlərini özündə əks etdirən mövzular üzrə mühazirələrin və
məşğələlərin keçirilməsi.
Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14
yanvar 2014-cü il tarixli Qərarının icrası ilə bağlı ölkəyə idxal
olunacaq avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan
zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji
normaları tətbiq edilməsi ilə bağlı ölkə ərazinə gətirilən
avtonəqliyyat vasitələrinə nəzarətin gücləndirilməsi ilə bağlı
zəruri tədbirlər həyata keçiriləcək.
- Azərbaycanda ilk müstəqil iqtisadi operatorlar nə
zaman meydana çıxacaq və onların fəaliyyəti gömrük brokerlərindən
nə ilə fərqlənəcək?
- Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş hüquqlar
çərçivəsində səlahiyyətli iqtisadi operator tərəfindən malların
təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və
xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin
sadələşdirilmiş forma və üsullarından istifadə edilməsini nəzərdə
tutan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust
2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Səlahiyyətli iqtisadi
operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv
olunması Qaydaları" qüvvəyə minmişdir.
Gömrük qanunvericiliyinə əsasən, gömrük brokeri malların və
nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən
aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük
təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Səlahiyyətli iqtisadi
operator isə malların təyinat yerinə çatdırılmasının
təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin
asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma
və üsullarından istifadə edən hüquqi şəxsdir.
- Bugünkü gömrük tarifləri ölkə iqtisadiyyatının
tələblərinə nə dərəcədə cavab verir? Ortamüddətli perspektivdə
onlar necə dəyişəcək?
- İlk növbədə qeyd etmək istəyirik ki, hazırda tətbiq olunan
gömrük tarifləri ölkə iqtisadiyyatının inkişaf tələblərinə cavab
verməkdədir. Bildiyiniz kimi, respublikamızda uğurla davam
etdirilən davamlı iqtisadi inkişaf strategiyası özünü
doğrultmaqdadır. Belə ki, yola saldığımız hər ötən il ümumi daxili
məhsul kimi strateji göstəricilərin artımı ilə yadda qalır. Son
illərin dünya iqtisadiyyatı üçün böhranlı illər olduğunu nəzərə
alsaq, ümumi daxili məhsulda artımın müşahidə olunması çox
sevindiricidir, çünki bu artım qeyri-neft sektorunun hesabına baş
vermişdir.
Qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulların
respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə
bilavasitə əlaqəlidir. Belə ki, hazırda Azərbaycan Respublikasının
iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda, yerli məhsul
istehsalının çeşidlərinin artırılması məqdsədi ilə zərurət
yarandığı təqdirdə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal
və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş
və ya daha aşağı tarif dərəcələrinə cəlb olunmuşdur. Bununla
yanaşı, daxili istehsalın xarici rəqabətin mənfi təsirindən
qorunması məqsədi ilə bir sıra hazır məhsullara ən yüksək 15 faiz
dərəcəsində gömrük rüsumları tətbiq olunur.
Eyni zamanda, Azərbaycan Respublikasında daxili bazarın xarici
bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət
tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşması,
həmçinin gələcəkdə respublikanın iqtisadi mənafeyini qorumaq
məqsədi ilə antidempinq, kompensasiya və xüsusi növ rüsumların
tətbiqi ilə bağlı möhkəm hüquqi əsaslara söykənən yeni "Gömrük
tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu hüquqi qüvvəyə
minmişdir. Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişaf dinamikası
nəzərə alınmaq şərti ilə ortamüddətli perspektivdə bir sıra
qanunvericilik aktlarının, o cümlədən "Xarici ticarət fəaliyyətinin
dövlət tənzimlənməsi haqqında" və "Antidempinq, kompensasiya və
mühafizə tədbirləri haqqında" qanun layihələri
hazırlanmaqdadır.
- Aydın müəllim, bu gün Gömrük Komitəsi hansı yeni
elektron xidmətlər üzərində işləyir? 2014-cü ildə hansı yeni
elektron xidmətlər tətbiq ediləcək?
- Dövlət Gömrük Komitəsi tərəfindən gömrük xidmətinin
göstərilməsi sahəsində şəffaflığın təmin edilməsi və vətəndaş-məmur
təmasının aradan qaldırılması sahəsində mühüm işlər görülür. Bu
sahədə elektron gömrük xidmətlərinin önəmli rolu vardır. Hazırda
Dövlət Gömrük Komitəsinin saytı vasitəsilə 9 adda elektron xidmət
göstərilir və bu xidmətlərin hamısı ödənişsiz əsaslarla həyata
keçirilir. Hazırda aşağıdakı xidmətlər üzərində iş gedir:
- "e - Gömrük Bəyannaməsi/Mal": Xarici iqtisadi fəaliyyət (XİF)
iştirakçıları idxal və ixrac etmək istədikləri mal və nəqliyyat
vasitələrini internet üzərindən bəyan edə biləcəklər;
- "e - Monitorinq": XİF iştirakçıları rəsmiləşdirmək istədikləri
mal və nəqliyyat vasitələri üzərində rəsmiləşdirmə prosesinin
gedişini internet üzərindən izləyə biləcəklər;
- "e - Gömrük Ödənişləri" elektron xidmətinin tətbiq sahəsinin
genişləndirilməsi.
