Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Mart 2019


"Onların bir yerdə çörək yeməyinə təəccüb etdilər"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə Multikulturalizm ili elan olundu. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla yanvarın 22-də geniş mətbuat konfransı keçirərək bu ilin fəaliyyət planlarından danışıb. Dövlət müşaviri deyib ki, multikulturalizm ilinin başlanğıcı var, sonu yoxdur.

Mətbuat konfransından Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun hazırladığı sitatlardan ibarət yazını təqdim edirik:

Jurnalistlərə çağırış

- Gördüyümüz və görəcəyimiz işlər çoxdur. Bu işlərdə intellektual səviyyəsi yüksək olan, analitik düşünmə qabiliyyətinə malik jurnalistlərlə bir yerdəyik və bir yerdə olacağıq.

- Sevinirəm ki, gördüyümüz işlərdə jurnalistlərlə əlaqələrimiz möhkəm olub, biz sizin dəstəyinizi yaxından hiss etmişik.

- Tədbirlərarası işimizi elə qurmalıyıq ki, davamlılıq daim təkminləşdirilərək hərəkətdə olsun.

- Hər hansı ölkənin daxili ruhuna girmək istəyirsənsə, universitetlərindən başla.

- Multikulturalizm ilində jurnalistlər üçün xüsusi mükafatlar təsis etməliyik.

Multikulturalizmin əsrarəngiz fəlsəfəsi

- Məndən soruşurlar ki, multikulturalizm sözü bizim cəmiyyətdə hansı refleksi doğurur? Cavab verirəm: multikulturalizm şəfqət, mərhəmət deməkdir, başqasının halına girmək bacarığıdır, başqasına rəva bildiyini özünə də rəva bilmək cəsarətidir. Elmdə öz-özgə qarşıdurması deyilən anlayış – dixatomiya adlanır – öz-özgə, yuxarı-aşağı, isti-soyuq. Multikulturalizm öz-özgə qarşıdurmasınn azərbaycanlı təsəvvüründə, vətəndaşlarımızın psixologiyasında son dərcəcə yumşaq təzahürü deməkdir. Nəhayət, multikulturalizm müxtəlif istiqamətdə düşünən insanların bir-birinin yanında rahat, asudə, öz könüllərindən gələn şəkildə yaşamalarının təminatı deməkdir. Sadaladığım əlamətlərin hər birində həm dövlətin, həm də vətəndaş cəmiyyətinin məsuliyyəti durur. İkisi bir-birini tamamlayanda - dövlət cəmiyyətdən gələn sifarişi hiss edib, onu həyata keçirəndə, cəmiyyət də dövlətin tələblərinə əməl edəndə çox gözəl qarşılıqlı anlaşma şəraitində birgə yaşayış modeli formalaşır ki, adı Azərbaycan multikulturalizmidir.

- Sinkret yeni elm növü yaranır. Bu elm özündə Azərbaycan dilini, psixologiyasını, tarixini, ədəbiyyatını, mənəviyyatını bu gününü, gələcəyini özündə etiva edən intellektual yaradıcı sahəni birləşdirir. Onun inkişaf perspektivləri göz qabağındadır. "Azərbaycan multikulturalizminin qaynaqları" adlı silsilə kitablar nəşr etməyə başlamışıq, "Azərbaycan multikulturalizmi" dərsliyini yazmışıq, 20-yə yaxın dünya universitetlərində, o cümlədən yerli universitetlərimizdə tədrisin həyata keçirilməsi üçün bu fənnin proqramını hazırlamışıq. Bütün bunlar bizim işimizin gələcək üçün vacibliyini bir daha göstərir. Cənab Prezident xalqın, dövlətçiliyin əsrlərdən boyu əldə etdiyi nəaliyyətlərinin multikulturalizm çərçivəsində dünyaya təqdim edilməsinə əsaslanaraq, 2016-cı ili Azərbaycan multikulturalizm ili elan edib.

