Ana səhifə Toplum |
Kamal Abdullanın "Yol-xüsusi isim" məqaləsini təqdim
edirik.
Bir dəfə yazmışdım: "Yol" mənim üçün xüsusi isimdir. Bununla demək
istəməmişdim ki, gör mən Yolu necə gözəl sevirəm. Yox, əslində, Yol
məni üzən bir reallıqdır. Yola düşənədək min bir əzab içində
oluram, az qala dərd çəkirəm. Yola düşmək çətin olur, qıvrılıram,,
vaysılanıram, daha hansı bicliklərə əl atmıram ki, Yol məni çəkib
aparmasın. Olmayanda olmur, bir də görürsən yolçuya dönmüsən,
gedirsən. Hara? Niyə? Nə üçün? Bizə elə gəlir ki, biz bunun
cavabını bilirik. Əslində, bilmirik, bunu bilmək nəsibimiz deyil.
Nə yaxşı ki, deyil. Əslində, təkcə Yol yox, cavabını bilmədiyimiz
mətləblərin hamısı bizim üçün xüsusi isim olmalıdı.
Ruhunda Yol məzmununu daşımayan mətn yoxdur. Məncə, belə bir mətn
ola bilməz. Yol barədə olsa da, yollçuluqdan bəhs və nəql etsə də,
etməsə də. Mətn də adam kimi yol gedir, yaxud yol ilə gedir. Sən
mətni anlamaq üçün ilk öncə onun getdiyi yolu anlamalısan. Ya mətn
səni yola gətirir, ya da yol səni mətnə. Nəriman Əbdürrəhmanlının
"Yolçu" adlı romanı məni Yolun başlanğıcına gətirdi, sonra da Yolun
içinə saldı. Və mən gördüm ki, Yol özü mənə tərəf gəlir. Yol mənə
tərəf gələ-gələ çox mətləbləri mənə əyan etdi və çox vaqeləri mənə
göstərdi.Yol məni ağuşuna aldı və balaca, yeniyetmə, gənc, cavan,
yaşlı, ahıl, qoca Yusifin arxasınca düşüb mən də 18-ci əsrin bir
ucundan vurub o biri ucundan çıxdım.
Nəriman Əbdürrəhmanının "Yolçu" romanı, məncə, Azərbaycan
ədəbiyyatının fəxrediləsi bir romanıdır. Ağır romandır. Mətnlə
işləyənlər (mətndən danışanlar yox, mətnlə işləyənlər!) bilir, mən
nə demək istəyirəm.
Mən ikinci belə bir roman tanımıram ki, yol ilə yolçu bu qədərinə
bir-birinə qaynayıb-qarışmış olsun. Bu roman kiçik miniatürlərin
mozaik birləşməsindən çağlayan möhtəşəm şəlalə kimidir. Nəhəng
həcminə baxmayaraq zərif bir kəpənək kimidir.
Mən bu romanı həm beynimlə oxudum, həm qəlbimlə. Əsl oxucular
(oxuyucular yox!) bilir bu nə deməkdir. Bu ağırlığında mətndə
bir-birini inkar edən, ən uzaqda belə dursa, bir-birilə uyuşmayan
söz, cümlə, mətləb, xətt, demək olar ki, yoxdur. Necə Nəriman buna
nail olub – bilmirəm. Böyük ədəbi hünərdir. Dili, cümləni, sözü
hiss etməyin ən yaxşı nümunəsi elə budur. Nəfəs bütövlüyü elə
budur. Beynim mənə oxuduqca deyirdi ki, sən düz yoldasan, narahat
olmağa dəyməz, hər şey yerli-yerindədir, mətn üçün təhlükəli heç nə
yoxdur, gözüyumulu da gedə bilərsən bu yolu – arxayın ol, ayağın
daşa dəyməyəcək. Qəlbim isə deyirdi, öz uşaqlığından ayrılmış bu
qoca, nəhayət, o bakirəliyin, röyanın, ruhun vətəninə geri dönüb
qayıda biləcəkmi, öz ilk məhəbbətini görə biləcəkmi? "Ol
zamanlar"da axı bir şəhərdən çıxıb başqa şəhərə getmək, əslində,
ömürlük vidalaşma demək idi. Tiflis, Şeyx Sənanların Tiflisi uzun
onillərdən sonra yerin təkindəki xəyallar aləmindən çıxıb bir daha
onun gözlərinə həqiqətlər aləmində görükəcəkmi? Səhifədən səhifəyə
qəlbim çırpınırdı, bir istəyirdim, səhifələri on-on, beş-beş
çevirib mətləbdən, yəni yoldan kənara çıxım, sualıma tez-tələsik
cavab tapım, amma səhifənin cazibəsi məni özündən belə süni şəkildə
aralanmağa qoymurdu. Bu roman rəngli televizorun göstərdiyi, səni
qıcıqlandırmayan, "niyə belə yox, belə oldu?" dedirtməyən bir
romandır. "Kiçik" nəsrdə bunu Şahmar etmişdi, "böyük" nəsrdə
Süleyman Rəhimov etmişdi, İsa Hüseynov edir…
Mətn ki, dedin, ilk olaraq yada dil düşür. Roman dili bu gün
hamının yaralı yeridi. Bilən də danışır bu barədə, bilməyən də.
