Hazırda İsveçin paytaxtı Stokholmda mühacirət həyatı
yaşayan tanınmış çeçen hüquq müdafiəçisi Mayrbek Taramov
Çeçenistandakı vəziyyət, Ukrayna hadisələri, kadırovçular adlanan
çeçenlərin separatçıların tərəfində savaşması və İŞİD-in Qafqaz
təhdidi barədə Axar TV-nın suallarını cavablandırıb.
Taramov bildirib ki, Qroznıda tikilən müasir evlərin arxasında
özbaşınalıq hökm sürür:
"Qroznının mərkəzində ucaldılan göydələnlərin arxasında əsl
özbaşınalıq hökm sürür. Demək olar ki, Kadırov və onun çevrəsindəki
adamlar hər cür şəraitə malikdirlər – dəbdəbəli saraylar, maşın,
pul və s. Əhalinin qalan kəsimi isə imkansızdırlar və çox pis
vəziyyətdədirlər. Hər addımda korrupsiya halları indi Çeçenistanda
ictimai durumun real mənzərəsini xarakterizə edən amillərdir.
Regionlarda isə vəziyyət daha da acınacaqlıdır. Məscidlər tikilib,
insanlar ibadətə həmin məkanlara getmirlər ki, bu tikililər qanlar
hesabına inşa edilib. Çeçenistanda hər bir şəxs əmək haqqının 30
faizini kadırovların müxtəlif fonduna köçürməlidir. Bunların hamısı
Kremlin maraqlarına hesablanıb. Kreml necə desə, elə də olacaq. Bax
belə, Çeçenistanda əsl marionet hakimiyyət qurulub".
Hüquq müdafiəçisi Çeçenistanda müharibə başa çatandan sonra
əksər çeçenlərin vətənlərinə dönməsi ilə bağlı fikirlərə də
aydınlıq gətirib:
"Dəqiq deyim – çeçenlər öz doğma yurdlarına bağlı xalqdır,
qohumluq əlaqələrinə xüsusi diqqət yetirirlər. Doğmalarının
qəbrinin ziyarət edilməsi, vətən sevgisi çeçenlərin əksəriyyətinin
geriyə dönməsinə səbəb olan amillərdir. Bu, bəzən onların həyatı və
sağlamlığı bahasına başa gəlir. Əmin edirəm ki, onlar
qayıtmaqlarından elə də xoş olmurlar. Sərbəst ola bilmirlər. Niyə?
Çünki hər addımda dinlənilirlər. Real mənzərə budur".
Dağlarda çeçen yaraqlılarının qalması və onların Çeçenistanın
hazırkı rəhbərliyinə təhlükə yaradıb yaratmaması barədə də Taramaov
danışıb:
"Əlbəttə var və belə qruplar hələ də müqavimət göstərməkdə davam
edirlər. Müəyyən əməliyyatlar aparsalar da, güclər nisbəti
fərqlidir. Bu səbəbdən də hər ötən gün müqavimətin təsiri aşağı
düşür. Bundan başqa, həmin bölmələrə yardım edən çeçenlərin evləri
yandırılır, yaxınları və doğmaları şantaj olunur".
Hazırda mühacirətdə fəaliyyət göstərən İçkeriya-Çeçenistan
Respbulikasının mövcudluğu, təşkilatlanması və xaricdə yaşayan
çeçenlərin yaşadıqları ölkələrə inteqrasiyası da son vaxtların əsas
müzakirə mövzularındandır.
Taramov "Xaricdə İçkeriya-Çeçenistan Respublikası varmı və
fəaliyyət göstərirmi?" – sualını da cavablandırıb:
"Əlbəttə var, Əhməd Zakayev də İçkeriya - Çeçenistan
Respbulikasının rəhbəridir. Xatırladım ki, yüksək ranqlı
siyasətçilər, tanınmış jurnalistlər və digər şəxslər onunla daim
ünsiyyətdə olurlar. Zakayev hökuməti mütəmadi olaraq konfranslar,
tədbilər və görüşlər keçirir. Sonuncu dəfə Brüsseldə çeçenlərin
deportasiyasının ildönümünə dair geniş tədbir və etiraz aksiyası
keçirdik. İçkeriya hökuməti xaricdə yaşayan çeçenlərə şəxsiyyət
vəsiqləri verir. Bu sənədi almaqla onlar öz mövqelərini ortaya
qoyurlar. Hazırda xaricdə 300 minə yaxın çeçen yaşayır ki, bu da
böyük bir gücdür. Çeçenlər daha çox Avstriya, Belçika, Fransa və
Almaniyada məskunlaşıblar. Onlar özlərini müdafiə olunmuş hiss
edirlər".
