"Aksiz markası ilə markalanmalı olan malların
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi
qaydaları" yanvarın 1-dən qüvvəyə minib.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına
əsasən "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan
Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları"
təsdiq edilib.
Qaydaya əsasən yanvarın 1-dən markalanmalı malların (tütün
məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış
məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada
ödənilməsinə yol verilmir. Aksiz markası ilə markalanmalı olan
alışı və satışı bu malların istehsalı, idxalı və ya satışı üçün
müvafiq lisenziya olduqda, həmin malları təqdim edən şəxs
tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə
edilməsini təsdiq edən sənədlər mövcud olduqda və həmin malın
təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi
məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə
halları istisna olmaqla) ciddi hesabat blankı ilə
rəsmiləşdirildikdə həyata keçirilə bilər. Bu tələblərdən hər hansı
birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət
Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Hazırda
qüvvədə olan İnzibati Xətalar Məcəlləsində əsasən (tütün
məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları
ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az
miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların)
satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat
miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur. Cinayət
Məcəlləsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna
olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları)
nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma,
belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli
miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya
bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə əsasən isə eyni
əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Buna görə də 2016-cı ilin yanvarın 1-dən etibarən istehsal və
satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların
nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə
malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini
təsdiq edən sənədlər mövcud olmalıdır. Qanunun tələblərinə görə
markalanmalı malları istehsal edən, idxal edən, satan və alan
(fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər
istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən
müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Vergilər
Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim
etməlidirlər.
Qeyd edək ki, Qaydaya əsasən aksiz markaları ilə markalanmalı
olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün
növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli
digər içkilər və tütün məmulatları daxildir.