Bir müddət bundan əvvəl yağmış intensiv yağışlar
respublikada mövcud olan bütün sürüşmə zonalarında aktivliyə səbəb
olub, ölkə üçün çox əhəmiyyətli olan bəzi magistral yollarda isə
ciddi təhlükəli vəziyyət yaranıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun
direktor müavini Elbrus Əlizadə Trend-ə bildirirb ki, hazırda ən təhlükəli vəziyyət Bakı-Şamaxı
yolunun 102-103-cü km-liyindən 116-117-ci km-ə qədər olan məsafədə,
Şamaxının Muğanlı kəndindən (Bakı-Şamaxı yolunun 130-cu km-dən)
başlayaraq, Ağsu aşırımının başlanğıcına qədər olan ərazidə və tam
olaraq, Ağsu aşırımındadır.
Bu ərazilərdə yeni sürüşmə sahələrinin də yarandığını deyən
E.Əlizadə qeyd edib ki, son dövrlərdə Bakı-Şamaxı, Bakı-Qobustan,
Şamaxı-Ağsu magitral yollarında xüsusilə fəallıq müşahidə
edilir:
"Qobustanla Şamaxı arasındakı yolda əvvəllər də çoxlu sürüşmə
zonaları var idi. İndi isə yola birbaşa təhlükə yaradan sahə yolun
daha çox 106-107 km-liyindəki çox geniş bir ərazidir. Bakıya
gedəndə yolun bu hissəsinin həm sol, həm də sağ tərəfində sürüşmə
və sürüşmə-uçqunlar baş verib. Ağsu aşırımlarının başlanğıcında da
- "Şərədil" İstirahət Mərkəzindən Ağsuya tərəf olan yolun sol
tərəfində sürüşmə zonası inkişaf etməkdədir. Bu zonaların hər
birində sürüşmələrin inkişafı hazırda da davam edir".
E.Əlizadə qeyd edib ki, Bakı-Şamaxı yolunun 107-ci km-liyində
çox aktiv olan sürüşmə sahəsinin uzunluğu təqribən 200 metrə, eni
50-60 metrə, sınma divarlarının
uzunluğu 60 sm-dən 1,5 metrə, ərazidə sürüşən kütlənin həcmi 600
kub metrədək çatıb.
E.Əlizadənin sözlərinə görə, Bakı-Şamaxı yolunun 106-107-ci
km-liyində aparılan tədbirlər yetərli deyil: "Bu ərazidəki istinad
divarı sürüşmə kütləsini tam olaraq əhatə etmir. Digər tərəfdən,
istinad divarı mühəndis qurğusu kimi düzgün tikilməyib. Laylarda
yığılan artıq suları arxa ötürməkdən ötrü divarda yer, yəni
dunkerlər qoyulmayıb. Ona görə də sular süxurlarda yığılır,
nəticədə onlar maye palçıq halına düşərək divarın üstündən
aşır".
İnstitutun direktor müavini qeyd edib ki, Ağsu aşırımının
başlanğıcında yerləşən "Şərədil" İstirahət Mərkəzindən təxminən 100
metr aralıda yerləşən yolda uzunluğu 92 metrə, dərinliyi 1 metr 60
sm-ə çatan sürüşmə-çökmə ərazisi qeydə alınıb: "Bu sürüşmə sahəsi
mərkəzə doğru inkişaf edir".
Sürüşmə sahələrinin getdikcə böyüyəcəyini deyən E.Əlizadənin
sözlərinə görə, magistral yollardakı sürüşmənin qarşısını almaq
üçün drenaj sistemi yaradılmalı, yolun kənarlarında bitki örtüyü
salınmalıdır.