Ana səhifə Toplum |
Dünən – yanvarın 2-də Bakıdan və Füzulidən gələn qonaqlarımızın təkidi ilə Xankəndi şəhərinə endik.
Bu şəhərlə bağlı çoxsaylı xatirələrim var. Birini qısaca danışmaq istəyirəm.
1991-ci ilin yayı idi. Ermənilər getdikcə quduzlaşırdı. Cəzasızlıq şəraiti “vüsət” aldıqca qudurğanlıq da həddini aşırdı.
Həmin dövrdə mən “Qarabağ” qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd bölgələr üzrə xüsusi müxbiri vəzifəsində işləyirdim və Xankəndiyə tez-tez, bəzən hətta hər gün, yaxud da günaşırı gedirdim. Elə vaxt olurdu ki, gecə də orada qalmalı olurdum. Hər dəfə də təhlükədən qurtula bilirdim. Bir dəfə necə oldusa, iş yoldaşım, həmkarım Saday Kərimoğlu ilə birlikdə getdik (Allaha şükür ki, sağdır. Çoxdan əlaqəmiz olmasa da, eşitmişəm ki, ABŞ-da yaşayır. Qarabağ azad olunandan sonra qayıdıb-qayıtmadığını bilmirəm).
Sovet dövründə Vilayət Partiya Komitəsi (B.S.Gevorkov), hadisələr başlayandan sonra isə əvvəlcə bir müddət Xüsusi İdarəetmə Komitəsi (A.İ.Volski), sonra isə Respublika Təşkilat Komitəsi (V.P.Polyaniçko) yerləşən, işğaldan sonra quldur və terror yuvasına çevrilən, işğaldan azad olunandan sonra cənab Prezidentin önündə Azərbaycanın üçrəngli müqəddəs bayrağını qaldırdığı və ala-bula əsgi parçasını tapdaladığı, bu günlərdə qarşısında yarmarka və şənliklər keçirilən və mənim də bu şəkil çəkdirdiyim həmin məşhur binada işimizi qurtarıb çıxanda buraya toplaşmış quduz bir dəstənin ortasına düşdük. Çaqqal kimi ulaşan-qışqırışan gözü qızmış quldur dəstəsi bizi görən kimi mühasirəyə aldı. Həmin günə qədər o meydanda müxtəlif vaxtlarda xeyli azərbaycanlı öldürmüş, döymüş, işgəncə vermişdilər. Çox az müddət qabaq isə orada bir müstəntiqimizi bıçaqlamışdılar.
Vəziyyət olduqca ağır idi. Buradan sağ çıxa biləcəyimizə güman belə yox idi. Saday müəllimlə kürək-kürəyə verib özümüzü müdafiə etmək istəsək də, halqa getdikcə daralırdı və artıq ermənilərin əl-ayağa bizə çatırdı. Şillədən-təpikdən, hər tərəfdən yağan saysız yumruqdan üz-gözümüzü qorumağa çalışsaq da, elə bu anlardaca bədənimizin harasınasa vəhşicəsinə bıçaq yeridiləcəyini dəhşətli bir hisslə gözləyirdik. Bəli, gözləyirdik: mən hətta ətimin xırçıltısını, sümüyümün şaqqıltısını eşidirdim və bacardıqca bizə tərəf qovzanan əllərə diqqətlə baxırdım ki, bıçağı görə bilim.
Elə bu zaman...
Belə yerdə deyirlər ki, anamız namaz üstə imiş...
Bir “hərbi” rəngli UAZ markalı maşının sürətlə bizə tərəf gəldiyini, hətta mən deyərdim ki, şığadığını gördüm. Saday müəllimə qışqırdım ki, o da baxsın. Ancaq saniyənin mində biri müddətində maşının kimə məxsusluğunu müəyyən etmək istədim. Bəlkə elə bu da erməni maşınıdır və bizi basıb əzib keçəcək? Ona görə də dərhal qabaq şüşənin birka yapışdırılan yerinə baxdım.
Məlumat üçün qeyd edim ki, o zaman münaqişə-müharibə zonasına buraxılan maşınların ön şüşəsinə təxminən 7x10 ölçüdə qalın kağızdan birka vurulurdu. Həmin kağızın üstündə rus əlifbası ilə iri hərflərlə belə yazılırdı: “Д” (с досмотром – yəni əraziyə yoxlanmaq şərti ilə buraxıla bilər, yaxud postlarda yoxlanılmalıdır), “БД” (без досмотра – yəni bu avtomobili heç kim yoxlaya bilməz). Maşının ön şüşəsində üzərinə “БД” – yəni “yoxlanmamalıdır” yazılmış birkanı körən kimi gözlərimə işıq gəld və Saday müəllimə qışqırdım ki, hazır ol, cəld minək maşına.
Maşının ön şüşəsində dediyim işarəni görən kimi sanki bir az da ürəklənərək cumdum ermənilərin üstünə. Ani olaraq düşündüm ki, bu UAZ hətta ermənilərə məxsus olsa belə, bizi öldürsələr belə, qatil cəzasız qalmayacaq. Çünki rəhbər şəxsin maşınında olmağımız artıq qatilin kimliyinə bir işarə olacaq.
Bir də gördüm ki, sürücü maşını sürətlə erməni kütlənin üstünə sürdü. Canilər bir andaca qaçıb dağılışdılar. Sürücü əyləci basan kimi mən sol (sürücü tərəfdən), Saday Kərimoğlu isə sağ tərəfdən UAZ-ın qapısını açaraq salona atıldıq. Sürücü maşının təkəri asfaltı cıra-cıra yerindəcə fırladaraq geriyə – üzü aşağı sürətlə getməyə başladı. Terrorçu dəstəsi ulaşa-ulaşa, qışqıra-qışqıra bir az maşının arxasınca qaçdı. Əllərinə keçəni tullasalar da, heç çatmadı və rahat nəfəs almağa başladıq.
