Səfəvi təriqətinin rəhbəri və Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Tıxlı kəndində yerləşən məqbərəsi dağılıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən məqbərə daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil edilməyib:
“Şeyx Heydərin türbəsi olduğu ehtimal olunan tarixi tikili 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyildir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 km şimal-şərqində yerləşən və tarixi şəxsiyyət Şeyx Heydərə məxsus olduğu ehtimal olunan türbənin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb.
Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb. Türbənin qalıqlarının qorunmasına nəzarət olunur. Bərpa və ya konservasiya işlərinin aparılması isə türbə reyestrə daxil edildikdən sonra nəzərə alınacaq”.
Qeyd edək ki, 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş (Səfəvi) qoşunları arasında baş vermiş döyüş nəticəsində öldürülən Şeyx Heydər müridləri tərəfindən elə orada da dəfn olunub. Sonradan onun nəşi Ərdəbilə aparılıb.