İlin əvvəlindən indiyədək Dövlət Turizm Agentliyi həm satınalma müqavilələri, həm də iri tender elanları ilə diqqət çəkib. Bu müddət ərzində agentlik toplam 13 tender elan edib və 43 satınalma müqaviləsi imzalayıb. Tenderlərin ümumi dəyəri 9 milyon 786 min 366 manat, bağlanmış müqavilələrin dəyəri isə 3 milyon 457 min 336 manat təşkil edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu vəsaitlərin xərclənməsi yalnız turizm sektoru ilə məhdudlaşmayıb, həmçinin media, beynəlxalq sərgilər, avtomobillər, hətta üzümçülük sahəsinə qədər uzanıb.
Agentlik bu ilin tender "mövsümünə" yanvarın 27-dən start verib. 18-20 mart 2025-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MITT 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı 134.286,36 AZN-lik açıq tender elan edib.
Fevral ayı isə çoxsaylı tender elanları ilə yadda qalıb. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi tərəfindən Ağdam rayonu, Şahbulaq kəndi ərazisində yerləşən "Şahbulaq qalası"nın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması üçün 3 milyon 326 min 624 manatlıq tender elan edilib.
Fevralın 13-də ümumi dəyəri 2 milyon manat olan 4 tender elanı verilib. Bunlar 293.484,67 manata Cənubi Koreya və İsraildən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması, 741.201,72 manata Çin və Hindistandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması, 517.763,94 manata Özbəkistan və Qazaxıstandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması, 542.657,81 manata Rusiya və Belarusiyadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün açıq tender elanlarıdır.
Fevralın 17-də “Baku Expo” Mərkəzində (13-16 may 2025-ci il tarixlərində) keçiriləcək “Qızıl Şah” Kulinariya Çempionatının təşkili xidmətlərinin satın alınması ilə əlaqədar 209.488,40 manatlıq, fevralın 21-də isə Qazaxıstanın Almatı şəhərində (23-25 aprel 2025-ci il tarixlərində ) keçiriləcək “KİTF 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı 173.291,85 manatlıq tender elan edilib.
İmzalanan müqavilələr
İlin ilk ayında qurum “Azpetrol Ltd”, “BÜROMAX” MMC, “AZDECOR.AZ” MMC kimi şirkətlərlə müqavilələr bağlayıb. Yanvarın 21-27-si aralığında “Austrian Exhibition Experts GmbH”, “İFEMA Madrid”, “Bukhari Events & Media Services”, “Fairfest Media LTD”, “İCA FUACILIK A.Ş” ilə də əməkdaşlıq qurulub. Təkcə yanvarın 27-də agentlik ümumi dəyəri 285 867 manat olan 4 satınalma müqaviləsi bağlayıb.
Fevral ayı agentliyin fəaliyyətində daha böyük xərclərlə yadda qalıb. Belə ki, ayın əvvəlində “DAY.AZ” MMC, “QASİD” MMC, “SMARTEXPO” MMC və bir sıra şirkətlərlə müqavilələr bağlanıb. Fevralın 10-da isə Hindistanın “Informa Markets India Private Limited” şirkəti ilə "SATTE 2025" sərgisi üzrə stend sahəsinin icarəsi ilə bağlı 208 744 manatlıq müqavilə imzalanıb.
Fevralın 28-də ABŞ-ın “Cable News Network Inc” (CNN) ilə imzalanan 1 milyon 190 min manatlıq müqavilə ötən ayın ən bahalı sifarişi olub. Müqaviləyə əsasən bu ilin fevral ayının 25-dən dekabrın 30-na qədər CNN dövlət qurumuna təbliğat xidməti göstərəcək.
Bununla yanaşı, eyni gündə “Toyota-Bakı Mərkəzi”, “İdeal Motors”, “İmprotex Motors” və “Diamond Motors” kimi avtomobil şirkətləri ilə texniki baxış xidməti üçün 47 min 200 manatlıq razılaşma imzalayıb.
Martın 4-də Agentlik Kənd Təsərrüfatı Nazirliyinin “Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu” ilə 341 783 manatlıq müqavilə bağlayıb. Həmin gün, eyni zamanda “Messe Berlin GmbH” ilə 79 370 manatlıq, “Nurgün Motors” ilə 8 260 manatlıq satınalma müqavilələri imzalanıb.
Martın 6-da isə “İsmayıllı Kommunal Müəssisələr Kombinatı” 99 223 manatlıq müqavilə ilə agentliyin əməkdaşlıq etdiyi şirkətlərin siyahısına düşüb.
Qeyd edək ki, 4 martda Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə Prezidentin sərəncamı ilə şiddətli töhmət verilib. Həmin gün DTX-nin qurumda apardığı yoxlamaların nəticəsi olaraq Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib.