Ana səhifə Toplum |
Fransanın Azərbaycandakı səfiri Ann Buayon dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.
"Bu gün səhər Fransanın Azərbaycandakı səfiri dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hava limanındakı xatirə lövhəsinin önünə gül dəstəsi qoyub. Düşüncələrimiz qurbanlar, onların ailələri və yaxınları ilədir", - paylaşımda bildirilib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya lideri Vladimir Putin 28 dekabrda Prezident İlham Əliyevə zəng edərək, hadisənin Rusiya səmasında baş verməsinə görə üzr istəyib. 29 dekabrda Putin yenidən İlham Əliyevə zəng edib və bu mövzunun müzakirəsini davam etdirib.
Tarix
2024.12.29 / 23:49
|
Müəllif
Axar.az
|