İlk Bələdiyyə seçkilərinin
keçirilməsindən bizi 16 ilə yaxın vaxt ayırır. Yerli
özünüidarəçilik təcrübəsi 100 illərlə olan xarici ölkə
bələdiyyələri ilə müqayisədə 16 il uzun müddət olmasa da,
bələdiyyələrin təşkilatlanması və inkişaf edə bilməsi baxımından az
müddət deyil.
Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətinin nəzərində bələdiyyə
deyərkən yol çəkən, təmizlik və abadlıq işləri aparmalı olan qurum
obrazı formalaşıb. Halbuki, bələdiyyə orqanları yerli iqtisadi
inkişaf proqramlarının qəbulu və icrası kimi geniş fəaliyyət
sahəsinə malikdirlər.
Bütövlükdə, bələdiyyələrin fəaliyyəti analiz edildikdə bu
qənaətə gəlmək olur ki, artıq bələdiyyələrin keyfiyyətcə yeni
iqtisadi formasiyaya qədəm qoyma vaxtı gəlib. Gəlirlərinin əsas
hissəsini torpaq alğı-satqısı və yerli vergilərdən daxil olmalar
təşkil edən bələdiyyələr əllərində olan geniş imkanlardan səmərəli
istifadə etməyə nail olsalar, büdcə gəlirlərinin həcmini
əhəmiyyətli dərəcədə yüksəldə bilərlər.
Yeni mərhələdə bələdiyyə idarəetməsində müasir texnologiyalar
mənimsənilməli, yeni maliyyə qaynaqları əldə edilməli və
bələdiyyələrin təkmilləşməsi istiqamətində tədbirlər
görülməlidir.
Bütün bunları həyata keçirmək üçün bələdiyyələrin qarşısında həll
edilməsi vacib olan 4 məsələ durur:
1. Peşəkar kadr potensialının formalaşması
2. Maddi resursların təmini
3. Beynəlxalq təcrübənin öyrənilməsi
4. Müasir idarəçilik qaydalarının tətbiqi
Bələdiyyələrin inkişafı yerli problemlərin həll tapması ilə
yanaşı, həm də inkişaf etmiş bələdiyyə demokratik dəyərlərin
meyarıdır, bələdiyyələr vətəndaş cəmiyyəti quruculuğunun
göstəricisi və demokratiyanın ölçü vahididir. Bələdiyyələrin
inkişafı yerli problemlərin həlli və ölkəmizin müsbət imici
baxımından vacibdir. Amma inkişaf üçün təkcə maliyyənin təmini
yetərli deyil. Bu reallıqdır ki, bələdiyyələrin maddi ehtiyacı
təmin olunsa belə, əldə edilmiş vəsaitin idarə olunmasında müasir
idarəçilik biliklərinə yiyələnmiş peşəkar kadrların yetişməsinə
ehtiyac var. Yalnız peşəkar kadr potensialını formalaşdırdıqdan
sonra bələdiyyələrin təkmilləşməsinə və iqtisadi cəhətdən
inkişafına nail olmaq mümkündür.
Bələdiyyələrin yeni iqtisadi formasiya qədəm qoymaları üçün
iqtisadi proqramlar qəbul edilməli, bələdiyyə mülkiyyətlərində olan
torpaq sahələrində bələdiyyə təsərrüfatları yaradılmalı, kommersiya
müəssisələri, idarə və təşkilatlar təşkil edilməlidir.
Yeni iqtisadi formasiya təkcə bələdiyyələrin formalaşması demək
deyil, bu proses həm də regionların dirçəlməsi, sakinlərin həyat
səviyyəsinin yüksəlməsi və ölkəmizin sosial iqtisadi inkişafı
baxımından önəmlidir. Nəzərə alsaq ki, bələdiyyələr tərəfindən yeni
sənaye müəssisələrinin yaradılması ölkəmizdə yeni iş yerlərinin
açılması və işsizlik səviyyəsinin aşağı düşməsi deməkdir, bu zaman
bələdiyyələrin yeni iqtisadi formasiyaya qədəm qoymasının
əhəmiyyəti aydın olur. Lakin bələdiyyələrimizin bir çoxunun hazırki
maddi durumu onların iqtisadi fəaliyyətlə məşğul olmalarına imkan
vermir.
