İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər.
Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl
hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm
sürən aclıq və.s. bu amillərin sırasındadır. Son çağlar
sadalananların sırasına biri də əlavə olunub. Bu, ağ ölüm
adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı
olmasa da, onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi
inkaredilməzdir.
Artıq uzun müddətdir ki, narkomaniya
müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi
problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm
adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu
öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa
çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir.
Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə
malik olmalıdır.
Narkomaniyanın
tarixi
Təkcə yaxşı şeylərin tarixi olmur.
Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və
hara söykəndiyinə nəzər salaq. Tarixə baxsaq görərik ki,
narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası
deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ
eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara
yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.
Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında
yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi
qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək tibbi
məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar
orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan
dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq,
spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa
etmək kimi müalicə işlərində istifadə olunurdu.
Şərq ölkələrinə səyahətə çıxanlar
tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu
yanlış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı
gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir: "Kim tiryəkə
vərdiş edibsə, onu hər gün qəbul etməlidir".
XIX əsrdə Fransada "Həşişçilər
məclisinin" üzvü şair Şarl Bodler "Süni cənnət" əsərində asılı
olduğu "ağ sərxoşluq" mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq,
belə təsvir edir: "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin
nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu
arasında bərabərlik işarəsi qoymaq olar, ya yox: lakin mən təsdiq
edirəm ki, onların biri sakitcə tovlayan həşiş, digəri isə əndazə
bilməyən iblisdir".
Lev Tolstoy isə deyirdi: "Mən
dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan
əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır".
Narkotik asılılığın elmi anlayışı
ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda
isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək müxtəlif xalqların
genefonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə
çevrildi. Digər bir tərəfdən isə narkotik maddələrin qanunsuz
dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə oldu.
Mübarizə…
Narkotiklə mübarizə dedikdə,
narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların
qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı
diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı
müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən
insanlara qarşı mübarizə aparmaq adətən onları daha da
sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir.
Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək,
onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir
xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi)
və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və
çox müsbət nəticələr verir.
Qonşu Rusiyada narkotika istifadə
etdiyinə görə, insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki
yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə
olunmaq, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu yollardan
biri mütləq seçilməlidir. Amma bunu Azərbaycanda tətbiq etmək
qeyri-mümkündür. Çünki ölkəmizdə reabilitasiya mərkəzi və
proqramları yoxdur. Ekspertlərin fikrincə, Azərbaycanda
reabilitasiya proqramları olmadıqca narkomaniya ilə mübarizə
effektiv formada aparılmayacaq. Biz gəncləri bu bəladan qorumalı,
qoruya bilmədiklərimizi isə xəstə kimi qəbul etməməliyik. Bu
şəxslərə cəza tətbiq etməklə onları cəmiyyətdən təcrid etmək olmaz.
Psixoloqların fikrincə, araşdırmalar zamanı bəlli olur ki, bu
şəxslər dispanserə adətən o zaman müraciət edir ki, onların ailəsi
və yaxın adamları buna məcbur edir. Və ya narkomanların pulu
qurtarır, ağrılara dözə bilmir və xəstəxanaya müraciət edir.
Deməli, o xəstəxanadan çıxdıqdan sonra da bu zərərli maddədən yenə
istifadə edəcək.
İnsanlar narkomaniya adlanan
tora necə düşür?
Araşdırmalardan bəlli olur ki,
narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər
yaranmağa başlayır və istifadəçilər bu aldadıcı təsirin, yəni
sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu
qənaətin yanlış olduğunu isə deməyə heç ehtiyac yoxdur. Əgər hər
şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin
ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur
qazanan insanları onlar olardı.
Narkotikin aludəçisi olanlarla
aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər,
psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif
səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Əlbəttə,
narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması
faktdır.
Qeyd etdiyimiz kimi, narkomaniya
insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu
olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən
mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni
fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar – qara ciyər,
böyrək öz funksiyasını itirməyə başlayır. Bundan başqa narkotik
maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına
səbəb olur. Və ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik
qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə
istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən
həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır,
onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara
zərər verməyə başlayırlar.
