Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) Səudiyyə Ərəbistanı Krallığının səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirilib.
Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirilib. Qeyd olunub ki, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. Bu münasibətlər özünü iqtisadi, mədəni, humanitar sahələrdə də göstərməkdədir:
Rektor Səudiyyə Ərəbistanında fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu diqqətə çatdırıb:
“Bu, həm gənclərimizin bir-birini daha yaxından tanımağına səbəb olacaq, həm də alimlərimiz müştərək elmi-tədqiqat işlərini həyata keçirəcəklər. İnanıram ki, sizin köməkliyinizlə bu işləri görə biləcəyik”.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir iki ölkə arasında olan əlaqələrin qardaşlıq səviyyəsində olmasını diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələr arasında elmi əməkdaşlığın inkişafı istiqamətində bir sıra addımlar atılmaqdadır. ADU-ya səfərin bu mənada fərqlənməsi önə çəkilib.
Bildirilib ki, görüş qarşılıqlı əməkdaşlığın başlanğıcı üçün vacib addım hesab olunmalıdır. ADU ilə üç mərhələ üzrə əməkdaşlığın mümkünlüyü haqqında fikir mübadiləsi aparılıb. İlk mərhələdə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərən şöbə ilə əlaqələrin qurulması, universitet haqqında məlumatların əldə edilməsi vacibdir. Daha sonra ADU ilə əməkdaşlığa başlanması üçün addımların atılmasının - Memorandum imzalanmasının vacibliyi vurğulanıb.
Görüş gələcək elmi əməkdaşlıq, mübadilə proqramlarının həyata keçirilməsi, yeni elmi perspektivlərin mövcudluğu ətrafında müzakirələrlə davam edib.