Akif Abbasov
pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar
müəllim
Uzun illərlədir ki, pedaqoji universitet, institutlar və
eyni zamanda ali təhsil müəssisələrinin pedaqoji fakültələri
müəllim hazırlığında praktik istiqamət kimi pedaqoji təcrübənin
imkanlarından faydalanıblar və hazırda da müəyyən qədər
faydalanırlar. Fəqət get-gedə pedaqoji təcrübəyə ayrılan saatların
həcmi azaldığından məlum olur ki, yalnız pedaqoji təcrübənin köməyi
ilə pedaqoji kadrları müəllimlik peşəsinə praktik cəhətdən
hazırlamaq çətinlik törədir.
Pedaqoji internaturaya tələbat meydana gəlir. Pedaqoji
internatura – ali pedaqoji təhsil müəssisələrinin nəzəri
biliklərinin və praktik vərdişlərinin təkmilləşdirilməsi,
seçdikləri müəllimlik peşəsi üzrə internlərin müstəqil fəaliyyətə
hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçən
diplomdan sonrakı (ilkin ali təhsildən sonrakı) peşə təhsilinin
formasıdır.
İnkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanların
müəllimlik fəaliyyətinə başlaması üçün onlar internaturadan keçir,
yəni müəllim fəaliyyətinə başlamaq üçün lisenziya alırlar. Müasir
Rusiyada müəllim hazırlığı iki istiqamətdə gedir: "Pedaqoji təhsil"
və "Psixoloji-pedaqoji təhsil". Bu hazırlıq iki standarta uyğun
gəlir: ali təhsilin akademik standartına və peşə standartına. Ali
təhsilin akademik standartını ali təhsil haqqında diplom (bakalavr,
magistr) təsdiq edir.
Bəzi ölkələrdə internatura 1, bəzilərində 2 il ərzində tətbiq
edilir. Tədqiqatlardan görünür ki, inkişaf etmiş ölkələrin
bəzilərində pedaqoji internatura təcrübəsinin aşağıdakı adları
mövcuddur:
- məktəbdə işin sınaq ili (Böyük
Britaniyada);
- məktəbdə işin birinci ili
(Yaponiya);
- referendariat (Almaniya);
- peşəyə giriş proqramı (Kanada);
- internatura (ABŞ).
Pedaqoji və psixoloji-pedaqoji təhsil sahəsində konsepsiya və
proqramların yaradılması zamanı ilk növbədə ali tibb təhsili
sisteminin təcrübəsi və eyni zamanda inkişaf etmiş xarici ölkə
(ABŞ, Almaniya, Böyük Britaniya, Fransa) pedaqoqlarının praktik
hazırlığı təcrübəsi əsas götürülməlidir.
Pedaqoji internatura komponentlərinin təhlilindən görünür ki,
ona müxtəlif adlar verilməsinə, müxtəlif təhsil müddəti, müxtəlif
iş formaları müəyyənləşdirilməsinə baxmayaraq, o, dünyanın
ayrı-ayrı xarici ölkələrində maliyyə cəhətdən və metodik baxımdan
təchiz olunub, yenicə işə başlayan müəllimin işinin səmərəliliyini
qiymətləndirməyə aparan məqsədyönlü prosesin mühüm
mərhələsidir.
Pedaqoji internatura aşağıdakı vəzifələri həyata keçirir:
- gələcək müəllimlərdə seçdiyi peşə fəaliyyətində
kompetensiyaların formalaşdırılması və inkiaf
etdirilməsi;
- ali təhsilin bakalavriat mərhələsi məzunlarının
gələcək peşə fəaliyyətində praktikaya maksimal yaxınlaşma
şəraitində təlim-nəzəri hazırlığı;
- peşə pedaqoji fəaliyyətdə özünüinkişafa yönələn
bakalavriat məzunlarının təhsil-tədqiqat
hazırlığı;
- seçilmiş peşə fəaliyyətində bakalavrların
elmi-praktik hazırlığının təkmilləşdirilməsi.
İnternlər həm təhsil almalı və həm də məktəbdə müəllim kimi
fəaliyyət göstərməlidirlər, başqa sözlə, həm də işləyib maaş
almalıdırlar.
İnternatura ali pedaqoji təhsilin tədris proqramlarını
mənimsəyən şəxslər üçün peşə hazırlığının zəruri formasıdır.
İnternatura gənc mütəxəssislərə təhsil sistemində müvafiq vəzifə
tutmağa, ümumi təhsil məktəblərində dərs aparmağa imkan verir.
İnternaturada təhsil pedaqoji universitet və institut, yaxud ali
təhsilin pedaqoji fakültəsi məzunu ilə ali təhsil müəssisəsi
arasında əmək müqaviləsi və razılaşma əsasında təşkil olunur.
İnternlərin təhsili fərdi plana əsasən, diplomdansonrakı
pedaqoji kadr hazırlığına Azərbaycan Respublikası hökumətinin
verdiyi tələblərə uyğun olaraq, rəhbərlik tərəfindən işlənib
hazırlanmış tədris planı və proqramı əsasında həyata keçirilir.
Dünyanın inkişaf etmiş ölkələrində pedaqoji internaturanın ümumi
səciyyələndirilməsi Azərbaycan Respublikasında da internaturanın
(zəruri pedaqoji stajkeçmənin) təşkili üçün müəyyən əsas verir.
Azərbaycanda pedaqoji internaturada təhsil müddəti 1 il nəzərdə
tutula bilər.