Əfsuslar olsun ki, bu gün
orqanizmində narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin
nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək
belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti
inkişaf etdirən başlıca sütundur.
Uçurumun
kənarında
Narkotik istifadə edən insanlardan
doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa,
bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji
problemlərinin olmasını təsəvvür etmək çətin deyil. Bəs, biz
gələcək nəslin sağlamlığının qayğısına qalmaq üçün nə edirik? Ailə
quran zaman üzərimizə düşəcək məsuliyyətin ağırlığını dərk
edirikmi? Niyə nikahdan öncə tibbi müayinə şansımız ola-ola,
dünyaya qüsurlu körpələr göz açmalıdır? Narkomaniya üzündən ailələr
dağılmalıdır? Bir halda ki, bu problemləri əvvəlcədən bilmək və
qərar vemək şansımız var, kor-koranə uçuruma yuvarlanmaq nəyə
lazım?
Nikahdan öncə tibbi müayinə artıq
bütün dünyada ən çox danışılan və mübahisələrə, müzakirələrə səbəb
olan mövzudur. Mütəxəssislərin fikrincə nikahdan öncə tibbi müayinə
gələcəkdə ailə üçün hərtərəfli – həm fiziki, həm də psixoloji
baxımdan möhkəm zəmindir. Müxtəlif ölkələrdə bu məsələyə münasibət
də fərqlidir. Məsələn, Orta Asiya ölkələrində nikahdan öncə tibbi
müayinə məsələsi aktual olmasa da, gənclərin sağlamlığı barədə
onlardan formal məlumat tələb olunur. Qərb ölkələrində isə vəziyyət
tamamilə başqadır. Bu məsələyə çox ciddi yanaşılır. ABŞ-da qohum
olub-olmamasından asılı olmayaraq nikahdan öncə qan analizi
mütləqdir. Həkim sadəcə xəbərdarlıq edə bilər, nikaha isə heç kim
müdaxilə edə bilməz. Fransada isə nikahdan öncə tibbi müayinə artıq
qanuniləşib.
Elə Ukraynada da tibbi müayinədən
keçmədən nikah qadağandır. Qanuna əsasən cütlük nikahdan öncə tibbi
müayinədən keçməli və sağlamlıqları barədə bir-birinə məlumat
verməlidir. Problem olduqda dövlət tərəfindən onların tibbi
müayinəsi üçün lazımi şərait yaradılır, müayinənin nəticəsi isə
sirr olaraq qalır. Bu, yalnız gənclərə açıqlanır. Tərəflərdən
birinin səhhəti ilə bağlı problemi gizlətməsi nikahın etibarsız
sayılması üçün əsas ola bilər.
Azərbaycanda isə vəziyyət tamam
başqadır. Və əfsus ki, heç də ürəkaçan deyil. Çünki "milli
mentalitet" şüarını hər məsələdə qabardanlar nikahdan öncə tibbi
müayinəni qəbul etmir, hətta bunu ayıb belə hesab edirlər. Görünür,
gələcək nəslin sağlam artımı və digər problemlərin qarşısını almaq
üçün bunun mütləq olduğunu cəmiyyətə aşılamaq çətin olacaq.
Azərbaycanda bu qanun hələ ki,
qüvvəyə minmədiyindən həkimlər sadəcə, xəbərdarlıq edə və nikaha
daxil olanlara məsləhət verə bilər. Uzun müddətdir ki, ölkəmizdə
Ailə Məcəlləsinə dəyişikliklər olunması, nikahdan öncə tibbi
müayinənin vacibliyi müzakirə olunur. Burada əsas diqqət nikaha
daxil olan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatı orqanlarına tibbi müayinədən keçmələri haqqında arayış
təqdim etməsinə yönəlib. Tibbi müayinənin nəticələri barədə peşə və
xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu
məlumatları sirr olaraq saxlamalıdır. Əks halda həmin şəxslər
cinayət məsuliyyətinə cəlb olunacaq. Hazırda mövcud
qanunvericilikdə nikaha daxil olanların sadəcə bir-birini
məlumatlandırması ilə bağlı müddəa var. Ailə Məcəlləsinə əlavə və
dəyişikliklər olunarsa, mövcud qanunvericilikdə olan müəyyən
müddəalar ciddiləşəcək və inzibati xarakter alacaq.
