Dünyada baş verən neqativ iqtisadi tendensdiyalara
baxmayaraq, Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, sənaye
sahəsi də inkişaf edir, potensial daha da gücləndirilir, rəqabət
qabiliyyətli məhsul ietahsal edən yeni müəssisələr yaradılır, ixrac
imkanları genişləndirilıir. Belə müəssisələrdən biri də Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyasının Xırdalan Metal
Konstruksiyalar Zavodudur.
Axar.az İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə
istinadən xəbər verir ki, dekabrın 19-da İqtisadiyyat və Sənaye
naziri Şahin Mustafayev Xırdalan Metal Konstruksiyalar Zavodunda
müəssisənin daxil olduğu Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyasının nümayəndələri ilə görüşüb.
Nazir Şahin Mustafayev iqtisadiyyatın diversifikasiyasının və
qeyri-neft sektorunun inkişafının Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet
istiqamətlərindən olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda
son 10 ildə Ümumi Daxili Məhsul istehsalı 3 dəfə, sənaye istehsalı
2,7 dəfə, qeyri-neft sənayesi 1,8 dəfə artıb. Azərbaycanda
iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi
önəm verilir. Təsadüfi deyildir ki, dövlət başçısı tərəfindən ötən
il "Sənaye ili" elan olunub, "Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq
edilib. Görülən işlərin nəticəsi olaraq, qeyri-neft sektorunun
ÜDM-də payı 70%-ə çatmış, 2015-ci ilin yanvar-noyabr ayları ərzində
sənaye 3%, qeyri-neft sənayesi 7,5% artıb.
Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun
şaxələnməsində özəl sektor xüsusi rol oynayır. Prezident İlham
Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır"
strateji xəttinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın
stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət
göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri
həyata keçirilir. Dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq
subyektlərində aparılan yoxlamaların dayandırılmasına dair Qanunun
qəbul olunması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati
prosedurların sadələşdirilməsinə dair imzalanmış fərmanlar
sahibkarlıq sahəsində çox mühüm addımlar olmaqla özəl bölmənin
inkişafına böyük təkan verəcəkdir. Artıq lisenziyalar İqtisadiyyat
və Sənaye Nazirliyi tərəfindən ASAN xidmət mərkəzləri vasitəsilə
verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və
şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.
Sənayenin ayrı-ayrı sahələrinin inkişafı barədə danışan nazir
Şahin Mustafayev qeyri-neft sektorunun inkişafında "Akkord"
şirkətinin uğurlu fəaliyyətini qeyd etmiş, şirkətin
tikinti-quraşdırma işləri ilə yanaşı, inşaat sektorunun tikinti
materiallarına olan tələbatının yerli məhsullar hesabına
ödənilməsində əhəmiyyətli rolunu vurğulayıb. Yeni fəaliyyətə
başlamış Xırdalan Metal Konstruksiyalar Zavodu da qeyri-neft
sektorunun inkişafına və ölkəmizin sənaye potensialının
güclənməsinə öz töhfəsini verəcəkdir.
10 ildir sənaye və tikinti sahəsində fəaliyyət göstərən "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası"na sənayenin müxtəlif
sahələrində, o cümlədən mərmər-qranit emalı, sement, beton, asfalt,
kərpic, metal-konstruksiya və yüngül sənaye sahələri üzrə 39
müəssisəni əhatə edən 15 şirkət daxildir. Korporasiyanın fasad
texnologiyaları və plastik qapı-pəncərə istehsalı müəsisələrinin
gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasında 3700-dən çox
işçi çalışır. Hazırda Korporasiyanın bir sıra xarici ölkələrdə, o
cümlədən Çin, Rusiya, İran, Oman və Küveytdə nümayəndəlikləri
yaradılır. Korporasiya xarici ölkələrdə reallaşdırılan və dəyəri
1,5 mlrd. dollar olan layihələrdə iştirak etmək üçün investisiya
təklifi ilə çıxış edib. "Akkord"un cari tikinti layihələrinin ümumi
dəyəri 901 mln. manatdır.
Şirkət Türkiyədə hər birinin gücü 150 mvt/saat olan 3 elektrik
stansiyasının tikintisi ilə bağlı müraciət edib. Bundan başqa,
Cənubi Koreyanın "Hyundai" şirkəti ilə birgə İranda elektrik
stansiyasının tikintisi, Qətər Əmirliyində sənaye sahəsində həyata
keçiriləcək layihələrdə iştirakla bağlı danışıqlar aparılır.
Rəqabət qabiliyyətli məhsul istehsal edən "Akkord" 2016-cı ildə
Gürcüstana sement istehsalının əsas komponenti olan 200 min ton
klinker ixrac etməyi planlaşdırır.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının yeni
yaradılan Xırdalan Metal Konstruksiyalar Zavodu 5,5 hektar ərazidə
inşa edilib. Zavod ABŞ, Türkiyə, Almaniya və Finlandiyanın
istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub. Zavod 3 əsas
istehsal sexindən - Metal konstruksiya, Metal əritmə və Fasad üzlük
istehsalı sexlərindən ibarətdir. Bununla yanaşı, zavodun ərazisində
sahəsi 2600 m2 -ə yaxın inzibati bina, laboratoriya, qazanxana, su
anbarı, nasosxana və transformator yarımstansiyası inşa edilib.
Müəssisədə müxtəlif növ metal konstruksiyalar, sement zavodları
üçün qurğular, dam örtükləri, işıq dirəkləri və s. istehsal edilir.
Müəssisə ildə 10 min ton məhsul istehsal etmək gücünə malikdir.
Bununla yanaşı, müəssisə layihələndirmə və montaj işlərini də
həyata keçirir. Hazırda zavodda 100-ə yaxın şəxs işlə təmin
olunmuşdur. Gələcəkdə işçilərin sayının bir növbədə 450 nəfərə
çatdırılması nəzərdə tutulur.
Zavodda işçilər üçün hər cür şərait yaradılıb. Zavodda
işləyənlər üçün tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə
verilib. Zavodun müasir tələblərə cavab verən yeməkxanasında
işçilər pulsuz yeməklə təmin olunur. Bundan başqa, işçilərin rahat
gəliş-gedişi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb.