Nədən bəzi Qərb ölkələrinin
əsil soyqırım cinayətləri xatırlanmır, amma Türkiyənin adı
hallanır?
Xocalı soyqırımının bu il Türkiyədə əvvəlki illərdən daha
dolğun, daha yüksək səviyyədə anıldığını kimsə inkar edə bilməz.
Böyük Millət Məclisindən başlamış universitetlərə, sivil toplum
örgütlərinə, mədəniyyət mərkəzlərinə, televiziya proqramlarına
qədər...
Fevralın sonuncu ongünlüyündə qardaş ölkənin əksər ellərindən
bir Xocalı rüzgarı keçdi; yürüşlərin, mitinqlərin, konfransların,
simpoziumların, televiziya verilişləri və xəbərlərinin dəqiq sayını
kimsə deyə bilməz; bu tədbirlərdə on minlərlə insan iştirak etdi.
Türkiyənin bu ilki "Xocalı həssaslığının", "Xocalıya ədalət"
çağırışına bu qədər ürəklə cavab verməsinin səbəblərindən biri,
şübhəsiz, ermənilərin aprel ayında uydurma "erməni soyrıqımı"nın
100 illiyi ilə əlaqədar hazırladıqları şoudur. Türkiyə də, bizim
kimi, dünyaya demək istəyir ki, 1915-ci ildə türklər heç bir
soyqırım törətməyiblər, əsil soyqırım 23 il öncə, bu gün yaşayan
bir çox insanın gözünün önündə, Xocalıda Azərbaycan türklərinə
qarşı törədilmişdir. Yüz il Doğu Anadoludan köç etdirilən neçə yüz
min erməninin dərdinə yanan dünya nədən 25 il öncə Ermənistandan və
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulan 1 milyon insanı
görməzdən gəlir, bu qaçqınların faciəsini düşünmür?
Xocalı soyqırımının şahidləri hələ yaşayır. Bu faciəni törədən
insanlıq qatilləri bu gün cinayətlərinin mükafatı olaraq
Ermənistana rəhbərlik edirlər. Müharibə vaxtı əhalinin bir bölgədən
başqa bölgəyə köçürülməsi təcrübəsi yeni deyil. Eyni iş SSRİ-də də
görülmüşdü; Stalin rejimi türklərə güvənməzlik bəhanəsiylə Krım,
Axıska, Quzey Qafqaz türklərini bir neçə gündə qatarlara doldurub
yaşanılmaz, boş çöllərə sürgün etmişdi. On minlərlə insan bu köçün
qurbanı olmuşdu, şəhərlər, kəndlər viran qalmışdı, xalqların yüz
illər ərzində yaratdıqları bütün maddi-mənəvi dəyərlər əllərindən
çıxmışdı.
Gəlin bu iki hadisəni müqayisə edək; ermənilərin Doğu Anadoludan
köçürülməsinin əsası vardı. Onlar Osmanlı vətəndaşı ola-ola
Osmanlıya qarşı vuruşan çar Rusiyasına yardım göstərir, öz
ölkələrinə xəyanət edirdilər. Bəs Axıska, Krım, Quzey Qafqaz
türklərinin nə günahı vardı? Nədən bu gün SSRİ-nin varisi olan
Rusiya bu ağır köçlərə görə "türklərə soyqırım yapdı!" deyə ittiham
edilmir, ancaq Türkiyə haqsız bir ittihamla üz-üzədir? Nədən bəzi
Qərb ölkələrinin əsil soyqırım cinayətləri xatırlanmır, amma
Türkiyənin adı hallanır?
Bu suallar keçirilən mitinq və konfranslarda tez-tez səslənirdi.
