Yuxarı

Azərbaycanın “yaşıl enerji” siyasəti: 2,8 milyardlıq investisiya...

Ana səhifə Yaşıl Sabah
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın “yaşıl enerji” siyasəti: 2,8 milyardlıq investisiya...

Qlobal iqlim dəyişikliyi şəraitində temperatur artımının 1,5 dərəcə azaldılması dövlətlərin qarşısında mühüm vəzifələr qoyub. Enerji mənbələrinin daha ucuz və bol olduğu dövrlərdə xalis sıfır karbon emissiyasına nail olmaq məqsədilə diqqət əsasən qalıq yanacaqların istifadəsinin məhdudlaşdırılmasına yönəlmişdisə, bu gün prioritetlər dəyişib. Dövlətlər uzunmüddətli “yaşıl inkişaf” hədəfləri müəyyənləşdirməyə başlayıblar.

İndiyə qədər 170-dən çox ölkə bərpa olunan enerji mənbələrindən istifadə etməyi planlaşdırıb və onlardan 150-i təmiz enerjiyə investisiyaları təşviq edən siyasət həyata keçirir. Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) hesablamaları göstərir ki, dünyada 2050-ci ilə qədər elektrik enerjisinin 90%-i bərpa olunan enerji mənbələrindən alınacaq.

Yaşıl enerjiyə keçidin ən çox vəsait tələb edən istiqaməti karbon emissiyalarının azaldılmasıdır. Karbon emissiyaları iqlim fəlakətlərinin yaratdığı ziyan, infrastrukturun dağılması, kənd təsərrüfatı məhsuldarlığının azalması və səhiyyə xərclərinin artması vasitəsilə iqtisadiyyata ciddi zərər vurur. Stanford Universitetinin hesablamalarına görə, qlobal emissiyalar dövlətlərin iqtisadi artımlarına da mənfi təsir göstərməklə paralel biznesin xərclərini artırıb. Araşdırmalar sübut edir ki, temperatur 22 dərəcədən yuxarı qalxdıqda insanın iş qabiliyyəti 2-4 faiz, 30 dərəcdən yuxarı olduqda isə 4-6 faiz azalır.

İqlim dəyişikliyi fonunda son illər Azərbaycanın bir çox bölgəsində su çatışmazlığı, torpaq deqradasiyası, kənd təsərrüfatında məhsuldarlığın azalması baş verib. Paralel olaraq Xəzər dənizinin səviyyəsindəki dəyişiklik balıqçılıq sənayesini, gəmiçiliyin fəaliyyətini zəiflədib, sahilboyu infrastruktura zərər vurub. Əhalinin əsas məşğuliyyət sahəsi olan kənd təsərrüfatı əhəmiyyətli dərəcədə zərər görüb.

2024-cü ilə olan məlumata əsasən, dünyadakı karbon emissiyasının cəmi 0,13%-i Azərbaycanın payına düşür. 2022-ci ildə ölkədə karbon emissiyalarının həcmi 61 milyon ton təşkil edib. Təkcə 2010-2022-ci illərdə ölkədə istixana qazları tullantılarının miqdarı 28,5% artıb.

Azərbaycan 2016-cı ildə Paris Sazişini ratifikasiya edib və könüllü olaraq 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı öhdəsinə götürüb. Bu öhdəliklər çərçivəsində ölkədə “Yaşıl Enerji Zonaları”, alternativ enerji parkları və ekoloji normativlərin sərtləşdirilməsi istiqamətində addımlar atılır. Həmçinin, regional əməkdaşlıq çərçivəsində Xəzər dənizi və transsərhəd çay hövzələri üzrə monitorinq sistemləri qurulur.

Dünya Bankının hesablamalarına görə, Azərbaycan karbon emissiyasını azaltmaq üçün 2060-cı ilə qədər 40 milyard dollar sərmayə yatırmalıdır.

Emissiyaların sektorlar üzrə payı

Azərbaycanda emissiyaların Ümumi Daxili Məhsulun istehsalında paya malik olan sahələr üzrə bölgüsünə nəzər saldıqda ilk sırada sənaye sektoru (ÜDM-in təxminən 34,6%-i məhz sənaye sahəsinin payına düşür) yer alır. Sektorun ümumi karbon emissiyalarında rolu təqribən 70% dəyərləndirilir.

