Nazirlər Kabineti “Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası”nı təsdiqləyib.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər bu qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilir. Qaydada istifadə olunan anlayışlar həmin qanunla, digər normativ hüquqi aktlar və Qaydada nəzərdə tutulmuş digər sənədlərlə müəyyən edilmiş mənaları ifadə edir. Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir və 90 gün müddətində aparılır:
- müraciətdən əvvəlki mərhələ;
- müraciət və ilkin qiymətləndirmə;
- sənədlərin yoxlanılması;
- xidmət təminatçısının vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;
- uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina.