İnternet provayderi öz server resursları və korporativ
lokal şəbəkəsi vasitəsilə şəxslərə və ya təşkilatlara xüsusi ödəniş
hesabına internetə qoşulmanı təmin edən xüsusi
firmadır.
Lakin bu gün dünyada texnikanın sürətlə inkişaf etdiyi bir
vaxtda Azərbaycanda internet provayderlərin xidməti başlıca
problemlərdən biri olaraq qalır.
Ayın sonunda müştərilərindən hər vəchlə pulunu tələb edən
internet provayderlər adlarındakı "internet" sözünün xidmətini
faktiki olaraq yerinə yetirmirlər. Ya internet zəif olur, ya da
ümumiyyətlə verilmir.
Bu tip provayderlərdən biri də İPnet (Skymax adı ilə də tanınır
– red.) şəbəkəsidir. İnternetdən əlavə, telefon xidməti də təklif
edən şirkət faktiki olaraq müştərilərini nə internet, nə də
telefonla təmin edir. Şirkətin müqavilədə qeyd etdiyi nömrələrdən
heç biri işləmir. Yalnız "direktor" olası şəxsin mobil nömrəsinə
zəng çatır ki, o da ümumiyyətlə zənglərə cavab vermir.
Şirkətin müqavilədə göstərdiyi internet ünvanı da fəaliyyətdə
deyil.
Başqa sözlə desək, şirkət tam bir dələduzluq şəbəkəsi qurub:
internet telefonun çəkilməsi və nömrə üçün ("404" – internet
telefonu) 65 manat, internetin verilməsini təmin edən qurğu üçün 40
manat və qoşulma haqqı olaraq 10 manat – ümumilikdə 115 manat və
bir aylıq xidmətin haqqını əvvəlcədən alan şirkətlə internet və
telefon işləmədiyi halda əlaqə saxlamaq, hətta xidmətin ləğvini
istəmək və dəyən ziyanı geri tələb etmək fürsəti yoxdur. Beləliklə,
115 manat ödəyib, internet və telefona sahibi olduğunu düşünən
abonent gülünc vəziyyətdə qalır: ya şirkətin xidmətindən birtərəfli
qaydada imtina edir və beləliklə, 115 manatı (üstəlik, aylıq abunə
haqqı) mənimsənilir, ya da İPnet adlı quruma ödədiyi vəsaitin
girovuna çevrilir.
Hər abonenti bircə dəfə aldadıb, telefon və internet müqabilində
115 manat mənimsəyən şirkət isə nəticədə dələduzluqla vəsaiti ələ
keçirmiş olur.
Bəs Azərbaycanda internet provayderlərin fəaliyyəti necə
tənzimlənir?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tənzimləmə
şöbəsinin müdiri Əlyar Təmirov Axar.az-a açıqlamasında
vətəndaşların şikayətlə bağlı nazirliyə müraciət edə biləcəyini
bildirib:
"Bu tip məsələlər provayderlərin öz müştəriləri ilə imzaladığı
müqavilələrlə tənzimlənir. Nazirlik ümumi olaraq sahə üzrə
tənzimləyici orqandır. Amma vətəndaşlar məsələ ilə bağlı nazirliyə
şikayət edə bilərlər".
Qeyd edək ki, dəfələrlə şikayət edilsə də, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi onlarla müqavilə bağlayıb, fəaliyyətlərinə
yaşıl işıq yandırılan provayderlərə nəzarət və təsir imkanlarının
olmadığını bildirirlər.
Faktiki olaraq bu sahə nizamlanmadığından, bəzi provayderlər
vətəndaşları talamaqda davam edirlər.
Mövzunu davam etdirəcəyik.