Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü
iclasındakı çıxışının bəzi saytlarda yanlış təqdimatından
narazılığını bildirib. Xanım deputat bu barədə özünün facebook
səhifəsində status yazaraq jurnalistləri tənqid edib.
Q. Paşayeva statusunda yazıb: "Çox təəssüf ki, bəzi jurnalistlər
bu gün parlamentdə "orqan və ya toxumaların transplantasiyası" ilə
bağlı qəbul olunan qanunun bəzi maddələrinin 10 ildən artıqdır ki,
çalışmaması ilə bağlı çıxışı tamamilə yanlış şəkildə verərək, guya,
mən ölən insanlardan məcburən orqanların götürülərək, orqan
köçürülməsində istifadə edilməsi ilə bağlı qanun qəbul olunmasını
təklif etmişəm. Belə savadsız və cahil insanların jurnalistikada
yeri olmamalıdır. Çünki söhbət sağlığında orqan və toxumalarını
öldüyü zamanı ehtiyacı olan xəstələrə köçürülməsi istiqamətində
bağışlayan və bu barədə vəsiyyətnamə yazan şəxslərdən gedir və 15
il əvvəl qəbul olunan qanunda da məhz belə yazılıb. Sadəcə bu gün
könüllü şəkildə öz orqanlarını vəsiyyət edən insanlar dünyasını
dəyişsə, onlardan orqanların götürülərək, xəstə insanlara
köçürülməsi istiqamətində ölkəmizdə heç bir mexanizmlər işləmir.
Bütün inkişaf etmiş ölkələrdə bu mexanizm çalışır və mən də
ölkəmizdə 15 il əvvəl qəbul olunan qanunun həyata keçmə
mexanizmlərinin hazırlanmasını təklif etmişəm.
Çox təəssüf edirəm ki, bu mövzu ilə bağlı dəfələrlə verdiyim
müsahibələrə, televiziya və parlament çıxışlarıma baxmayaraq, bəzi
dırnaqarası jurnalistlər məsələnin mahiyyətindən belə xəbəri
olmayaraq xəbər yazırlar. Hətta bəzi ekspertlər də tapırlar ki,
onlar da məsələnin mahiyyətini bilmədən və sanki ilk dəfə bu barədə
eşidirmişlər kimi bu faşizmdir deyə qeyri-ciddi açıqlamalar
verirlər.
Bir daha bu fikrə gəlirəm ki, təəssüf ki, ölkədə savadsız
jurnalistlərin sayı o qədər artır ki, onlar jurnalistikanın imicinə
ciddi zərbə vururlar. Açın mənim haqqında danışdığım qanunu ən azı
internetdə 5-10 dəqiqənizi sərf edərək, oxuyun və məsələnin nədən
getdiyini öyrənin. Məsələnin nədən getdiyini bilmədən xəbər
yazanların sayının artması xəbərə insanların inamını da sarsıdır
təbii ki..."