Noyabrın 7-də Zəfər Günü ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub.
Axar.az xəbər verir ki, Dənizkənarı Milli Parkda bir ay davam edəcək sərgi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq proseslərini və “Böyük Qayıdış” Dövlət Proqramının nəticələrini əks etdirir. Sərgi vasitəsilə paytaxt sakinləri və qonaqlar Azərbaycanın qısa dövrdə həmin ərazilərində həyata keçirdiyi müasir şəhər modelləri ilə tanış ola biləcəklər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən sonra Azərbaycan şəhərsalma sahəsində yeni mərhələyə qədəm qoyub. Təcavüz nəticəsində viran edilmiş, urbisid və ekosidə məruz qalmış ərazilərdə beş il ərzində əldə edilən uğurlu nəticələr münaqişədən sonrakı bərpanın qlobal nümunəsinə çevrilib. Azərbaycanın müasir şəhərsalma siyasəti insan-mərkəzlilik, dayanıqlılıq və innovasiya prinsiplərinə əsaslanır.
Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir. Bu sənədlər hər bir yaşayış məntəqəsinin sosial-iqtisadi baxımdan tarazlı şəhər mühiti kimi formalaşdırılmasının təməlini qoyub. Layihələrə əsasən, həmin məkanlarda yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, ictimai-iaşə obyektləri, muzey və mədəniyyət mərkəzləri tikilir, yol-küçə şəbəkələri, turizm və rekreasiya zonaları və sənaye parkları salınır, enerjiyə qənaət edən tikinti və “ağıllı” infrastruktur həlləri tətbiq olunur. Memarlıq abidələrinin bərpasına və tarixi irslə müasir innovasiyaların harmoniyasına xüsusi diqqət yetirilir.
Görülən işlər nəticəsində artıq həmin ərazilərdə bu günədək 10 rayonun 30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd) keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə o torpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır.
“Zəfər yolu ilə Böyük Qayıdış” fotosərgisi bu transformasiyaların ruhunu vizual olaraq çatdırır. Qarabağın və Şərqi Zəngəzurun dirçəliş hekayəsi fotoqrafın obyektivindən canlanır. Fotoşəkillərdə əks olunan bütün şəhərsalma və infrastruktur layihələri, habelə doğma yurda qayıdış səhnələri Zəfərin simvolu kimi böyük nikbinlik və gələcəyə inam aşılayır.
Beləliklə, ötən beş il Azərbaycan üçün yeni şəhər reallığının yaradılması dövrünə çevrilib. Ölkəmizin dirçəlişi tikinti bumu ilə məhdudlaşmayaraq, münaqişədən sonrakı davamlı şəhərsalmanın unikal modelini inkişaf etdirib.