Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Zəngəzur" gəmisi
qaçaqmalçılıq yolu ilə xam neft daşınması həyata
keçirib.
"Axar.az"ın əldə etdiyi sənədlərdə göstərilir ki, "Zəngəzur"
gəmisi 2013-cü il may ayının 3-də kapitan Rasim Nəzərovun
rəhbərliyi ilə beynəlxalq konvensiyaların əksinə gedərək, qanunsuz
olaraq sahildən 40 mil məsafədə dayanıb. May ayının 7-də isə
"Zəngəzur" gəmisinə Qazaxıstanın "Abay" və Rusiyanın "Aleksandr"
gəmilərindən yük götürülməsi ilə bağlı 121 nömrəli radioqrama daxil
olub. Radioqramaya əsasən, "Zəngəzur" gəmisi may ayının 8-də, saat
10:15-də 4.000 ton xam neft götürmək məqsədilə "Abay" gəmisinə
yaxınlaşıb. Həmin gün saat 15:00-da gəmidən yükləmə başlanılıb və
may ayının 10-u saat 08:00-da yükləmə başa çatdırılıb. May ayının
10-u saat 12:55-də "Zəngəzur" gəmisi "Abay" gəmisindən
aralanıb.
"Zəngəzur" 9.500 ton xam neftlə yola çıxır
Bundan 4 gün sonra, may ayının 14-ü saat 20:00-da Rusiyanın
"Aleksandr" gəmisi "Zəngəzur" gəmisinə yaxınlaşsa da, yükdaşımaya
ertəsi gün saat 14:30-da başlanılıb. May ayının 16-da saat saat
08:30-da "Aleksandr" gəmisindən 5.000 ton xam neftin "Zəngəzur"
gəmisinə yüklənməsi başa çatdırılıb.
Rusiyanın "Aleksandr" və Qazaxıstanın "Abay" gəmilərindən
ümumilikdə 9.500 ton olan xam neft götürən "Zəngəzur" gəmisi may
ayının 20-si yola düşərək bir gün sonra saat 21:30-da Səngəçal
terminalına çatıb.
Gəminin qeyd kitabında yazılanlar
Bütün məlumatlar "Zəngəzur" gəmisinin qeyd kitabında rəsmiləşib
və kapitan Rasim Nəzərovun imzası ilə təsdiqlənib.
Beynəlxalq konvensiyalara görə, sahildən 40 mil kənarda yük
mübadiləsi qadağan edildiyi halda kapitan niyə bu qanunsuzluğa
gedib? Nəzərə alsaq ki, belə qanunsuzluqlar yalnız qaçaqmal
daşınmalarında yol verilir, onda gəminin qeyd kitabında əksini
tapan bu məqamlar daha çox diqqət çəkir.
Kapitan faktı təsdiqləyir
Məsələ ilə əlaqədar 2013-cü il may ayında "Zəngəzur" gəmisinə
kapitanlıq etmiş Rasim Nəzərov "Axar.az"a faktı təsdiqləyərək,
rəhbərliyin əmrini yerinə yetirdiyini dedi:
"Bu hadisə baş verib, amma burda mənim heç bir günahım yoxdur.
Mən siravi kapitanam və yükdaşımanı da idarədən mənə verilən əmrə
əsasən yerinə yetirmişəm. İşimi sənədli-sübutlu şəkildə
görmuşəm".
Mətbuat xidmətinin rəisi inanmır
Xəzər Gəmiçiliyi QSC-n mətbuat xidmətinin rəisi Vüqar Sadıqov
isə hadisədən xəbərsiz olduğunu bildirdi və sahildən 40 millik
məsafədə yük götürmənin qanuna zidd olduğunu qeyd etdi: "İnanmıram
ki, gəmi bu məsafədə yük götürsün".
Mövzuya qayıdacağıq...