Bilməyən daha bərkdən danışır. "Yolçu"da dil elə şəhdi-şövqlə axıb
gedir ki, müəllifin hansısa məqamda hansısa sözü axtarmasına
inanmırsan, söz burada öz-özünə zühur edib öz-özünə mətnin içinə
girmiş kimidir. O, müəllifin saldığı yolla gəlir, yol sözü ahənrubə
kimi özünə çəkir. Sonra daha qəribə hadisə baş verir. Sonra söz
səni dəmir qəfəsə salır və təsvir etdiyi dövrün cazibəsindən
buraxmır. Cümlənin gözəlliyinə baxın: "Yüngül yaz dumanı get-gedə
dağılır, günəş dağları, elə bil, sonsuzluğun içindən çəkib
çıxarırdı." Flober nahaqdan demirdi ki, cümləni mətnə daxil
etməzdən əvvəl, onu ayrıca yazmaq lazımdır. Əgər o gözə də xoş
görünürsə, o zaman o cümləni işlətmək olar.
Orta əsr tarixçi və təzkirəçilərinin, salnaməçilərinin təbiət,
əxlaq, xasiyyət və dil cazibəsi romana elə hopub ki, və bu üslub
ədası, dil təşəxxüsü müəllif tərəfindən elə incə bir ustalıqla
romanın toxumasına daxil edilib ki, Firəngistanda da, Türkiyədə də,
İranda, Azərbaycanda və Gürcüstanda da o səni əsas məqsəddən
(Yoldan) yayındırmır. Parisdə onu fransız ahəngi, İstanbulda türk
ahəngi, İranda fars və Azərbaycan intonasiyası ilə qəbul
edirsən.
Müəllifi nə qədər axtarırsan bu romanın içində axtara bilərsən, sən
onu tapmayacaqsan. Sən onu roman personajlarının genetik şəcərəsini
özündə yaşadan uzun və dərin keçmişə aparan adlar labirintində
itirəcək, Parisin Bulon meşəsində (bilmirəm bu meşənin o zamankı
adı Bulon meşəsi idi, ya başqa cür adlanırdı) tapdığını sanacaqsan,
olmayacaq, İstanbulun dəniz limanının girəcəyindəki yelkənlərini
qaldırmaq istəyən gəmiyə minən yerdə yenə də onu, elə bil ki,
görəcəksən. Amma yenə də yox. O, çayqovuşandadır, Nadir xanın Nadir
şaha çevrildiyi əzəmətli alaçıqdadır, düşünəcəksən, odu, şahın
hüzurundakı bu şücaətli, əsilli-nəsəbli adamlar arasındadı, bu dəfə
də çifayda, hər biri tarixin az qala özü olanlar arasında sən yenə
də müəllifi ilğım kimi itirəcəksən. Müəllif yenə də yoxdur. O,
ümumiyyətlə, yoxdur! Burada hamı var – dərvişlər, tacirlər,
tarixçilər, saray əyanları, alimlər, salnaməçilər, avantüristlər,
əxlaqlı və əxlaqsız qadınlar, yolkəsənlər, qatillər, qurbanlar,
saray ağaları, əskərlər, nökərlər, keşikçilər, mollalar, hacılar,
məliklər… burada kimlər yoxdu?! Burada müəllf yoxdur.
Amma Yolçu var. Kim deyə bilər ki, bu yolçu həm də o müəllif
deyil?! Baxtinin arzuladığı, prinsiplərini ortaya qoyduğu
polifonizm "Yolçu"da özünün pikinə çatıb.
