"Azərbaycanda boşanmaya daha çox qadınlar
meyllidir".
Bu sözləri erkən nikahlar üzündən gün-gündən artan boşanmalarda
daha çox hansı tərəfin ayrılmağa meylli olmasıyla bağlı "Axar.az"ın
sualını cavablandırarkən vəkil Rəşad Cəbrayılov bildirdi.
Kişilərin haqlı qısqanclığı
Vəkillər kollegiyasının üzvü, 12 saylı hüquq məsləhatxanasının
vəkili, hüquqşünas Rəşad Cəbrayılov bu fikri təcrübəsinə
əsaslanaraq söylədiyini bildirdi:
"Mənim iştirak etdiyim məhkəmə proseslərində daha çox qadınlar
boşanma ərizəsi ilə müraciət ediblər. Boşanma halına gəlib çatmanın
səbəbləri müxtəlifdir. Elə ailə var ki, maddi cəhətdən hər cür
təminatlı olduğu halda ərlə-arvadın "xasiyyətlərinin uyğun
gəlməməsi" boşanmaya səbəb olur. Amma əksər hallarda ailələrdəki
boşanma halları daha çox maddi yetərsizlikdən və gənc ailələrə
böyüklərin mudaxiləsi nəticəsində baş verir. Belə ki, ailədə cüzi
problem yaşananda hər iki tərəfin valideyninin mudaxiləsi
"qarışqanın filə çevrilməsinə", nəhayət, ailənin dağılmasına səbəb
olur. Digər səbəblərdən biri də insanların, əsasən da qadınların
son zamanlarda sosial şəbəkələrdə fəallığıdır. Qadınların sosial
şəbəkələrdə "görünməsini" həzm edə bilməyən kişilər var. Həm də
bir-çox hallarda qadınların sosial şəbəkələrdəki "fəallığı"
kişilərin haqlı qısqanclığı ilə müşahidə olunur. Bu fəallqların
mentalitetə zidd olması, kifayət qədər sərbəst olmaları əsas
götürülür".
Boşanan qadınlar "tənha qadın" statusu
alırlar
Sosioloq Cavid İmamoglu da boşanma səbəblərinin çox olduğunu
deyir:
"Boşanan qadınlar "tənha qadın" statusu alırlar. Bu "tənhalıq
statusu" onlara məişətdə heç bir üstünlük verməsə də, bir qədər
azadlıq və sərbəstlik verir. Azərbaycanda qadınlar o zaman
boşanmaya ilkin olaraq müraciət edir ki, o məişət zorakılığına
məruz qalıb. Bu zorakılıqlar isə dözülməz hala gəldikdən sonra
qadın boşanma üçün ərizə verir. Lakin cəmiyyətin də boşanmalara
münasibəti birmənalı olmur. Bəzən qadınlara boşanmamaq üçün kənar
müdaxilələr olur, mənəvi təziqlər edilir. Bu müdaxilələr bəzən
ailədə boşanmanın qarşısını alsa da, gələcəkdə baş verəcək faciədən
siğortalamır. Maddi sıxıntılar da boşanmaya səbəb olan başlıca
amillərdəndir".
Qadınlar daha dözmür…
Psixoloq Dəyanət Rzayev boşanmaların sayının artmasında
qadınların "fəallığını" heç də mənfi hal kimi qiymətləndirmir:
"Qadınlar kişilərin zorakılığına, şiddətinə əvvəllər
"eşidən-bilən nə deyər, qohumdan-əqrəbadan ayıbdır",- deyib
dözürdüsə, indi bunu qəbul etmir. Hüquqlarının müdafiələrinə qalxır
və zorakılığa, başa düşülməməzliyə etiraz olaraq boşanmaq üçün
müraciət edirlər. Heç kəs səbəb olmadan ailəsinin dağılmasını
istəməz..."
Xatırladaq ki, rəsmi statistikaya görə, ötən il Azərbaycanda
86,9 min nikah və 11,7 min boşanma halı qeydə alınıb.