Azərbaycana dondurulmuş ət 1 manat 70 qəpiyə idxal
olunur.
Bunu Axar.az-a kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli
kolbasa-sosiska məhsullarının istehsalının neçəyə başa gəlməsi
haqda danışarkən deyib.
Ekspertin sözlərinə görə, yerli dana ətinin topdansatış qiyməti
5 manatdır. V.Məhərrəmov yerli məhsulların bölgələrdə bəzən 6
manata da təklif olunduğunu qeyd edib.
Mütəxəssis kolbasa və sosiska istehsalında inək ətindən istifadə
olunduğunu vurğulayıb: "Qoca inəyin əti 1 manat 50 qəpikdir. Hətta
bəzi hallarda ölmüş heyvanların ətindən də kolbasa istehsalında
istifadə edirlər. Çünki daha ucuzdur.
Bundan başqa, ətin keyfiyyəti saxlanma şəraitindən də asılıdır.
Məsələn, xüsusi cins heyvanlar var və onları kökəldirlər. Bu zaman
çəki artımı almaq mümkün olur. Bu cür heyvanlar nisbətən ucuz başa
gəlir.
Amma bəzən fermer özü də bilmədən inəyi kökəltməklə məşğul olur
və xərc çoxalır. Yəni, bu gün Azərbaycanda ət istehsalının qiymət
diapozonu fərqlidir və vahid tarif yoxdur".
Ekspert əlavə edib ki, kolbasa istehsalında hər bir şirkət
nüfuzunu nəzərə alır:
"Kolbasa və sosiska istehsalında digər komponentlər də istifadə
olunur. Məsələn, mal-qaranın içalatı, donuz piyi, donuz əti, hətta
quş əti məhsula qatılır. Əsasən, Hindistandan gətirilən ət
məhsulundan kolbasa hazırlanır. Bu da iaşə obyektlərində,
restoranlarda istifadə olunur".
V.Məhərrəmov bildirib ki, kolbasada sümüksüz ətdən demək olar
istifadə olunmur:
"Hazırda bazarda sümüksüz ətin kilosu 7-8 manatdır. Qoyun əti
isə 12 manatdır. Əgər sümüksüz ətdən istifadə olunsa, kolbasanın
kilosu 12-13 manata başa gələr. Bu da nə sahibkara, nə alıcıya sərf
edir.
Çünki əsasən kasıb təbəqə 3-4 manata kolbasa alır".
Ekspert deyib ki, sahibkarlar 8 manatlıq əti kolbasa
istehsalında emal edirlər:
"Avadanlıqların vəsaiti, işçilərin əmək haqları, hazır məhsulun
satış obyektlərinə, marketlərə daşınması xərci var. Bəzən məhsul
müştərisini tapmır və geri qaytarılır. Bu da sahibkar üçün
arzuolunmaz haldır.
Ona görə riskə getmirlər. Çalışırlar ki, xammalı ucuz əldə
etsinlər və cürbəcür qatqılarla əmtəə görünüşünü cəlbedici
etsinlər. Həmin qatqılar da istifadə zamanı insanlara xoş gəlir.
Amma ümumiyyətlə, kolbasa, sosiska heç də faydalı qida deyil".