Var Azərbaycan ədəbiyyatında ağır mətnlər. Məsələn, ilk yadıma
gələn Süleyman Rəhimovun "Saçlı" romanıdır. Bədii sənətkarlığın
zirvələrindən biri. Bu bütöv nəfəsi, bu mükəmməl üslubu, bu
möhtəşəm idarəçiliyi (bəli, bəli, idarəçiliyi! Mətn daxilində də
idarəçilik var!) itirilmiş bədii cənnət, qurumuş ağac sanmağa
tələsənlər yəqin ki, oldu. Amma elə deyilmiş. Azərbaycan bədii
təfəkkürü bir daha bu düşünülməz ağırlığın altına girməyi bacardı.
Eyni xəttin bu gün də davam etməsinin ədəbi və bədii sevincini
"Yolçu" yaçatdı.
"Yolçu"dan alınan təəssürat, əlbəttə ki, bir yazıya sığmaz.
Tolstoyları, Dostoyevskiləri. Folknerləri, Heminqueyləri, Coysları,
Kafkaları və daha kimləri bir su içimində oxuyanlar və bayılanlar
düz edirlər. Əlbəttə ki, adını sadaladığım müqtədirlər olmadan
ədəbiyyat yoxdur. Əlbəttə ki, bu oxuyucuların, məncə, böyük
əksəriyyəti nə oxuduqlarını adekvat olaraq bilmirlər, amma nə
etməli, bu internet cocuqlarını anlamaq mümkündür. "Biz də tumançaq
deyilik, biz də nəsə bilirik" sindromunun bu gün baş alıb getdiyi
bir ədəbi məkanda yaşayırıq. Olsun. Heç olmasa adlarını bilsələr də
bəsdi. Amma…
"Bibliya"dan gələn bir kəlam var. Deyir, "öz vətənində peyğəmbər
olmaz!" Bu vəsiyyətin acısı ilə böyüklərimiz xeyli yaşadı, bəsdi!
Gəlin bir görək, başqa cür yaşaya bilərikmi? Mən çox istərdim ki,
güllü-bağçalı vətənimizin ədəbiyyat fədailərini də anlamadığımız,
amma oxumağımızla kiməsə yanıq verdiyimiz xarici ustadları görə
bildiyimiz qədərin yarısıycan görə bilək. Mən istərdim ki, "Prustu
oxuyub bayıldım, Pamuk bilirsən, neyniyib?!" deyənlərin dilinə,
böyük Şəhriyar demiş, bizimkilərin də bir adı gəlsin. Unutmayın,
siz "Yolçu" kimi əsərləri görməsəniz, yaxud özünüzü görməzliyə
vursanız, sizi gələcək nəsillər bağışlamayacaq. Yox, bu çox politik
oldu, gələcək nəsillər bu cür ağıldangöyçək tənqidçi və
tənqidçibaşılara təsadüfi adamlar kimi baxacaq, onları, sadəcə,
mətndən uzaq adamlar sayacaq.
Nəriman artıq neçə romanıyla Azərbaycan ədəbiyyatı deyilən "uzun,
incə" bir yoldadır. Sakit tərzi, mütəvazi durumu ilə öz-özüylə
danışa-danışa getməyindədir. Bilirsizmi, Yol da onunla bir yerdə
hərəkət edir. Çünki, həqiqətən, kim deyibsə düz deyib: "yolla gedən
olmasa, bilinməz, bilinməz gəlir bu yol, ya gedir." Yol da onunla
bir yerdə bizə tərəf gəlir. O, yolu bizim yanımıza gətirə
bilənlərdəndir.
Həcmcə Sizif qaldıran qayaya bənzəyən, amma həm də bir kəpənək
qədər, qanadının tərpənişiylə Sakit okeanda tufan yarada bilən
kəpənək qədər zərif olan "Yolçu" özü heç kimdən heç nə istəmir. Heç
nə gözləmir. O, öz yolu ilə gedə-gedə, sadəcə, bizi görmür.
Nəhayət, ən acılı olanı, o, sizdən, bizdən heç nə ummur. Bunun özü
bir ağrı deyilmi?
Həqiqətən, Yol xüsusi isim imiş (Kulis).
Tarix
2014.02.14 / 19:18
|
Müəllif
Axar.az
|