Bu xidmətlərin 2014-cü ildə istifadəyə verilməsi nəzərdə
tutulur.
- Azərbaycan-İran sərhədindəki ötən ildə yaranmış
problemlərlə əlaqədar olaraq iki ölkənin gömrük orqanlarının
nümayəndələri arasında görüşlərin nəticələri necə olub? Gələcəkdə
bu cür problemlərin təkrarlanmaması üçün hansı addımlar
atılacaq?
- İlk növbədə onu qeyd edim ki, İran İslam Respublikası ilə
həmsərhəd olan gömrük idarələrinin rəhbərləri mütəmadi olaraq
ikitərəfli görüşlər keçirir, qarşıya çıxan problemlərin yerindəcə
həll olunması istiqamətində konkret addımlar atılır. O ki qaldı
ötən il yaranmış problemə, qeyd edim ki, bu məsələ qismən də olsa
həllini tapıb. Lakin bəzi məqamlar var ki, onlara iki ölkənin
gömrük xidməti rəhbərlərinin görüşündə aydınlıq gətiriləcək. Bu
günlərdə İran İslam Respublikası Baş Gömrük İdarəsi sədrinin
müşaviri Məhəmməd Hüseyn Bağinayətlə görüşümdə iranlı həmkarımı
respublikamıza rəsmi səfərə dəvət etmişəm. O da öz növbəsində İran
İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Məsud
Kərbasianın rəsmi dəvətini mənə çatdırıb. Ümidvaram ki, yaxın
zamanlarda gerçəkləşəcək görüşdə bir sıra vacib məsələlər müzakirə
olunacaq.
- Avro-4 ekoloji normalarının tətbiqi ilə bağlı
avtonəqliyyat vasitələrinin gömrük giymətləndirilməsində dəyişiklik
edilməsinə nə qədər ehtiyac var?
- Avro-4 standartlarının tətbiq olunmasının alıcının sövdələşmə
qiymətinə birbaşa təsiri olmadığından bununla bağlı avtonəqliyyat
vasitələrinin gömrük qiymətləndirilməsində dəyişiklik edilməsinə də
zərurət yaranmır. Belə ki, idxal edilən avtonəqliyyat vasitələrinin
cavab verdiyi standartlardan asılı olmayaraq, gömrük
qiymətləndirilməsi QATT-ın Gömrük qiymətləndirilməsi üzrə VII
maddəsinin tətbiqi haqqında Razılaşmaya uyğun olaraq, 6
qiymətləndirmə üsulu (malların sövdələşmə qiyməti ilə, eyni
malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə
qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu
ilə, ehtiyat üsulu ilə) əsasında həyata keçirilir.
- Azərbaycan Respublikasının ərazisinə daxil olan və
həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən
avtomobil nəqliyyatı vasitələrinin sahiblərinə tətbiq edilən yol
vergisinin dərəcələrində dəyişiklik edilməsi
gözlənilirmi?
- Hazırda tətbiq edilən yol vergilərinin dərəcələrində hər hansı
bir dəyişiklik edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi tərəfindən
heç bir təklif irəli sürülməmişdir.
- Rusiya parlamenti malların internet vasitəsilə
xaricdən alınması və idxalı qaydalarına dəyişiklikləri müzakirə
edir. Bu dəyişikliklərin qəbulu ilə internet vasitəsilə aparılan
ticarətin şərtləri sərtləşdiriləcək. Dəyişikliklərə səbəb kimi
təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri göstərilir.
Azərbaycanda oxşar dəyişikliklərə ehtiyac varmı? Gələcəkdə Rusiya
təcrübəsinə uyğun olaraq internet-ticarətlə əlaqəli olan normativ
və prosedurların sərtləşdirilməsi planlaşdırılırmı?
- Fikrimcə, Rusiyada keçiriləcək Qış Olimpiya Oyunlarının
təhlükəsizliyini təmin etmək məqsədilə bu kimi dəyişikliklərə
zərurət yaranıb. Lakin Azərbaycanda siyasi sabitlik hökm sürür,
ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Məhz buna görə də
qeyd etdiyiniz dəyişikliklərə hazırkı dönəmdə ehtiyac duyulmur
(Trend).