- Azərbaycan multikulturalizmi tariximizin, ədəbiyyatımızın, psixologiyamızın, dünyaya baxışımızın akkumlyatorudur.

- Müxtəlif xalqlar, müxtəlif dinlər arasında dözümlülük mühiti yaradılması ilə kifayətlənsək, işimizin yarısını görmüş olacağıq. Biz həm də istəyirik ki, eyni xalqa, eyni dinə malik olan insanların arasında fikir birliyinə nail olaq, dözümlülük mədəniyyətini tam formalaşdıraq. Multikulturalizmin bir hədəfi müxtəlifliklər arasında ahəngdarlıq yaratmaqdırsa, ikinci hədəfi eyniliklər arasında ahəngdarlığın yaradılmasına nail olmaqdır. Multikulturalizmin mükəmməl forması bütün insanlar arasında birgəyaşayış modelini tətbiq etməkdir.

Azərbaycan multikulturalizminin təqdimatı

- Biz Azərbaycan multikulturalizminin modelini xüsusi olaraq təbliğ etmək xətti tutmamışıq. Biz öz yolumuzu gedirik. Göstəririk ki, dünyanın belə bir çağında Azərbaycanda tamam fərqli abu-hava duyulmaqdadır.

- Öz-özgə qarşıdurmasının bir-birinin içində ərimə prinsiplərinin müəyyənləşdirilməsi və azərbaycanlıların həyatında bu qarşıdurmanın heç bir rol almadığının bütün istiqamətlərdə sübutu vətəndaş cəmiyyəti tərəfindən dünyaya dəqiq mesajlarla ötürülməlidir ki, ölkəmiz barədə nəzəri təsəvvür həm də realda özünü tam doğrultsun.

- Azərbaycan multikulturalzimini bir model kimi dünyaya təqdim etmək ölkəmizdə cərəyan edən tarixi prosesləri adekvat göstərməkdir. Bizim ölkədə şiələrlə sünnilər arasında olan münasibət avropalı dostlarımızı təəccübləndirir. Bu gün dünyada dini təriqətlər arasında münasibətlər çox gərgin fazaya qədəm qoyub. Heydər Əliyev məscidində sünnilərlə şiələrin birgə namaz qılmaları son dərəcə unikal və təkrarsız örnəkdir. Bizə qonaq gələn avropalı istər fransız, istər yəhudi, istər alman olsun, küçələrdə müxtəlif geyimli din xadimlərini görəndə, müxtəlif dini daşıyıcıların nümayəndələri ilə rastlaşanda, azərbaycanlıların bu adamlara amansız gözlərlə baxmadığının şahidi olanda yaxşı mənada heyrət hissi keçirirlər. Biz bu yaşayış modelini adi qarşılaya bilərik, çünki həyat tərzimizdir. Avropalı şərq ölkəsində belə mühitlə qarşılaşnda çox təəccüblənir.

- 3 cilddən ibarət bir kitab hazırlayırıq – "Azərbaycan multikulturalizminin qaynaqları". Birinci cild, "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları", ikinci cild, "Azərbaycan multikulturalizminin elmi, fəlsəfi və publisistik, qaynaqları", üçüncü cild, "Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları" adlanır. Birinci kitab hazırdır, yaxın günlərdə təqdimatını keçirəcəyik. Ikinci, üçüncü kitablar tamamlanmaq üzrədir. Bu kitablarda xalqımızın müqtədir klassiklərinin əsərlərində öz-özgə münasibətinin ən yumşaq forması özünü göstərir, başqa dinlərin nümayəndələrinə, müqqədəslərinə, başqa xalqın alimlərinə, gözəllərinə, igidlərinə olan, sevgi, ehtiram, hörmət əksini tapır. Bunların cəmi Azərbaycan multikulturalizminin örnək modelini yaradır.

