Naxçıvan Konstitusiyasından Qars və Moskva müqavilələrinə ilə bağlı bənd çıxarılır.
Axar.az xəbər verir ki, bu dəyişiklik “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, preambulanın birinci və ikinci abzasları ləğv edilir. Həmin abzaslar bu məsələlərdə qeyd olunmuşdu:
Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.
Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Konstitusiya qanununun layihəsində preambulanın üçüncü və dördüncü abzasları yeni redaksiyada təqdim edilir: "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir".
Hazırda qüvvədə olan Naxçıvan Konstitusiyasında isə üçüncü və dördüncü abzaslar bu variantda verilib:
"1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində — referendumda qəbul edilən Konstitusiyası təşkil edir".
Qeyd edək ki, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri Naxçıvanın Azərbaycanın tərkibində muxtar bir ərazi kimi qalmasını nəzərdə tuturdu.Moskva müqaviləsi Sovet Rusiyası və Türkiyə arasında, Qars müqaviləsi Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında imzalanmışdı.