Mayın 9-dan etibarən AZALJET
brendi ilə yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz
isti yemək veriləcək.
Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətindən
Axar.az-a bildirilib ki, AZALJET aviareyslərində qidalanma AZAL-ın
klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq.
Sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi),
çörək, şirə, su, çay və ya qəhvə, uçuş səhər yerinə yetirilirsə -
səhər yeməyi təklif olunacaq.
Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet
bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş
etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki
seçmək imkanı olacaq. Eyni zamanda, mayın 9-dan başlayaraq bütün
AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə
verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq. Əl yükünün
ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.
Hazırda AZALJET brendi altında daha çox tələb olunan
istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə
Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov,
Tehran, Aktau, Kazan, Minvodı, Ankara kimi şəhərlər, həmçinin
Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları
daxildir.
AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş
olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə
49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün
vergi və yığımlar daxildir.
Qeyd edək ki, mayın 9-dan etibarən Dubaya uçuşlar AZAL brendi
altında yerinə yetiriləcək, buraya tam çeşidli bort qidalanması və
baqajın pulsuz daşınması daxildir.