Kənd təsərrüfatının (ÜDM-də payı təxminən 5,9%) emissiyalarda rolu 15-20 faiz, nəqliyyat sektorunun (ÜDM-də payı 7,3%) 15 faiz, tikintinin (ÜDM-də payı təxminən 4,9%) 5 faiz təşkil edir. Qiymətləndirmələrə əsasən, kənd təsərrüfatı ildə təxminən 8 milyon ton karbon qazı ekvivalenti emissiya yaradır.

Baxmayaraq ki, müşahidə edilən dinamika dünya üzrə göstəricidən geri qalır.

Azərbaycanın “yaşıl enerji” siyasəti

2023-2024-cü illərdə Azərbaycanın ümumi elektrik

enerjisi istehsalı gücü 9,732.5 MVt-a çatıb. Bu potensialın 81.2%-i (7,903 MVt) təbii qazla işləyən istilik elektrik stansiyalarının payına düşür.

Bərpa olunan enerji mənbələri ümumi quraşdırılmış gücün 18.8%-ni (o cümlədən hidroenergetika daxil olmaqla) təşkil edir.

Bəzi mənbələrə görə, ölkənin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı mövsümi və aylıq göstəricilərdən asılı olaraq təqribən dəyişir. Aylıq göstərici 16-33%, ümumi illik orta göstərici isə təxminən 17-20% təşkil edir. 2032-ci ilin 8 QVt-lıq makro hədəfi nəzərə alındıqda, bu göstərici hələ ki aşağıdır.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) və Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda günəş stansiyalarının praktik güc əmsalı 15-18%, Xəzər dənizi sektorunda dənizüstü külək enerjisinin güc əmsalı isə 43-44% aralığında dəyişir. “Tetra Tech”, “EPRA” və “CESI” kimi beyənlxalq şirkətlərin analizləri göstərir ki, infrastrukturun əsaslı təkmilləşdirilməsi aparılmadan Azərbaycanın mövcud şəbəkəsi yalnız 2 QVt-a qədər dəyişkən bərpa olunan enerji mənbələrinin gücünü qəbul edə bilər.

Onu da bildirək ki, hazırda ölkədə bərpa olunan enerji mənbələri üzrə ümumi gücü 2070 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1 443,5 MVt gücündə 65 su elektrik stansiyası (SES), 306,5 MVt gücündə 6 külək elektrik stansiyası (KES), 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası (GES), 37 MVt gücündə bioelektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyası daxildir.

Reallaşdırılan layihələr

Son illərdə bərpa olunan enerji layihələrinə illik olaraq 1-1,3 milyard manatdan çox sərmayə yönəldilib. Ümumilikdə 2027-ci ilə qədər bu sahəyə 2,8 milyard dollar dəyərində investisiya qoyluşu planlaşdırılır.

Yeri gəlmişkən, bu layihələrdə xarici investisiyaların payı mühüm rol oynayır. 230 MVt gücündə “Qaradağ” GES Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində pilot layhə kimi istismara verilib. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilən stansiyada hər il təqribi 500 milyon kVtst elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilir. 200 min ton həcmində karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır.

240 MVt gücündə “Xızı-Abşeron” KES Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa edilərək istismara verilib. Stansiyada illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək.

Daha bir layihə isə bp şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Cəbrayılda yerləşən 240 MVt gücündə “Şəfəq” GES-də istehsal edilən elektrik enerjisi “Azərenerji” ASC-yə, “Azərenerji”dən isə Səngəçal terminalına ötürüləcək.

Bunun üçün Səngəçal terminalının bərpa olunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyası tikilib. Ümumi sahəsi 6,5 hektar olan "Yeni Səngəçal" yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.

Yarımstansiyanın istifadəyə verilməsi ilə terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq.

Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpa olunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.

“Masdar” şirkəti tərəfindən icra olunan “Meqa” layihə çərçivəsində 445 MVt gücündə GES Biləsuvar rayonunda, 315 MVt gücündə GES Neftçala rayonunda, 240 MVt gücündə KES Abşeron və Qaradağ rayonlarında tikilir. 2025-ci ilin 2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneli quraşdırılıb.

100 MVt gücündə “Qobustan” GES layihəsi 2024-cü ildə təşkil edilən hərracda qalib gələn Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən reallaşdırılır. Stansiyada hər il təxminən 260 milyon kVt·st elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

2025-ci ilin dekabr ayında dəyəri 13 milyon ABŞ dolları olan günəş panellərinin ilk iri partiyası Cəbrayıldakı tikinti sahəsinə çatdırılıb. Stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Bundan əlavə Cəbrayıl rayonunda hər birinin gücü 50 MVt olacaq “Üfüq” və “Şəms” günəş elektrik stansiyalarının tikilməsi ilə bağlı “Nobel Energy” şirkəti ilə İcra müqavilələri imzalanıb.

2024-cü ilin 29 iyul tarixində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi də bu istiqamətdə mühüm addımlardan hesab edilir. Layihə çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin açılış mərasimi keçirilib. Eksperimental qurğu ölkədə su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik stansiyasıdır.

Pilot layihə çərçivəsində günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır.

Naxçıvanda ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda "Yaşıl Enerji Zonası"nın yaradılmasını nəzərdə tutan kompleks tədbirlər öz əksini tapıb. Naxçıvanda “yaşıl enerji” istehsalının inkişaf etdirilməsi məqsədilə “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” kimi şirkətlərlə müqavilələr imzalanıb.

Bütün bunlarla yanaşı Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.

Bərpa olunan enerjidən istifadənin iqtisadi əhəmiyyəti

Qeyd edilən layihələr dövlətə daxildə təbii qazın istehlakına qənaətə imkan verməklə bərabər, ixrac potensialını artırmasını da şərtləndirir. Azərbaycan xaricə təbii qaz satışını artırmaqla paralel, “yaşıl enerji” ixracı da reallaşdırmağı hədəfləyib.

Layihələr həmçinin yeni iş yerlərinin açılmasına təkan verir. Araşdırmalara görə, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun hər dolları bərpa olunmayan enerjiyə sərmayə qoyuluşundan üç dəfə çox yeni iş yeri yaradır. Beynəlxalq Enerji Agentliyinin (İEA) hesablamalarına əsasən, 2030-cu ilə qədər ənənəvi yanacaq istehsalında təxminən 5 milyon iş yeri itiriləcəyi halda təmiz enerji sahəsində təxminən 14 milyon yeni iş yeri yaradılacaq.

“Yaşıl enerji”nin tətbiqi ərzaq balansında əhəmiyyətli rol oyanayan kənd təsərrüfatında xərclərin azalmasına, suya qənaətə, əməkqabiliyyətinin, məhsuldarlığın artımına şərait yaradır. Bu gün kənd təsərrüfatı sektorunun birbaşa elektrik enerjisi istehlakı ümumi istehlakın 7–8%-ni təşkil edir. Kənd təsərrüfatı ilə əlaqəli sahələrdəki istehlak da nəzərə aldıqda bu göstərici hətta 18–23%-ə yüksəlir.

“Yaşıl enerji”yə keçid bu istiqamətdə xərcləri azaldacaq. Xüsusilə, nəzərə alsaq ki, regionlarda məşğulluğun, demək olar, 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur, bu, gəlirlərin artımına, bölgənin inkişafına şərait yaradacaq.

Tarix
2026.08.11 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

Prezident Naxçıvanda yeni avtobuslara baxdı

Prezident Naxçıvan Sənaye Parkının təməlini qoydu - Foto

İlham Əliyev bu stansiyalardakı işlərlə tanış oldu

İlham Əliyev və xanımı Heydər Əliyev abidəsini ziyarət etdi

Ermənistan və İran TRİPP-lə bağlı razılaşdı

Ermənistan Azərbaycandan qaz almaq istəyir

İlham Əliyev Naxçıvana getdi - Video

Bakı və Vaşinqton arasında mühüm görüş

ABŞ-dan Naxçıvan açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla