Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə
qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir
göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin
yaradılması idarəetmədə olan bir dəyişiklikdir.
Trend-in
məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)
sədri Məleykə Abbaszadə deyib.
Hazırda sənəd qəbulunun aparıldığını xatırladan M.Abbaszadə qeyd
edib ki, son dəyişikliklər bu prosesə təsir göstərməyəcək və sənəd
qəbulu davam edəcək.
Komissiya sədri qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı
heç bir dəyişiklik edilməyəcək: "İmtahanların keçirilməsi, onların
mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə
əlaqədar dəyişikliklər olmayacaq. İmtahanın mahiyyətinə aid olan
dəyişikliklər abituriyentlərə bir il əvvəl elan edilir. Bu ilin
qəbul qaydaları isə elan edilib, onlar artıq dəyişdirilə
bilməz".
M.Abbaszadə hazırda TQDK-nın öz fəaliyyətini davam etdirdiyini
deyib: "Bir sıra hüquqi prosedurlar yerinə yetiriləndən - yeni
qurum dövlət reyestrinə daxil edildikdən sonra biz fəaliyyətimizi
dayandıracağıq. Yeni struktur dövlət qeydiyyatına alınana qədər isə
öz işimizi davam etdirməliyik. Buna görə də Prezidentin fərmanına
əsasən, biz öz işimizi hələ davam etdiririk".
M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılması ilə əlaqədar
idarəetmədə olan dəyişikliklərin proseslərin daha da
şəffaflaşmasına xidmət edəcəyini söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında
fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzi ölkədə dövlət
qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil
pilləsində təhsilalanların yekun qiymətləndirilməsini
(attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil
müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb
təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan
Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə
mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək
məqsədilə yaradılır.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət
İmtahan Mərkəzinin balansına verilir.