Qeyd edək ki, Ailə Məcəlləsinə daxil
olan dəyişikliklərdə nikaha daxil olan şəxslərin tibbi müayinəsi,
ailə planlaşdırması üzrə məsləhətlər pulsuz olacaq. Həmçinin,
nikaha daxil olan şəxslərdən biri, özündə müəyyən edilmiş xəstəliyi
gizlədəcəyi təqdirdə, digər tərəf nikahın etibarsız sayılması
tələbi ilə məhkəməyə müraciət edə bilər.
Lakin qanunun qüvvəyə minməsi də
başqa bir problemin başlanğıcı ola bilər. Bunu edərkən isə hər iki
tərəf – həkim və ailə quracaq şəxslər kimi və nə üçün
aldadacaqlarını ölçüb-biçsin. Çünki narkotikin səbəb olduğu ailə
faciələri hər birimizə tanışdır. Ailə qurduqları insanın sağlamlığı
haqqında heç bir məlumat bilməyən qadınlar (kişilər də istisna
deyil) ciddi problemlərlə üzləşir. Və ən əsası bu qadının dünyaya
gətirdiyi körpələrin sağlamlığında ciddi problemlər meydana çıxır.
Azərbaycanda bu gün də əksər qadınlar öz hüquqlarını kifayət qədər
müdafiə edə bilmədiklərindən, ictimai qınaq ilə üzləşməkdən
qorxduqlarından və digər səbəblərdən boşanmaq əvəzinə narkotik
aludəçisi ilə yaşamağa məhkum olur. Bu isə eyni anda cəmiyyətə
psixoloji problemi olan bir neçə insanın artması deməkdir. Çünki
narkotik istifadəçisi ilə eyni evdə yaşamaq yalnız fiziki
xəstəliklərə deyil, psixoloji travmalara, mənəvi pozuntulara da
gətirib çıxarır. Elə buna görə də sonradan hər hansı problemlə
üzləşməmək üçün ailə qurarkən hər iki tərəfin sağlamlıq
müayinəsindən keçməsi vacibdir. Hələ ki, bunun mahiyyətini və
vacibliyini dərk edərək müayinədən keçənlər azdır. Məsuliyyətsiz
yanaşma isə cəmiyyət üçün təhlükə yaradır.
Ölüm satıcıları
Demək olar ki, dünyanın müxtəlif
ölkələrində narkotik maddə alveri ilə məşğul olan və bu biznesdən
yüksək mənfəət əldə edən insanlar var. Hətta bəzi ölkələrdə,
məsələn Hollandiyada narkotikin alışı və satışına qadağa belə
yoxdur. Bu hal qeyri-qanuni hesab olunmur və heç kim cinayət
məsuliyyətinə cəlb edilmir. Lakin digər ölkələrdə bu kimi halların
qarşısını almağa göstərilən cəhdlər, narkomaniya adlı bəla
insanların həyatını zəhərləməsinə əngəl ola bilmir.
Təəssüflə qeyd etməliyik ki, bu gün
ölkəmizdə də istər narkotik maddə satıcıları, istərsə də ondan
istifadə edənlər var. Buna səbəb nədir? Məgər səlahiyyətli orqanlar
həmin insanları cəzalandıra, digərlərini isə müalicə olunmaq üçün
xəstəxanaya yerləşdirə bilməz? Əlbəttə, narkotik maddə
satıcılarının həbs olunmadığını deyə bilmərik. Lakin az müddətdən
sonra onların yenidən öz çirkin əməllərini davam etdiklərinə
çoxumuz şahid oluruq.
Cəmiyyətdə bir problem digərini
yaradır. Düşünülməmiş atılan hər addım insanlara heç də hər zaman
xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da
narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını,
məhv edəcəyini düşünmür. Görəsən, ətrafımızdakı insanların bu
zəzərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? Cəmiyyət?
İnsan münasibətləri? İnsan özü? Bəlkə daxilimizdəki İBLİS?