Hesablama Palatasının keçən
il Respublika Neyrocərrahiyyə Xəstəxanası, Mingəçevir və Lənkəran
şəhərlərinin, həmçinin Göygöl və Quba rayonlarının mərkəzi rayon
xəstəxanaları və bu kimi xəstəxanaların tabeliyində olan tibb
müəssisələrinin fəaliyyəti ilə bağlı auidit tədbirləri
aparıb.
Report-un
xəbərinə görə, bu barədə "Azərbaycan Respublikası Hesablama
Palatasının 2015-ci ildə fəaliyyəti haqqında" adlı hesabat
sənədində bildirilib.
Audit sübutları ilə müəyyən edilib ki, nəzarət obyektlərində
əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra
icra göstəriciləri arasında bəzi uyğunsuzluqlar mövcuddur.
Sənəddə qeyd olunub ki, nəzarət tərdbirlərinin nəticələri hər il
proqnozlaşdırma prosesində kifayət qədər vakant yerlərin
mövcudluğunun nəzərə alınmamasının son nəticədə artıq əmək haqqı
məbləğlərinin ödənilməsinə şərait yaratdığını göstərir: "Təhlil,
əsasən, tarifləşdirmə və əməyin ödənilməsi dərəcələrinin düzgün
təyin edilməməsi, həmçinin, artım və əlavələrin düzgün
hesablanılmaması və təcili yardım xidməti üzrə tibbi heyətə artıq
əmək haqqı ödənilməsi və digər müxtəlif səbəblərdən artıq icra
edildiyini göstərir.
Səhiyyə obyektlərində aparılan monitorinqin nəticəsində həmin
dövrdə xəstə sayının digər dövrlə müqayisədə az olduğunu göstərir.
Eyni zamanda, səhiyyə obyektlərində bir çarpayı gününə düşən
vəsaitin məbləğində nəzərəçarpacaq fərqlərin mövcud olduğunu
göstərir. Dərman xərcləri üzrə ən yüksək göstərici Lənkəran Mərkəzi
Rayon Xəstəxanasına, ərzaq xərclərinə görə isə Quba Mərkəzi Rayon
Xəstəxanasına aid olub.
Təhlil, həmçinin, şəkərli diabet xəstələrinin sayının dəyişməsi
ilə bu xəstəlik üçün ayrılan dərman xərclərinin məbləğinin də uyğun
olmadığını göstərir. Belə ki, bəzi səhiyyə müəssisələri üzrə
xəstələrin sayının artmasına baxmayaraq şəkərli diabet xəstələri
üzrə dərman xərclərinin azaldığı, bəzi müəssisələrdə isə artım və
azalmaların xəstə sayına müvafiq olmadığı müəyyən edilib".
Müəyyən olunan nöqsanların aradan qaldırılması üçün Mingəçevir
şəhər xəstəxanasında artıq saxlanılan 3 ştat vahidi ləğv olunub,
mühafizə şöbəsinə artıq ödənilən 4,5 min manat məbləğində vəsaitlə
qarşılıqlı üzləşmə aktının tərtib edildiyi qeyd olunub. Həmçinin, 2
mühasibin işdən azad edildiyi, 2 mühasibə şiddətli töhmət verildiyi
və baş mühasibə xəbərdarlıq elan olunub.
Bundan başqa, Göygöl rayon xəstəxanasında baş mühasibə, 2
mühasibə, iqtisadçı və 2 əməkdaşa şiddətli töhmət verildiyi
bildirilib.
Quba rayon xəstəxanasında işlərində nöqsanlara yol verən 6 nəfər
vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi,
baş mühasibə, 2 mühasibə, iqtisadçı və 2 əməkdaşa töhmət
verilib.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasında işlərində nöqsanlara yol
verən 5 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri
tətbiq edilib. Baş mühasibə, böyük mühasibə və 1 əməkdaşa töhmət
verilib, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş
həkiminə və Mərkəzi Rayon Xəstəxanasının təsərrüfat işləri üzrə
əməkdaşına xəbərdarlıq edilib.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd
aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.