Fevralın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində
İsmayıllı hadislərinə görə ittiham olunanların məhkəməsi Müsavat
başqanının müavini Tofiq Yaqublunun vəsatəti ilə
başlayıb.
Tofiq Yaqublu vəsatətində bildirib ki, İsmayıllıya gəlməsi və
polisin onu rayondan çıxarması ilə bağlı video görüntü var. Deyib
ki, DYP-nin İsmayıllının girəcəyində quraşdırılmış
videokamerasından bunu görmək olar. Vəsatət qəbul olunmayıb. Tofiq
Yaqublu vəsatətinin qəbul olunmamasına etiraz edib. Hakimə bildirib
ki, siz saxtakarlıq edirsiz.
Bundan sonra şahid qismində İsmayıllı rayonu Hacəhətəmli kənd
sakini, sürücü Asif Ağayev dindirilib. O, şahid ifadəsində deyib
ki, İsmayıllı hadisələri baş verən gün rayon mərkəzinə sürücü kimi
gəlib. "Elə olub, işimlə bağlı mən rayon mərkəzinə gündə 3-4 dəfə
gəlmişəm. Nə baş verməsindən xəbərim olmayıb".
Dövlət ittihamçıları indiyə qədər məhkəmədə 86 nəfərin şahid
qismində dindirildiyini, əlavə şahidlərin dindirilməsinə ehtiyac
olmadığını bildiriblər.
"NİZAMİ ƏLƏKBƏROV MƏHKƏMƏYƏ GƏLSİN"
Bundan sonra Tofiq Yaqublu ilə İlqar Məmmədov keçmiş icra
başçısı Nizami Ələkbərovun məhkəməyə dəvət olunması ilə bağlı
vəsatət qaldırıb. Deyiblər ki, Nizami Ələkbərov bizim haqqımızda
müsahibə verdiyi üçün onun məhkəmədə iştirakı vacibdir. Vəsatət
qəbul olunmayıb.
Məhkəmə keçmiş icra başçısı Nizami Ələkbərovun oğlu
Elxan Ələkbərovun və onun qardaşı, keçmiş nazir Füzuli Ələkbərovun
oğlu Vüqar Ələkbərovun məhkəməyə dəvət olunması haqqında qərar
qəbul edib. Məhkəməyə gəlmələri ilə bağlı buna qədər onlara iki
dəfə müraciət olunub.
Onlar dəymiş ziyanla bağlı dindiriləcək.
Məhkəmə fevralın 10-da davam edəcək.
İsmayıllı hadisələri 2013-cü il yanvarın 23-də baş verib.
"Çıraq" otelinin iki işçisi yerli sakinləri təhqir edəndən sonra
hadisələr qızışıb. Otel yandırılıb. İğtişaşlar yanvarın 24-də
daxili qoşunların İsmayıllıya gəlməsindən sonra yatırılıb. Bundan
sonra 18 nəfər həbs olunub.
Onlar kütləvi iğtişaşların təşkili və iştirakında, hakimiyyət
nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.
İsmayıllı hadisələri ilə bağlı məhkəmə 2013-cü il noyabrın 4-də
başlayıb (Azadlıq.org).