"Sabahın alimləri" Respublika Müsabiqəsində işi
plagiatdır - deyə müsabiqədən kənarlaşdırılan Əminə Əmirxanlının
Respublika Təhsil Naziri Mikayıl Cabbarova ünvanladığı müraciətinə
hələ ki, münasibət bildirilməyib.
Bu sözləri "Axar.az"a açıqlamasında Ə.Əmirxanlının anası Natəvan
Məmmədova deyib.
"Təhsil Nazirliyindən hələ ki heç bir açıqlama yoxdur, amma
bizdə olan məlumata görə, iş araşdırılır. Əminənin şikayəti ilə
əlaqəli Elmlər Akademiyasının müxbir üzvü akademik Vaqif Abbasov
xəbərlər proqramlarından birinə müsahibəsində bildirib ki, proyekt
plagiatdır və Kamran Mahmudovun dissertasiya işinin avtoreferatında
çap edilib. Bu olduqca yanlış fikir idi və araşdırmalar sonucu bir
daha əmin olacaqlar ki, heç də belə olmayıb. Ən acınacaqlı məqam
ondadır ki, Əminənin şikayətindən sonra Kamran Mahmudovun
dissertasiya işini sübut kimi müsabiqəyə gətirən akademik sona
qədər də XI sinif şagirdinin ortaya qoyduğu proyektlə dissertasiya
işləri arasındakı fərqləri anlaya bilməyib.Əminə dəfələrlə onun
hazırladığı hansı hissələrdə plagiat olduğunu sübut edilməsini
tələb etsə də akademikimiz bunu aşkara çıxara bilməyib.Bu yerdə
yalnız təəssüflənirəm ki, müsabiqə iştirakçılarının taleyi onlardan
asılıdır".
N.Məmmədova proyektin plagiat olması ilə bağlı fikirləri qəbul
etməyib bildirdi ki,qızım proyekti həm azərbaycan,həm də Amerika
mərhələsinə görə ingilis dilində hazırlamışdı. "Proyekt Elmi
Ekspert Komitəsinə (EEK) azərbaycanca təqdim olunur. EEK
proyektlərdə qüsur, plagiat aşkar etdiyi məqamda işi müsabiqəyə
buraxmır. Amma proyekt həmin mərhələni uğurla keçmiş və müsabiqəyə
buraxılmışdı. Azərbaycan dilindəki annotasiyada istinad edilən
müəlliflər mətnin sonunda, amma ingilis variantı və posterdə
istinad edilən müəlliflər mətnin içərisində verilmişdi. İngilis
variantında mətn texniki qüsursuz olub. Amma texniki qüsuru
akademikimizin plagiat adlandırması heyrət doğurur.Qüsuru
aşkarlayan akademikimiz işdə ortaya qoyulan o böyüklükdə yeniliyi
təəssüf ki, aşkarlamağı bacarmadı".
Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsinin iştirakçısı olan
Əminə Əmirxanlının işi 14 fevral tarixində plagiat adlandırılaraq,
müsabiqəyə buraxılmamışdı. Əminənin özü isə bununla bağlı
komisiyyanın yaradılması üçün Təhsil naziri Mikayıl Cabbarova
müraciət etmişdi.