Maşına minib qapını çırpan kimi yandan sürücünün üzünə baxdım ki, görüm kimdir.
Kim olsa yaxşıdır?
Bizim Tatan.
Tatanın əsil adı Tahirdir (Rzayev Tahir Vəli oğlu – şuşalıdır, həmin vaxt polisdə işə təzə girmişdi, Allaha şükür ki, hazırda sağdır və Bakının Biləcəri qəsəbəsində yaşayır).
Bir az toxdadım və sürücünün yanındakı qabaq yerdə oturan adama baxdım. Çiynindəki paqonlardan polis polkovniki olduğu görünürdü. Bunu da görəndən sonra tam arxayın oldum ki, artıq bizə ölüm yoxdur.
– Yoldaş polkovnik, – dedim, – sizi bizə Allah yetirdi, bir neçə saniyə gec gəlsəydiniz, burada bizim qan içində çabaladığımızı görəcəkdiniz.
Polkovnik çiyninin üstən geriyə ötəri nəzər salıb:
– Hə, – dedi – düz deyirsən, Allah yetirdi...
Tatan səsimi eşidən kimi orta güzgüdə mənə baxa-baxa söhbətə qoşuldu:
– Boy, Kərim, sənsən?! – deyə gülməyə başladı. – Səni elə öldürsələr yaxşıdı. Axı ilin-günün bu vaxtında, vəziyyətin bu yerində sənin burada nə işin var ki, öldürməyələr də?
Sonra mənə cavab verməyə imkan verməyərək üzünü yanında oturan polkovnikə çevirdi:
– Ramil müəllim, Kərim jurnalistdir, bizim dostumuzdur, “Qarabağ” qəzetinin müxbiridir.
“Ramil müəllim” deyilən şəxs bir az da yanpörtü oturub sağ əlini mənə uzatdı:
– Polis polkovniki Ramil Usubov.
(Ramil İdris oğlu Usubov – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi. Allaha şükür ki, indi sağdır və Bakıda yaşayır.)
Sonra da Saday müəllimlə görüşdü.
Tatan tez əlavə elədi:
– Ramil müəllimi tanımırsınız? “Zamministr”di.
– Daxili İşlər Nazirliyində idarə rəisiyəm, – Ramil müəllim gülə-gülə dedi. – Hələ “zamministr” deyiləm.
Xankəndidən Ağdam istiqamətinə çıxan yolun son ayrıcında o zaman böyük yol polisi postu var idi. Həmin postu keçəndə sağa dönən Şuşa yolunda Ramil Usubov dedi:
– Uşaqlar, istəyirsinizsə burada düşüb Şuşaya gedə bilərsiniz. Amma bu, bir az təhlükəlidir. Mən indi Ağdama gedirəm. Ancaq gecə saat neçədə də olsa, Şuşaya qayıdacam. İstəsəniz, indi bizimlə Ağdama gedə, axşam da Şuşaya qayıda bilərsiniz.
– Ramil müəllim, – Saday müəllim dedi, – vaxtınız varsa, xahiş edirik, 10-15 dəqiqəlik yoldur, bizi Şuşaya atın, sonra qayıdın Ağdama. Sizin maşını yoxlamağa heç kimin ixtiyarı yoxdur, ona görə deyirəm.
– Əzizim, mən Ağdama müşavirəyə gedirəm, – Ramil Usubov cavab verdi. – Nazir müavini gəlib, Ağdamda oprerativ müşavirə olacaq. Mən ora gecikə bilmərəm. Sizi Şuşaya ancaq gecə apara bilərəm.
– Çox sağ olun, Ramil müəllim, – deyə söhbətə qoşuldum, – lap yaxşı, gedək Ağdama, orada sizi gözləyərik, müşavirədən sonra birlikdə qalxarıq Şuşaya. Bu, bizim üçün ən yaxşı variantdır. Sizin maşına daş atan da olmaz, nəinki qabağını kəsən.
Beləliklə, razılaşdıq və getdik Ağdama.
Tatan avtomobili şəhərin məşhur qonaq evinin qarşısında saxladı. Ramil Usubov düşüb getdi içəri. Biz orada onu bir neçə saat gözlədik.
Gecə yarısına, deməli, həm də komendant saatının başlanmasına az qalmış Ramil Usubov müşavirədən çıxdı. İti addımlarla maşına yaxınlaşıb qabaq oturacaqda əyləşdi və UAZ götürüldü.
...Yolda başqa macəralar da oldu. Ancaq bunu başqa vaxt yazaram.
Məqsədim budur deyim ki, bir vaxtlar separatçı, terrorçu quldur dəstəsinin cəzasız qalacaqlarına arxayın olaraq çaqqal sürüsü kimi üstümüzə cumub bizi didişdirməyə çalışdığı həmin meydanda indi Azərbaycan xalqı yarmarka təşkil edib və bayram şənliyi keçirir.
33 il əvvəl polis polkovniki Ramil Usubovun şuşalı polis əməkdaşı Tahir Rzayevin idarə etdiyi UAZ markalı maşınla özünü yetirib bizi xilas etdiyi həmin meydanda indi mən də ailəm və qonaqlarımla birlikdə burada sevinən, şənlənən, çalıb-oynayan, deyib-gülən insanlara qoşulmuşam…
Azərbaycan xalqına eşq olsun!
Tarix
2025.01.03 / 13:16
|
Müəllif
Kərim Kərimli
|