Qarabağ müharibəsi veteranı Müşviq Firuz oğlu Əhmədli və
birinci qrup əlil Rüstəm Əli oğlu Əliyev şəxsi mülkləri olan torpaq
sahəsindən məhrum ediliblər.
Üzləşdiyi problemlə bağlı "Axar.az"a danışan Müşviq Əhmədli
2012-ci ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə
başqasının sahib çıxdığını bildirib.
Onun sözlərinə görə, Mərdəkan qəsəbəsindəki keçmiş bağlar
ərazisindən qızının adına 5,6 sot torpaq alıb. 31 oktyabr 2012-ci
ildə əmlakını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində
qeydiyyatdan keçirərək mülkiyyətə dair çıxarış ("kupça") əldə edib.
2013-cü ilin martında isə M.Əhmədli Xəzər rayon İcra Hakimiyyətinin
razılığı əsasında həmin sahədə evin tikintisinə başlayıb:
"Ötən il dekabrın 24-də Nəriman adlı şəxs mənə zəng edərək həmin
torpağın onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Dedi ki,
sahə hələ 1991-ci ildə Vəliyeva Esmira Müslüm qızına verilib. İndi
də məhkəmə qaydasında onun mülkiyyəti tanınıb və Dövlət reyestr
xidmətindən alınan digər sənədlər ləğv edilib. Lakin araşdırma
nəticəsində məlum oldu ki, torpaq əslində onun baçısına verilib və
istifadə etmədiyi üçün geri alınaraq Rüstəm Əliyevə verilib. Lakin
onlar sənədləri saxtalaşdıraraq məhkəməyə müraciət ediblər".
Atama məxsus torpağı Rauf Pənahov
özəlləşdirib
Qeyd edək ki, mübahisəli torpaq sahəsinə qarşı bir necə dəfə
məhkəmədə iddia qaldırılıb və onlar təmin edilib. Bu haqda
"Axar.az"a danışan torpaq sahibi Rüstəm Əliyev mübahisəli torpaq
sahəsinin onun atasına verildiyini bildirir:
"Hələ 1991-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarı
ilə 886 b saylı bağ sahəsi atam Əliyev Əli İbrahim oğluna verilib.
2001-ci ildə atam rəhmətə gedib, mən isə səhhətimlə əlaqədar olaraq
xəstəxanalarda yatmışam, bir neçə dəfə əməliyyat olunmuşam.
Nəhayət, 2006-cı ildə torpağımızı sənədləşdirib özəlləşdirmək üçün
Bakı Bağlar İdarəsinə müraciət etdim. Araşdırıb bildirdilər ki,
həmin sahəni bizimlə qonşuluqda olan Bakı şəhər İcra hakimiyyəti
başçısının müavini Rauf Pənahov özəlləşdirib. Mən də haqqımı almaq
üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim".
Eyni vaxtda iki nəfərə sənəd verilib
Sonradan Rauf Pənahovla razılığa gələrək həmin torpaq sahəsinin
əvəzində sahibsiz olduğu deyilən 2549 saylı bağ sahəsi R.Əliyevə
verilib. Bu, 2007-ci ilin fevralın 5-də Nərimanov rayon
Məhkəməsinin qərarı ilə təsdiqlənib və atasının adına texniki
pasport verilib.
Lakin sonradan həmin sahəyə iddia edən Esmira Vəliyeva 2 saylı
Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bildirib ki, Bakı
Şəhər İcra Hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 saylı
qərarı ilə Mərdəkan massivi 2549 saylı bağ ona ayrılıb. Torpağın
özəlləşməsi üçün 2012-ci il aprelin 12-də Daşınmaz Əmlakın Dövlət
Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edib. Məlum
olub ki, həmin bağ sahəsi Nərimanov Rayon Məhkəməsinin 2008-ci il
16 dekabr tarixli qətnaməsi ilə R.Əliyevin adına dövlət
reyestrindən keçib. Mübahisələr də elə bundan sonra başlayıb.
Yeni sərəncam ortaya çıxdı
2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi E.Vəliyevanın iddiasını
təmin etsə də, Bakı Şəhər İcra Hakimiyyətinin digər bir sərəncamı
ortaya çıxıb. Həmin sənəddə E.Abdullayevaya verilən bağ sahəsinin
uzun müddət istifadəsiz qalması əsas gətirilərək 2005-ci ilin
oktyabrında 2549 saylı bağ sahəsi onun sərəncamından geri alınıb.
Sonradan başçının müavini R.Pənahovun göstərişi ilə həmin sahə
məhkəmə qaydasında R.Əliyevə verilib. O da əmlakının bir hissəsini
qanuni sənədlərlə M.Əhmədliyə satıb. Son sənədi yenidən məhkəməyə
təqdim edərək hüquqlarının tanınmasını tələb edən R.Əliyev bu
problemlə üzləşməsində Rauf Pənahovu günahlandırıb.
Əlillər ölkə başçısına müraciət etdi
Onu da deyək ki, R.Əliyev hazırda iki ayağından məhrum olub və
birinci qrup əlildir. Onun torpaq satdığı Müşviq Əhmədli isə
Qarabaq müharibəsinın iştirakçısı olub. Əsassız yerə əmlakları
əlindən alınan hər iki vətəndaş prezident İlham Əliyevə və ölkənin
birinci xanımı Mehriban Əliyevaya müraciət edərək bu ədalətsizliyə
son qoyulmasını istəyiblər:
"Cənab prezidentimiz də dəfələrlə öz çıxışında vurğulayıb ki,
məhkəmə müstəqil olmalıdır. Biz də onun bu tələbinə əməl
olunacağına inanırıq və qanuni hüquqlarımızın bərpa edilməsini
gözləyirik".
Bu gün Bakı Apellyasiya Məhkəməsində R.Əliyevin qaldırdığı
torpaq iddiasına baxılacaq.
Məsələylə bağlı qarşı tərəflərin mövqeyini öyrənmək üçün
göstərdiyimiz bütün cəhdlər uğursuz oldu. Telefona cavab verən
xanım hər dəfə müavinin yerində olmadığını bildirdi.