Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılıb. El dilində desək, ta o vaxtdan xəstəlik hesab olunmur.
Bir qrup neyrobioloq hesab edir ki, homoseksualizm doğuşdan əvvəl müəyyənləşir. Söhbət uşaq doğulmamışdan öncə, valideynlərin hormonal durumundan, həyat tərzindən, psixoloji vəziyyətindən gedir. Döl ikən uşaq bu səbəbə, nə əli çatır, nə ünü.
Aşıq Duman demiş, ata-ananı biz seçmirik.
Bu, sonradan qazanılmamış, ta əvvəldən mövcud - ya vəlvələdən, ya zəlzələdən - qeyri-iradi rastlanan durum.
Babalı valideynlərin boynuna.
Biri də var, qazanılmış orientasiya. Normal doğuşdan sonrakı yaşantının, maddi-mənəvi prosesin psixoloji, fiziki və bioloji təsiri: özgələşən xarakter, dəyişən kimlik.
Birincidən fərqli, qazanılmış orientasiya daha çox psixoloji haldır; bilavasitə maddi-mənəvi yaşantı əsasında formalaşan psixoloji kimlik.
Tanışım var, lezbiyandır. Bir az da nimfdir. Yəni yaşından tez böyüyüb, tez olğunlaşıb. Cinsi istəkləri yaşından böyük.
Mental dəyərlər, mühafizəkar ailə, gəl ödə ehtiyacını.
Məktəb-ev, ev-məktəb. Məcburiyyətdən lezbiyan olub. Deyir, telefonumda oğlan nömrəsi görəndə qardaşım söz-söhbət salırdı, ev dustağı olurdum.
Handan-hana partnyor tapıb. Elə məktəbdən. Dərs hazırlamaq adıyla çağırırmış evə. Otaqda olanları bir allah bilir, bir də özü.
Deyir, atamın, qardaşımın timsalında zamanla kişilərə nifrət oyandı.
Məsələn, bu qızın kişilərə nifrəti təxminən psixoloji travmadı. Mühafizəkar ailə xarakterini dəyişməyə, özündən başqalaşmağa məcbur edib.
Qazandığı psixolji kimlik lezbiyandı. Ona bu kimliyi ailəsi verib.
Sonra da əynindəki lezbiyanın yaxasından yapışıblar ki, fahişə, sən bizim nəslimizə, ailəmizə ləkəsən. Qovulub.
Məktəb üz çevirib, ailə imtina edib.
İndi bir qəhvə evində işləyir. Sevgilisi də var.
Valideyin uşağı necə cəzalandırırsa, uşaq da oyuncaqlarına eyni cəzanı verir.
Kanevskinin sənədli filmi var. Uşaq qatili haqqındadır. Qatil bir neçə uşağı aldadıb evə aparır, zirzəmiyə düşürüb öldürür, elə ordaca basdırırmış. Qatilin gözündə qalınşüşə eynək var, ta uşaqlıqdan gözdən əlil, eynəkli. Məktəbdə, məhəllədə məzələniblər həmişə bununla. Bizdə yoxdurmu? “Dördgöz” deyirik, nə bilim, “oçkarik” deyirik.
Ana qayğısından da payı az düşüb. Yük kimi yanaşıblar evdə, əlini uzatdığı tələf olurmuş; onun mətbəxə keçib su içməyi, azı iki stəkanın sınmağıyla nəticələnirmiş.
Fikir verin, meyitləri incələyən ekspertlər müşahidə ediblər ki, qatil öldürdüyü bütün uşaqların gözlərini oyub.
Psixoloji travma. Qatil.
Qazanılmış psixoloji kimliyin qurbanı günahsız uşaqlar.
1971-ci il. Rusiya.
Bacı-qardaş həyətdə oynayır. Oğlanın 4 yaşı var, qızın 3. Oğlan yol kənarında dayanmış, sürücünün qapısını açıq qoyduğu “Kamaz”a minir, nəyə toxunur, necə edir, maşın arxaya doğru hərəkətlənir. Düz qızın üstünə. Qız ölür. Oğlan maşın gedə-gedə həyəcandan atır yerə özünü. Ayaqları tutulur.
Qızı oğlandan daha çox sevən ər-arvad əlil arabasındakı oğlana nifrət edir. Oğlanın yeməyini-suyunu vaxtında verməyən ana sevimli qızıyla birgə başını da itirib, sanasan. Bir az sonra başlayır qızın paltarlarını oğlana geyindirməyə, qız adıyla çağırmağa. Saçlarını uzadır, hörür, gəlincilklərlə böyüyən oğlan bir gün anasını da, atasını da öldürür, amma içindəki qadından əslən qurtula bilmir.
Həbsxanada da “qadın” kimi…
Bu kimliyi kim verdi ona?
Bu qadını kim çıxardı üzə?
Sonra da anasının verdiyi kimliyin acığına fahişəlik etməyə başlayır. Kod adı da bilirsiz nə olur? Anasının adı.
