Bir neçə gündür ki, ölkə mediası qızılca xəstəliyinin yayılmasından danışır. Artıq bu, epidemiya halına gəlib. Məktəblər dezinfeksiya olunsa da, xəstəlik sürətlə yayılmaqdadır. Hətta şagirdlər arasında dünyasını dəyişənlər də var. Bəs xəstəliyin qarşısını almaq mümkündürmü?
Axar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan infeksionist Ləman Qalimova xəstəliyin yayılmasının vaksinasiya olanların sayının az olması ilə əlaqələndirib.
“Mütləq şəkildə hər kəs vaksin vurdurmalıdır ki, bu vəziyyət daha da genişlənməsin. Bəli, virus artıq məktəblərdə də yayılmağa başlayıb. Uşaqlar arasında qızılcaya yoluxub ağır keçirənlərin immun sistemi yoxdur, yəni peyvənd olunmayanlardır", - o bildirib.
İnfeksionist qeyd edib ki, onkoloji xəstəlikdən əziyyət çəkənlər, kartikosteroid qəbul edənlər, kimyaterapiya və radioterapiya alan şəxslər və immuniteti zəif olanlar qızılca vaksini vurdura bilməzlər, əks göstərişdir.
İnfeksionist qızılcadan qorunmağın yollarını deyib:
“İnsanlar maska taxaraq, sosial məsafə saxlayaraq və əl gigienasına mütəmadi olaraq riayət edərək özlərini qoruya bilərlər. Uşaqlar mütləq şəkildə vaksinasiya olunmalıdır. Çünki ən ağır keçirənlər böyüklər və həmçinin də vaksinasiya olunmamış azyaşlı uşaqlardır.
Ümumiyyətlə, hansı infeksiyanın vaksini varsa, özünü qoruya bilmək üçün mütləq şəkildə onu etmək lazımdır”.