Ukrayna hadisələrində "kadırovçular" adlanan çeçenlərin
ukraynlara qarşı savaşmasını ürək ağrısı ilə qeyd edən Taramov bunu
Kremlin fitnəsi və təxribatı adlandırıb:
"Qaydalar belədir: əgər Putin ordusu harasa daxil olur, oranı
işğal edirsə, onun arxasınca həmin regiona marionetləri gəlir. Bu,
bir qanundur! Marionet deyə bilməz ki, yox, mən istəmirəm. Əks
halda, dərhal o öz postundan kənarlaşdırılacaq. Görünür,
Çeçenistandakı marionet hakimiyyət də Birinci və İkinci Çeçenistan
müharibəsini keçmiş gəncləri təhrik etməyə başlayıb. Bununla da
Ukraynada Kadırovun hərbi bölmələri görünməyə başlayıb. Soruşmaq
lazımdır: siz necə bacardınız bunu? Dost və qardaş ukraynlara güllə
atmağa haradan cürət tapdınız? Axı ukraynlar həmişə Çeçenistanın
müstəqilliyinin tərəfində olublar. Tarixdə bizi birləşdirən
hadisələr var – Ukraynada aclıq illərində çeçenlər ukraynlara qucaq
açdılar, dərdlərinə şərik oldular. Kadırovçular etdiklərinə görə
cavab verməli olacaqlar".
Taramov kadırovçuların çeçenlərin imicinə zərbə vurmasından və
Ukraynada bu xalq haqqında mənfi rəyin yaramasından
təəssüfləndiyini bildirib:
"Bəzən bu, qeyri-peşəkar media nümayəndələrinin yanaşmasından
meydana gəlir. Bəziləri kadırovçuları, çeçenləri, nə bilim,
putinçiləri ümumi götürürlər. Bu, kökündən yanlış fəaliyyətdir.
Məsələ aydın qoyulmalıdır – kim Putinlədir, kim Kadırovladır, kim
Ukraynanın tərəfindədir… Mən orada savaşan bütün kadırovçular və
müsəlmanlara müraciət edərək, müqəddəs Quranın surələrini onların
diqqətinə çatdırmaq istərdim. Necə ola bilər ki, düşmənin tərəfində
savaşasan? O düşmənin ki, bir neçə il öncə sənin doğmalarını
öldürüblər, ana-bacılarınızı zorlayıblar. Buna getməkmi olar? Əmin
olun, yeriniz cəhənnəmdir!"
Son günlər İçkeriya-Çeçen Respublikasının mərhum prezidenti
Cöhvər Dudayev adına batalyonun Ukraynanın tərəfində savaşmağa
hazır olması ilə bağlı xəbərlərə münasibət bildirən hüquq
müdafiəçisi maraqlı məqamları açıqlayıb:
"Batalyon komandanı İsa Munayev, Baş nazir Əhməd Zakayev və
digər çeçen fəalları dəfələrlə separatçılara qarşı savaşmağa hazır
olduqlarını bildiriblər. İkinci bir fakt: bir çox çeçen kameralar
qarşısında danışmaq istəmir. Niyə? Çünki bilirlər ki, Çeçenistanda
onların yaxınlarına əzab, əziyyət verəcəklər. Fikrimcə, bundan
sonra Ukrayna mediası da fəaliyyətini daha da artıracaq və
çeçenlərin çıxışlarına yer verəcəklər. Başqa bir məqam da var:
çeçenlərə sığnacaq verən əksər Avropa ölkələri onların Ukraynada
savaşmasını istəmir. Gördüyünüz kimi, Ukrayna məsələsinə yanaşmada
Avropa Birliyinə üzv ölkələrin özündə də ciddi fikir ayrılığı
mövcüddur. Həm də Ukraynanın müvafiq qurumlarının razılığı olmadan
çeçenlərin döyüş meydanlarına getmələri mümkünsüzdür. Təəssüf ki,
bu gün Ukrayna cəmiyyətinin özü də vahid mövqedən çıxış etmir və
məsələlərə fərqli yanaşırlar".
Dudayevin prezidentliyi dönəmdə müəyyən vəzifələr tutmuş Taramov
Çeçenistan müharibələrində ukraynalı könüllülərin – Saşko Biliy
kimi döyüşçülərin çeçenlərin tərəfində savaşmasına aydınlıq
gətirib. Əlavə edib ki, belə batalyonlar vardı və həmin
künüllülərin sayı 100 nəfərə çatıb. Taramov həmin döyüşçülərin
hadisələri öncədən görmələrinə qibtə edib və əlavə edib ki,
görünür, ukraynlar Rusiyanın bir neçə ildən sonra Ukraynaya da
hücum edəcəyini duyurlarmış. Odur ki, 90-cı illərdə onlar təkcə
İçkeriya uğrunda yox, həm də vətənləri Ukraynanın gələcəyi üçün
savaşıblar.
Taramov İŞİD adlanan terror təşkilatı üzvlərinin Çeçenistan və
Qafqazı azad edəcəyi ilə bağlı hədələrə də aydınlıq gətirib və
əlavə edib ki, bu, bir xəyaldır və həmin şəxslərin də nə
müsəlmanlara, nə də islama aidiyyəti yoxdur.