Daxili İşlər Nazirliyində (DİN) istintaq və təhqiqat
qurumları əməkdaşlarının respublika toplantısı
keçirilib.
Bu barədə Axar.az-a DİN-in mətbuat xidmətindən məlumat
verilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının
məqsədi və gündəliyi barədə məlumat verib, nazirlik və onun
struktur orqanları tərəfindən ölkənin qanunları, dövlət başçısının
fərman, sərəncam və tapşırıqları rəhbər tutulmaqla cinayətkarlığa
qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq
və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla
davam etdirildiyini xatırladıb.
Qeyd edilib ki, nazirliyin davamlı surətdə təkmilləşən və
fəaliyyəti beynəlxalq standartlar səviyyəsinə yüksələn təşkilati
strukturlarından biri də insan hüquq və azadlıqlarının, dövlətin və
cəmiyyətin qanuni mənafelərinin hüqaqazidd əməllərdən qorunması
kimi mühüm funksiyaları yerinə yetirən istintaq və ixtisaslaşmış
təhqiqat qurumlarıdır. Müstəntiq və təhqiqatçıların fəaliyyətinin
aidiyyəti qanunvericilik aktlarının tələbləri səviyyəsində
qurulması daim diqqət mərkəzində saxlanılıb, peşəkarlığın
yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilib.
Sonra Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis
general-mayoru Sərvər Mehrəliyev geniş hesabat məruzəsi ilə çıxış
edib. O deyib ki, istintaq və təhqiqat işinin düzgün təşkili
cinayətlərin açılması və araşdırılmasında, cinayəti törətmiş
şəxslərin məsuliyyətə cəlb olunmasında, onları doğuran səbəb və
şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın
ödətdirilməsində mühüm əhəmiyyət kəsb etdiyindən, eləcə də ibtidai
araşdırmanın keyfiyyəti məhkəmənin çıxardığı hökmün qanuni və
ədalətli olması üçün əsas amil olduğundan istintaq və təhqiqat
qurumlarının fəaliyyəti hər zaman nazirliyin rəhbərliyinin
bilavasitə diqqətində olub. Üzərinə düşən məsuliyyəti dərindən
anlayan Baş İdarənin rəhbərliyi istintaq və təhqiqat qurumlarının
işinin qanunvericiliyin və müasir dövrün tələblərinə uyğun
qurulması istiqamətində fəaliyyət göstərir. Bu yöndə qanunçuluğun
qorunması, prosessual araşdırmaların düzgün təşkil olunması,
əməkdaşların peşə hazırlığının artırılması məqsədilə, nazirliyin
rəhbərliyinin yaxından və böyük dəstəyi ilə bütün lazımi tədbirlər
görülüb və davam etdirilir.
Həmçinin, qanunvericilik aktları, Kollegiya qərarları, əmr və
göstərişlər ilə müəyyən edilmiş funksiya və vəzifələr çərçivəsində
cinayətlərin açılması, araşdırılması, cinayət törətmiş şəxslərin
vaxtında müəyyən edilib məsuliyyətə cəlb olunması, vurulmuş maddi
ziyanın ödətdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının
qorunması, fəaliyyətdə olan nöqsanların səbəblərinin aşkar edilib
aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür.
Məruzəçi qeyd edib ki, son 5 ildə daxili işlər orqanları
müstəntiqlərinin icraatında olan və istintaqı tamamlanmış işlərin
79,7 faizi ittiham aktı ilə məhkəmələrə göndərilib. Göstərilən
dövrdə istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi
ziyanın 78 faizinin ödətdirilməsi təmin edilib. Bütün bunlarla
yanaşı, istintaq aparatının fəaliyyətində bir sıra nöqsanların da
mövcudluğu, bəzi istintaq qurumlarında araşdırmaların qanunla
müəyyən edildiyindən artıq müddətdə tamamlandığı, bəzi cinayət
işlərinin əlavə istintaqa qaytarıldığı, əsassız qərarların qəbul
olunmasına yol verildiyi də nəzərə çatdırılıb.
Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat
İdarəsinin rəisi, polis polkovniki Emil Usubov ölkəmizdə həyata
keçirilən geniş quruculuq işləri və hərtərəfli islahatlar
nəticəsində davamlı surətdə təkmilləşən daxili işlər orqanlarının
mühüm təşkilati strukturlarından biri kimi təhqiqat qurumunun
yaranması və həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə ilə
çıxış edib.
Qeyd olunub ki, cinayət xarakterli müraciətlərə baxılmasının
prosessual qanunvericiliyin və daxili normativ aktların tələblərinə
uyğun qurulması, qanunçuluğa riayət olunması, ibtidai araşdırmanın
obyektiv aparılması və qərarların qəbuluna nəzarətin
gücləndirilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Son 5 ildə "102" xidməti-zəng mərkəzi sistemindən yerlərə
ötürülmüş cinayət xarakterli məlumatlarla onlara baxılmasının
nəticələri arasındakı uyğunsuzluqların yoxlanılması çərçivəsində
8134 fakt öyrənilərək nöqsanların aradan qaldırılması təmin edilib,
habelə məlumatların prosessual araşdırmaya yönəldilməsi və cinayət
əməlinin düzgün tövsif olunması ilə əlaqədar ərazi orqanlarına
əməli köməkliklər göstərilib. Həyata keçirilmiş tədbirlərdən biri
də münaqişəli ailələrin ətrafında aparılan profilaktik işdə
təhqiqat əməkdaşlarının əməli iştirakının təmin edilməsi olub.
Bununla əlaqədar, "Məişət zorakılığı haqqında" qanuna və aidiyyəti
kollegiya qərarlarına müvafiq olaraq, göstərilən müddətdə 1306
ailənin münaqişəli kimi uçota götürülməsi barədə qərarlar çıxarılıb
və icra olunması üçün ictimai təhlükəsizlik strukturlarına
göndərilib.
O da bildirilib ki, təhqiqat işinin əsas göstəricilərindən olan
cinayət işinin başlanılması və təxirəsalınmaz istintaq
hərəkətlərinin keçirilməsi ilə bağlı ərazi orqanlarına idarəçilik
təsirinin yüksəldilməsi 2015-ci ildə cinayət işlərinin
başlanmasında 13 faiz artımla nəticələnib. Bütövlükdə, ötən 5 ildə
görülmüş operativ nəzarət tədbirləri ilə təhqiqat araşdırmalarının
keyfiyyəti xeyli yaxşılaşıb, qəbul edilmiş əsassız qərarların
sayında azalma müşahidə edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, Baş
Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və
əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin rəisi Kamal Qılıcov, Baş Əməliyyat və Statistik
İnformasiya İdarəsinin rəisi Elşən Kazımov, Kriminalistik
Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov, Bakı şəhər BPİ
İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov və başqaları
çıxış edərək görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb,
müzakirə olunan məsələlərlə bağlı bir sıra təkliflər
səsləndiriblər.
Tədbirə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil
Usubov ümumən yarım əsrdən çox tarixi olan polis orqanlarının
istintaq və təhqiqat aparatının yarandığı gündən böyük inkişaf yolu
keçərək cinayətkarlığa qarşı mübarizədə aparıcı bir struktur kimi
formalaşdığını, ölkənin hüquq mühafizə sistemində xüsusi rolu olan,
kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin ön
sıralarında dayanan, törədilmiş əmələ görə cəzanın labüdlüyü
prinsipinin reallaşmasına gərgin əməyi ilə önəmli töhfələr verən bu
qurumun fəaliyyətinin həmişə diqqət mərkəzində olduğunu
vurğulayıb.
Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının
müəllifi olan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi
islahatlar çərçivəsində və onun rəhbərliyi ilə Cinayət və
Cinayət-Prosessual Məcəllələri, habelə vurulmuş ziyanın ödənilməsi,
proses iştirakçılarının dövlət müdafiəsi, ekstradisiya, hüquqi
yardım və s. məsələləri tənzimləyən qanunlar qəbul olunub. Keçmiş
SSRİ-nin normativ hüquqi aktlarından fərqli olaraq, yeni
qanunvericilikdə insan amili, xüsusən hər bir şəxsin mənafeyinin,
hüquq və azadlıqlarının etibarlı qorunması ön plana çəkilib.
Qanunçuluq, bərabərlik, ədalət, humanizm, təqsirsizlik
prezumpsiyası kimi konstitusion prinsiplər müvafiq sahədə
fəaliyyətin əsasını təşkil edib.
Xüsusilə qeyd olunub ki, qanunla müəyyən edilmiş funksiyaların
çevik həyata keçirilməsində Nazirliyin "102" zəng mərkəzi və
"Təhlükəsiz Şəhər" sistemlərinin, habelə 40-dan çox informasiya
resursunun da böyük əhəmiyyəti var. İxtisaslı kadr potensialının,
peşəkar özəyin formalaşması və möhkəmlənməsi, şəxsi heyətin sosial
müdafiəsinin gücləndirilməsi də daim diqqətdə saxlanılır.
İştirakçıların nəzərinə çatdırılıb ki, müstəntiqlər tərəfindən
hər il orta hesabla 25 min cinayət işinin istintaqı aparılır ki, bu
da respublikanın hüquq mühafizə orqanlarının icraatında olan
işlərin 80 faizini təşkil edir və onların 45 faizinin istintaqı
tamamlanaraq 9 minə yaxını ittiham aktı ilə məhkəmələrə göndərilir.
Cinayət xarakterli məlumatlara baxılmasında ixtisaslaşmış təhqiqat
qurumları da xüsusi rol oynayır.