Bu iki hadisədə mahiyyət eynidir. Qazanılmış kimlik.
Fərq nədir. İkinci özünü satmağa başlayır.
Təxminən Bakıdakı ağaclıqlarda küçələnənlər kimi.
Deyim, hər qadının içində bir kişi, hər kişinin içində bir qadın var. Niyə? Çox bəsit. Lap açıqlayım, sonra deyəcəksiz, bəlkə də öz içində qadın var, bizi yükləyir.
Cənablar, siz kişi olduğunuz qədər qadınsınız.
Biz necə yaranırıq?
Qadın və kişi qonum-qonşunun, qohum-əqrabanın “bi şeymi şey var?” sualından sonra ar-abır edib düzəldir bizi. Lap deyək, sevgidən yaranmışıq. Fərqi yoxdur.
Onu deyim ki, yumurta-hüceyrə ilə birləşmək uğrunda mübarizə aparan spermatozoidlərin təxminən yarısı X, yarısı isə Y xromosomu daşıyıcısı olur. Yumurta-hüceyrədə isə yalnız X xromosomu var. Qadın orqanizminin diploid xromosom dəsti XX formasındadır, kişi orqanizmində isə XY. Yəni yumurta-hüceyrə ilə Y xromosu birləşərkən oğlan, X xromosom birləşərkən isə qız dünyaya gəlir.
Bu cütləşmədə kişinin rolu qədər, ananın da rolu var.
Ciddi problem olmasa, ya kişi, ya qız doğulur insan.
Məsələ nədir, doğuşdan sonra bir kişinin içindəki qadını maddi-mənəvi (maddi deyəndə pul nəzərdə tutmuram) yaşantıları öldürə də bilər, inkişaf da elətdirər.
Kanadalı rəssamın sərgisinə bir həftə qalmış naturası yoxa çıxır. Portret yarımçıq qalıb. Rəssam ayaqlarını bitirməmiş, qadın birdəncə yoxa çıxır.
Depresiyya, aqressiya.
Gecə yataqda qəfildən gözü ərinin ayaqlarına sataşır.
Yatışına baxır, bədənini incələyir.
Qadın naturanın əvəzinə ərinin ayaqlarını işləmək üçün razı salır.
Ona qadın paltarı geyindirir. Bir həftə belə davam edir və rəsm bitir. Di gəl, kişi qadın paltarlarını çıxarmır. Hətta gecə də yoldaşının alt paltarlarını geyinib yatır.
Getdikcə qadınlaşır, içindəki qadın boylanır...
Bir qığılcım və dərindəki, inkişafdan qalmış qadınsı kimlik dirilir.
Sonra əməliyyata gedir. Cinsiyyət orqanını dəyişdirir.
Bu, Danimarkada baş verən real hadisənin motivləri əsasında “Danimarkalı qız” filmi çəkilib. Həvəsiniz olsa, baxarsız.
Deməli, biri var əvvəldən – ta valideynlərin cinsi aktında taleyimizə yazılan kimlik, biri var normal doğuşdan sonrakı mühit, maddi-mənəvi yaşantından (burada maddi yaşantı deyəndə puldan söhbət getmir) qazandığımız kimlik. Birincinin səbələri bizdən çox uzaq, ikincinin səbəbləri bəlli, amma hardasa, haqq da qazandırmaq olar. Nə etməli.
Amma bir şey deyim, nəinki biseksual, gey, lezbiyan, ümumiyyətlə özünü satmaq insani normalara zidd.
Mən təhlükəli lezbiyan tanımıram.
Mən təhlükəli biseksual tanımıram.
Mən uşaqlarım üçün təhlükə yaradacaq gey tanımıram.
Amma təhlükəli müəllim tanıyıram.
Təhlükəli həkim tanıyıram.
Təhlükəli məmur tanıyıram.
Nifrətinizi doğru ünvana qusun.
Anam deyir, mən iyrənirəm onlardan.
Oğlunun nə elədiyini, nə eləməli halda eləmədiyini bilsə, imtina edər, əminəm.
Mən elə qalstuklu, sırğasız, üzü təmiz, kostyumlu adamlar göstərərəm sizə ki, el dilində desək, kişidirlər. Amma inanın, bir lezbiyan, bir gey o qədər əclaf deyil.
Ata əclafdırsa, bir gün oğlundan boylanacaq bu.
Ata, ya da ana xəstədirsə, hormonal pozuntu varsa, bir gün övladlarından ya qadın kimi, ya kişi kimi, ya da tamamilə başqa bir xəstəlik kimi boylanacaq.
Həyat insanı necə əclaf, necə mundar, necə yaltaq, şərəfsiz edirsə, eyni sürətlə xarakterlərə də təsir edə bilir.
Hamı özünü satır. Bahası var, ucuzu var. Heç olmasa, nisyə yazdırmayın özünüzü.