Əslində, problem həll edilməz həddə deyil və bələdiyyələrin
maliyyə problemlərini yeni maliyyə mənbələrinin əldə edilməsi
hesabına həll etmək mümkündür. Problemin mövcudluğu bütün
cəmiyyətimizi narahat edəcək səviyyədə olması problemin həllində
təkcə bələdiyyə nümayəndələri tərəfindən deyil, həmçinin dövlət
qurumlarının, müstəqil iqtisadçıların, iqtisadi araşdırma
mərkəzlərinin, ictimai birliklərin bələdiyyə gəlirlərinin
artırılması və yeni maliyyə mənbələrinin əldə edilməsi
istiqamətində xüsusi proqram və təkliflərin irəli sürülməsinə
bələdiyyələrin ehtiyac var.
Bələdiyyələrin maliyyə mənbələri əsəsən sabit gəlirlər
(vergilər) və kommersiya xarakterli mənbələr olaraq iki
kateqoriyaya bölünür. Bu gəlirləri aşağıdakı mənbələrdən
formalaşdırmaq olar:
1. Bank kreditlərinin verilməsi:
Maliyyə yetərsizliyi səbəbindən iqtisadi fəaliyyətlə məşğul
olması mümkün olmadığından bələdiyyələrin biznes layihələrinə
kreditlər ayırmaqla problemini həll etmək mümkündür. Bələdiyyə
kreditlərinin ayrılması aşağıdakı formalarda mümkündür.
- Banklar tərəfindən bələdiyyələrə münasib şərtlərlə xüsusi
kredit paketləri təklif olunsun.
- Bələdiyyə kreditləri verən xüsusi bank yaradılsın.
- Banklardan biri sırf bələdiyyə kreditləri üzrə ixtisaslaşsın.
- Dövlət tərəfindən bələdiyyələrin götürdükləri kreditlər
sığortalanaraq zəmanət verilsin.
2. Kredit verən və yaxud qrant ayıran fondun
yaradılması:
Bələdiyyələrin iqtisadi fəaliyyətlərinə dəstək olmaq və təşviq
etmək məqsədilə dövlət tərəfindən xüsusi fondun təsis edilməsi
zərurəti yaranıb. Belə bir fondun yaranması bələdiyyələrin uğurlu
layihələrinin kreditlər və yaxud qrantlar vasitəsilə
maaliyyələşməsini təmin edə bilər.
3. Hüquqi şəxslər yaratmaqla:
Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və
qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq
üçün müstəqil hüquqi şəxslər, MMC-lər və digər müəssisələr təsis
etməklə biznes sektoruna daxil ola bilərlər. MMC-lərin təsis
edilməsi ilə bələdiyyələrin kreditləşmə probleminin arada
qaldırılması mümkündür.
4. Bələdiyyələrin iqtisadi ittifaqları yaradıla
bilər:
Bələdiyyələrin öz fəaliyyətini əlaqələndirmək, hüquq və
mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar
yaratmaq hüquqları qanunla tanınır. Bələdiyyələr iqtisadi
fəaliyyətlərini daha səmərəli həyata keçirmək üçün iqtisadi
ittifaqlara yaradaraq birlikdə hərəkət edə bilərlər.
5. Bələdiyyələrin əməkdaşlığı:
Bələdiyyə ərazilərinin kompleks sosial-iqtisadi inkişafına nail
olmaq üçün yerli bələdiyyələr arasında işgüzar əlaqələrin
güclənməsinə çalışılmalıdır. Əlaqələrin qurulması və
möhkəmlənməsində qanunla qadağan olunmayan bütün vasitə və
metodlardan yararlanmaq lazımdır. İqtisadi fəaliyyətinin qurulması
istiqamətində konfranslar keçirilməli və araşdırmalar
aparılmalıdır.
