Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlığında) ictimai sahənin qanunsuz zəbt edilməsinin qarşısını alıb.
Axar.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Məlumata görə, eyni ünvanda ötən ilin martında, cari ilin yanvar və mart aylarında keçirilmiş baxışlar zamanı da qanunsuz artırma işlərinin aparıldığı müəyyən olunub. İdarə şəhərsalma qaydalarına uyğun həyata keçirilmiş monitorinqlər nəticəsində oxşar hallarla bağlı bir neçə dəfə qanunsuz tikinti işlərinin qarşısı alınıb, söküntü işləri aparılıb və qanunvericiliyə uyğun olaraq ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
“Lakin Baş İdarə tərəfindən dövlət qurumlarına müraciət və sahibkarlara xəbərdarlıq edilsə də, yenidən həmin ərazidə özbaşına quraşdırma işlərinə başlanılıb və ictimai sahənin bir hissəsi müxtəlif konstruksiyalarla zəbt edilərək, gediş-gəlişə maneə yaradılıb”, - məlumatda bildirilib.