Azərbaycan multikulturalizminin təqdimatının nəticəsi

- Ötən il "Yay məktəbi" təşkil etdik. "Azərbaycan multikulturalizm" fənnindən dərs keçən xarici universitetlərin tələbələri 10 gün həmin məktəbdə təmsil olundular. Onlar nəzəri cəhətdən öyrəndiklərinin bir başa canlı şahidinə çevrildilər. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ilə görüşdülər, dostlaşdılar və əmin oldular ki, multikulturalizm azərbaycanlıların həyat tərzidir. Onlar "Yay məktəbi"ndə olduqları müddətdə yaşadıqlarının təəssüratlarını hələ də sosial şəbəkələrdə bölüşürlər, Azərbaycanın təbliğatını aparırlar. Bu hadisənin ardından Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə ABŞ-ın Los Ancels şəhərində fəaliyyət göstərən Sinay sinaqoqunun 50 üzvü ölkəmizə gəldi. Onlar Azərabyacanın bir çox yerlərində oldular, tarixi həqiqətlərimizi öyrəndilər, dini-milli əhvalımızı gözləri ilə gördülər, ölkəmizin multikultural abu-havasnı dərindən hiss etdilər. Qonaqlar ölkələrinə yüksək təsəvvürlərlə qayıtdılar. Nümayəndə heyətinə rəhbərlik edən sinaqoqun ravvini Deyvid Volpenin "Time" jurnalında "Azərbaycan Şərqdə tolerantlığın və multikulturalizmin oazisidr" adlı yazısı dərc olundu. Bu yazıdan sonra ermənilər müəllifin üzərinə əsassız hücumlara keçdilər. Təsəvvür edirsinizmi, cənab Volpenin müdafiəsinə bizdən əvvəl "Yay məktəbi"ndə olan həmin tələbələr qalxdılar. Ravinin fikirlərini dəstəkləyən və ermənilərin qərəzli olduğunu göstərən yazılar yazdılar. O yazılar bir çox xarici mətbuatda, sosial şəbəkələrdə dərc olundu. Tələbələr haqqın, ədalətin, gördüklərinin müdafiəsinə qalxdılar. Bu proses bir daha göstərdi ki, fəaliyyəti sistemli quranda böyük effekt verir. Biz xarici tələbələrlə münasibətlərimizi "Yay məktəbi" çərçivəsi ilə yekunlaşdırmadıq. Onlarla hər gün ünsiyyət saxladıq, tələbələri Azərbaycanın diasporlarına çevirdik. Nəticədə haqqımızı bizdən əvvəl onlar müdafiə etdilər. Sistemi düzgün qurduğumuza görə tamamlanma prosesi baş verdi.

- Avropa universitetlərinin tələbələrində Azərbaycan multikulturalizmini öz ölkələrinin multikulturalizmi ilə müqayisədə öyrənmək həvəsi var. Artıq bizim multikultural model bir növ katalizator rolu oynayır.

- Azərbaycana gələn xariciləri ən çox o təəccübləndirir ki, müsəlmanların dini rəhbəri ilə ortadoksların dini rəhbərləri bir masada çörək yeyirlər, eyni mövzu ətrafında fikir birliyinə gəlirlər.

- Azərbaycan multikulturalizmi dostlarımızı təəccübləndirir, bədxahlarımızı qıcıqlandırır".

Məqsəd və məram

- Bir çox Avropa ölkələri multukulturalizm modelindən imtina etdilər. Ancaq Prezident İlham Əliyev Azərbaycan multikulturalizminin yaşayacağını bəyan etdi. Cənab Prezident öz xalqına, cəmiyyətinə, tolerantlıq abu-havasına, insanlar arasındakı münasibətlərə inanır və bunları dərin fəhmlə hiss edir.

- 2016-cı il multikulturalizm ilinin başlanğıcıdr, ancaq bu ilin sonu olmayacaq.

- Azərbaycanın dostları ictimai dalğasını yaratmağı qarşımıza məqsəd qoymuşuq.

- Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 xalqın dilində nəşr olundu. Bu dillər arasında Azərbaycanda yaşayan xalqların və dünya xalqalarının dilləri var. 25 kitabdan biri erməni dilindədir. O cümlədən kiçik xalqın dili olan Xınalıq dilində də var, milyonların dili olan Çin dilində də. Layihəyə belə ad qoymaq daha düzgün olardı-Xınalıq dilindən Çin dilinə qədər. Bu məsafə həm də multikulturalizm prosesindəki istiqaməti göstərmiş olur. Yəni əvvəldən sona qədər.

Multikulturalizm azərbaycançılıqla iç-içə

- Azərbaycançılıqla multikulturalizm məfkurəsi arasında incə, metodoloji, nəzəri fərqlərə həssas münasibət bizim diqqətimizdən kənarda qala bilməz. Azərbaycançılıqla multikulturalizm bir-birini tamamlayan anlayışlardır. Hər iki anlayış eyni dərəcədə bir-birinə lazım olan əməli dəyərlərdir. Elə məqamlar olur ki, ideyalarımızı azərbaycançılıq məfkurəsi çərçivəsində tətbiq edirik, elə məqamlar olur ki, orada multikulturalizm dəyərini əsas götürürük. Son dərəcə həssas, anlayışlı, məntiqli yanaşsaq, hər iki dəyərin eyni mahiyyəti daşıdığını görərik. Multikulturalizm azərbaycançılıq ideyalarını təbliğ edən doktorinadır. Multikulturalizm müxtəlif millətlərin dini konfensiya nümayəndələrinin azərbaycançılıq çətiri altında birləşməsidir. Bu fəlsəfə özünü Unlu öndər Heydər Əliyev "mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamında aydın göstərir.

- Erməni dilində kitablar Bakıdakı erməni kilsəsində səliqə ilə qorunub saxlanır. Bu faktı xalq diplomatoyası şərçivəsində Bakıda olan erməni ziyalıları görəndə Moskvaya zəng edib, həmyerlilərinə sevincək xəbər verirdilər ki, filan tarixi əlyazma tapılıb.

- Azərbaycanda ermənifobiyanın olmadığını dünya başa düşmək üzrədir.

- Azərbaycan cəmiyyətində və xalqında əvvəllər olduğu kimi, ermənilərlə birgə yaşamaq potensialı var.

- Gərək elə edək ki, kütlə sənətkarın arxasınca getsin, sənətkar düşünməsin ki, kütləyə nə lazımdır. Qara Qarayevi hamı bəyənmirdi ki... Öz əqidəsi ilə getdi və dünyanın ən məşhur bəstəkarları sırasına qalxdı.

- Universitetə daxil olmayan gənc elə bilməsin ki həyat bununla bitdi, xeyir, həyat bununla başlaya da bilər. Biz belə gənclərə özünü cəmiyyətdən kənarda hiss etmək "şansını" verməyəcəyik. Onlar cəmiyyətə xeyir vermək imkanı qazanacaqlar.

- Hər insan öz daxili ilə bir ölkədir.

Tarix
2016.01.26 / 15:26
Müəllif
Ceyhun Musaoğlu
Şərhlər
loading...
Digər xəbərlər

Ziya Məmmədov villasını ucuz qiymətə satışa çıxardı - Foto

Tiflisdə Novruz şənliyi - Foto

XİN Paşinyanın iddialarını darmadağın etdi - Açıqlama

"Vaşinqton Post" ölkəmizin uğurlarından yazdı

Kamil Zeynallı azadlığa buraxıldı - Video

FHN BNA-nın yalanını çıxartdı: Yanğını təkzib etmək...

Ukraynalı jurnalistin Azərbaycan sevgisi

Gələn aydan ailələrə uşaqpulu verilir? - Rəsmi cavab

Baxtadze azərbaycanlılarla Novruz şənliyində

Sabah hava necə olacaq? - Proqnoz

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla