Yuxarı

Sənin yaşın, bir də ayrılığın yaşı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 il xəfifcə ötüb keçdi.

Düz 18 il.

18 il il əvvəl, elə bu vaxtlar cəmi18 yaşın vardı.

18 il – sənin ömrünün yarısıdı.

18 il.

Dildə demək bəlkə də asandı. Amma bu 18-i illərə, aylara, günlərə, sonra da saatlara, dəqiqələrə, saniyələrə böləndə və düşünəndə ki, bu 18-i sən ilbəil, aybaay, günbəgün, saatbasaat, hətta dəqiqə-dəqiqə, saniyə-saniyə yaşamısan, acısıyla, şiriniylə, sevinciylə, kədəriylə, sevgisiylə, nifrətiylə yaşamısan, yanmısan, canından can ayrılıb, doğmanı, dostunu torpağa tapşırmısan, elə bilmisən hər şeyin sonudu, axırıdı.

Sonra da toparlanmısan, yenidən başlamısan.

Bu 18 ildə bəlkə də 18 dəfə yenidən başlamısan.

Bəzən də məsud, bəxtəvər anların olub, özünü xoşbəxtlərin xoşbəxti sanmısan, xırda uğurlara, kiçik qazanclara sevinmisən, elə bilmisən dünya sənindi.

Sonra dünyanın sənin olmağı da sənə bəs eləməyib.

Çox şey baş verib.

Ağaclar 18 dəfə yarpaqlayıb. Çiçəklər açılıb. Otlar göyərib. İnsanlar doğulub.

İnsanlar ölüb.

Bu 18 ilin hər saniyəsində adlı-adsız, ünvanlı-ünvansız, səbəbli-səbəbsiz bir ağrı, əzab, məşəqqət duyulub, hiss olunub, yaşanıb.

Bəzən hiss olunmadan, duyulmadan yaşanıb.

Ha çalışmısan axtarıb tapasan, tapammamısan, hər şey var, adamın heyini, taqətini, səbrini, hövsələsini qəddarca alan bu qosqoca 18 ildə bircə o axtardığın, tapmağa çalışdığın, fəqət tapammadığın yoxdu.

Gedilməyən yolların, boş qalan cığırlarının, yağışın, qarın yuyub, silib apardığı izlərin, ləpirlərin səssiz ağısı, dəhşəti var bu 18 ildə.

Adamsızlaşan, yazıqlaşan, mağmınlaşın evlərin, məhlələrin dəhşəti var.

Gözü yolda, qulağı səsdə, boynu bükük yol gözləyən, gözləyə-gözləyə yetimləşən qəbirlərin dəhşəti var.

Dəhşətlərin dəhşəti var.

Ağırlaşdıqca ağırlaşıb daş kimi asılır adamın ürəyində. Hünərin var, bu yükü daşı, apar arxanca, dart, sürü.

Hünərin var, döz.

18 ili əslində belə yola verdin. Dözməyi öyrənə-öyrənə. Dözə-dözə. Dözməyin dözümsüzlüyünə öyrəşə-öyrəşə.

Və bir gün ayıldın ki, 18 yaşın tamam oldu. Daha bir 18-i də yola saldın.

Ömrünün yarısının yarısını.

Bu, təkcə sənin yaşın deyil.

Ayrılığın yaşıdı.

Ayrılığın da yaşı olarmış, Ayrılıqların da yaşının üstünə yaş gələrmiş. Ayrılıqlar da yaşlaşarmış.

Bu da bir ömürmüş, sən demə. Bunun da adı ömürmüş...

8 may 2010-cu il

Mediaforum.az

Tarix
2017.05.08 / 14:23
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla