13:11
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Gəncədə baş verən yanğınla bağlı təfərrüat məlum olub.
Musavat.com xəbər verir ki, hadisə şəxsi zəmində baş verib.
Belə ki, mənzildə olan kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.
1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.