Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə zərərçəkənlər məhkəməyə mülki iddia ərizəsi təqdim ediblər.
Zərərçəkmiş Mənsur Qarayev təqsirləndirilənlər Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 25 min 500 manat məbləğində mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata götürüb.
Daha sonra proses sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.
Bu mərhələdə təqsirləndirilən şəxslər Aysel Məmmədova və Nuridə Seyidova arasında aparılan telefon danışıqları dinlənilib. Telefon danışıqlarının dinlənilməsi zamanı Nuridə Seyidova Aysel Məmmədovaya istintaqa çağrılanda məhdud məlumat verməyi təklif edib.
Telefon danışıqlarına münasibət bildirən Nuridə Seyidova deyib ki, məqsədi dələduzluq etmək olmayıb. O, vurğulayıb ki, xəstə uşaqların əməliyyatı üçün fond yaratmaq istəyiblər.
Hakim Şəlalə Həsənova Nuridə Seyidovaya sual verib: “Sizin ümümiyyətlə məqsədiniz nə idi? Bir xəstənin pulunu başqa bir xəstənin əməliyyatına sərf etməklə nəyə nail olmaq istəyirdiniz? Halbuki bu sahədə fəaliyyət göstərən çoxsaylı ictimai birliklər var. Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçiliklə məşğul olmaq istəyirdiniz? Tağıyevin nefti vardı, buna görə də sərvətinin bir hissəsini xeyriyyə işlərinə sərf edirdi. Bəs sizin hansı imkanlarınız vardı?”
Məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Dövlət ittihamçısı təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aysel Məmmədovanın 8 il, Aynur Bayramovanın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.