6. Bələdiyyələrin şəhər, qəsəbə və kənd
assosiasiyalarının rolu:
Azərbaycanda bütün şəhər, qəsəbə və kənd bələdiyyələrini özündə
birləşdirən 3 milli bələdiyyə assosiasiyası yaradılıb.
Bələdiyyələrin arasında əlaqələrin qurulmasında bu assosiasiyaların
üzərinə mühüm vəzifə düşür. Məsələn, böyük şəhər bələdiyyələri
region bələdiyyələri ilə işgüzar münasibətlər quraraq bölgə
bələdiyyələrinin təşkilatçılığı ilə kənd təsərrüfatı məhsullarının
böyük şəhərlərə ixracı və yaxud şəhər bələdiyyələri tərəfindən
bölgələrimizdə turizmin inkişafına yönəlik layihələr həyata
keçirilə bilər.
7. Beynəlxalq əlaqələrin qurulması:
Bələdiyyələrin xarici ölkə bələdiyyələri ilə işgüzar əlaqələr
quraraq ölkəmizə kapital qoyuluşu və yaxud birgə layihələrin həyata
keçirilməsi qanuna zidd deyil. "Bələdiyyələrin Statusu haqqında
Azərbaycan Respublikasının Qanuna" əsasən bələdiyyələr və
bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları
ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə
orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola
bilərlər.
Qeyd edim ki, Azərbaycanda bir çox bələdiyyə 28 ölkənin 1103
bələdiyyəsini özündə birləşdirən "Türk Dünyası Bələdiyyələr
Birliyinin" üzvüdür. Beynəlxalq təşkilat olan bu birliyin geniş
imkanlarından istifadə etməklə bələdiyyələrimiz beynəlxalq aləmə
çıxış əldə etmək imkanı qazanıblar.
İkinci nümunə, bələdiyyələrimizin xarici ölkə bələdiyyələri ilə
qardaşlamış bələdiyyələr istiqamətində əlaqələrin qurulmasıdır.
Qardaşlaşmış bələdiyyələr beynəlxalq əlaqələrin xüsusi formasıdır.
Bələdiyyələrimizin bu əlaqələrdən yararlanaraq yeni maliyyə
qaynaqları əldə etmək imkanları var.
8. Hüquqi şəxslərdən torpaq və əmlak
vergisi:
Bələdiyyənin torpaq və əmlak vergisini bələdiyyə ərazisində
yaşayan və fəaliyyət göstərən fiziki şəxslərin və fiziki
sahibkarların torpaq və əmlak vergiləri təşkil edir. Hüquqi şəxslər
bələdiyyənin ərazisində fəaliyyət göstərsələr də, torpaq və əmlak
vergiləri bələdiyyə büdcəsinə ödənilmir. Yaxın gələcəkdə hüquqi
şəxslərin torpaq və əmlak vergilərinin bələdiyyə büdcəsinə
ödənilməsi təmin edilərsə, bələdiyyə gəlirlərinin nəzərə çarpacaq
dərəcədə artmasına səbəb ola bilər.
9. Dövlətin, fiziki və hüquqi şəxslərin, maliyyə
yardımları və qrantları:
Qanunvericiliyə əsasən, bələdiyyə büdcəsinin formalaşmasında
dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar,
kreditlər, qrantlar verir. Eyni zamanda bələdiyyələr layihələrinin
maliyyələşdirilməsinə hüquqi və fiziki şəxslərin könüllü birdəfəlik
ödənişlər cəlb etmək hüququna malikdir.
Hökməli bələdiyyəsinin sədr müavini
Fərman Salmanlı