O da vurğulanıb ki, respublikanın prokurorluq və digər hüquq
mühafizə orqanları ilə birgə işgüzar fəaliyyətin məntiqi yekunu
olan bu müsbət nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən
də dəyərləndirilir. Belə ki, Beynəlxalq İqtsadi Forumun
2014-2015-ci illərə dair məlumatına görə, "Mütəşəkkil
cinayətkarlıq" indikatoru üzrə Azərbaycan 144 ölkə arasında 40-cı,
Avropa məkanında isə 20-ci yeri tutur. Birləşmiş Millətlər
Təşkilatının hesabatlarına əsasən, ümumi cinayətlərin içində
mülkiyyət əleyhinə olanların xüsusi çəkisi dünyada 75-80 faiz
olduğu halda, Azərbaycanda son 3 ildə orta hesabla 45 faiz təşkil
edir. O da qeyd edilib ki, bu nəticələrə dünyanın əksər ölkələri
ilə müqayisədə xeyli az sayda şəxsi heyətlə nail olunub.
Daha sonra nazir xidməti fəaliyyətdə buraxılmış bəzi nöqsan və
çatışmazlıqların üzərində ətraflı dayanıb, onların qısa müddətdə
aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib, qarşıda
duran vəzifələr barədə danışıb.
Ramil Usubov bir daha xatırladıb ki, hər bir müstəntiq və
təhqiqatçının fəaliyyətində başlıca məqsəd insan hüquq və
azadlıqlarının etibarlı müdafiəsi, xidməti funksiyaların yüksək
məsuliyyət hissi ilə həyata keçirilməsi, bütövlükdə vətəndaş
məmnunluğunun təmin edilməsidir. Unutmaq olmaz ki, prosessual
fəaliyyətin arxasında pozulmuş hüquqlarının bərpasını tələb edən
vətəndaşlarımız dayanır. Vətəndaşa xidmətin dövlət siyasətinin
əsası olmasını ölkə Prezidenti öz çıxışlarında dəfələrlə
vurğulayıb.
Daxili işlər naziri istintaq və ixtisaslaşdırılmış təhqiqat
qurumlarının rəislərindən tabelikdəki əməkdaşların apardığı
araşdırmanın keyfiyyətinə, yazılı cavabların vaxtında verilməsinə,
ərizəçiyə qəbul edilmiş qərarın və hüquqlarının izah olunmasına,
şikayətləri doğuran səbəb və amillərin aradan qaldırılmasına
gündəlik nəzarət olunmasını tələb edib.
Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması,
bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən istintaq və
təhqiqat qurumlarının bir qrup əməkdaşının mükafatlandırılması
barədə daxili işlər nazirinin əmri elan edilib və Ramil Usubov
tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.
Daha sonra toplantı daxili işlər nazirinin birinci müavini,
polis general-leytenantı Vilayət Eyvazovun rəhbərliyi ilə plenar
iclas formasında öz işini davam etdirib.
Nazirin birinci müavini Vilayət Eyvazov çıxış edərək insan hüquq
və azadlıqlarının, dövlətin və cəmiyyətin qanuni mənafelərinin
hüquqazidd əməllərdən qorunmasının ən mühüm mexanizmlərindən olan
cinayət-prosessual fəaliyyətin cinayət törətmiş hər bir şəxsin ifşa
olunmasında, məsuliyyətə cəlb edilməsində, təqsiri olmayan şəxsin
qanunsuz şübhə altına alınmasının, ittiham edilməsinin,
məhdudiyyətlərə məruz qalmasının qarşısının alınmasında xüsusi
əhəmiyyətə malik olduğunu bildirib.
O, müvafiq qanunla müəyyən edilmiş funksiyaların, hüquqi
prosedurların və cinayət təqibinin dəqiq, düzgün və effektiv həyata
keçirilməsinin istintaqın və təhqiqatın əsas keyfiyyət göstəricisi,
fəaliyyətin qiymətləndirilməsində başlıca meyarlar olduğunu bir
daha xatırladıb, göstərilən sahədə fəaliyyəti aidiyyəti
qanunvericilik aktlarının tələbləri səviyyəsində qurulmasının,
əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin,
cinayətkarlığa qarşı mübarizədə aparıcı rol oynamalarının, habelə
sosial müdafiəsinin gücləndirilməsinin DİN rəhbərliyinin daim
diqqət mərkəzində durduğunu vurğulayıb.
Həmin istiqamətlərdə atılmış növbəti və olduqca vacib
addımlardan birinin də məhz bugünkü respublika toplantısı olduğunu
nəzərə çatdıran polis general-leytenantı Vilayət Eyvazov nazirin öz
çıxışında nöqsan və çatışmazlıqlar, eləcə də onların həlli yolları
barədə verdiyi dəyərli tövsiyələrin, cinayətlərin qarşısının
alınması və açılmasında müstəntiq və təhqiqatçıların rolunun
artırılması, ibtidai araşdırmaların yeni keyfiyyət səviyyəsinə
yüksəldilməsi, qanunçuluğun pozulması hallarının tam aradan
qaldırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin gələcək
fəaliyyətdə böyük rol oynayacağına əminliyini bildirib, tədbirdə
fəal iştirak etmiş qonaqlara və əməkdaşlara nazirliyin rəhbərliyi
adından təşəkkür edib.