"Xocalıya ədalət" çağırışının bütün dünyada ildən-ilə daha gur
səslənməsinin bir səbəbi də, məncə, Azərbaycan dövlətinin bu işə
xüsusi diqqət verməsi, qazanılan təcrübə və bu işin ildən-ilə daha
peşəkarlıqla görülməsidir. Xarici ölkələrədəki diplomatik
nümayəndələrimizin, səfirliklərimizin fəaliyyəti bu baxımdan ayrıca
qeyd olunmalıdır. Millət vəkili və Dünya Azərbaycanlıları
Konqresinin həmsədri olaraq mən hər ilin fevral ayının sonlarını
xarici ölkələrdə, diaspor təşkilatlarımızla keçirməyi özümə borc
sayıram - adım rəsmi siyahılarda oldu-olmadı. "Xocalıya ədalət"
tələbini ardıcıl olaraq Azərbaycanı təmsil etdiyim İslam İş Birliyi
Təşkilatı ölkələrinin Parlament İttifaqında, DAK-ın ABŞ, Avropa
tədbirlərində və Türkiyədə səsləndirməyə çalışmışam.
Bu il Türkiyədə iştirakçısı olduğum yürüş, mitinq, görüşlər və
televiziya verilişləri barədə mətbuatda məlumat verilib, özüm də
vaxt tapanda isti-isti qeydlərimi yazırdım, təkrara ehtiyac
duymuram. Məncə, Türkiyədə Xocalı tədbirlərinin yüksək səviyyədə,
peşəkarlıqla keçirilməsinin bir səbəbi də qardaş ölkədəki
diplomatik nümayəndəliyimizdir. Mən və həyat yoldaşım Tənzilə xanım
həmin günlərdə yaşadığımız ailə faciəsinin ağrılarını içimizdə
boğaraq, bəzən bir yerdə, bəzən ayrı-ayrılıqda İstanbulda,
Sakaryada, Muğlada, Yalovada, İnəgöldə, Amasyada, Samsunda –
universitetlərin və çeşidli qurumların təşkil etdiyi çoxlu gur
məclislərdə, yürüş və mitinqlərdə millətimizin böyük faciəsindən
danışdıq. Bunların hazırlanması tanıdığımız və il boyu əlaqə
saxladığımız sivil toplum örgütləri ilə yanaşı, daha çox
Azərbaycanın İstanbul baş konsulluğunun və xüsusən baş konsul,
hörmətli Həsən Zeynalovun zəhmətinin nəticəsidir.
Mən yalnız bizim iştirak etdiyimiz tədbirlərin yığcam
coğrafiyasını cızdım, əslində isə konsulluğun həmin günlərdə təşkil
etdiyi görüşlərin əhatə dairəsi daha geniş idi. İstanbula Bakıdan
bu məqsədlə başqa millət vəkilləri – Fəzail İbrahimli, Aqil Abbas,
Azay Quliyev də gəlmişdilər və onların da öz iş proqramları var
idi. Bütün bu proqramların əlaqələndiricisi İstanbul konsulluğmuz
idi. Dünyanın müxtəlif ölkələrini gəzməyim və diplomatik
nümayəndəliklərimizin işini müşahidə etməyim mənə müqayisə aparmaq
imkanı verir və İstanbul baş konsulluğumuzun fəaliyyəti haqqında
müsbət rəyim də iştirakçısı olduğum tədbirlərin nəticəsində
formalaşmışdır.
Mən bu yazının verdiyi imkandan istifadə edərək İstanbulda
ölkəmizi ləyaqətlə təmsil edən, Qarabağ faciəsinə, Azərbaycan
həqiqətlərinə həsr edilən tədbirlərin peşəkarlıqla hazırlanmasına,
iki ölkə arasında münasibətlərin yüksək səviyyədə saxlanılması
yolundakı xidmətlərinə görə Azərbaycanın İstanbul baş konsulu,
köhnə həmkarımızHəsən Zeynalova təşəkkürümü bildirmək istəyirəm.
Həsən Zeynalovu çoxdan tanıyıram, mövqeyindəki ardıcıllığa, ən
əsası, vətənini sevən bir insan olduğuna görə ona hörmətim var.
Onun Naxçıvanın ağır günlərindəki fəaliyyəti barədə də çox
danışmaq, yazmaq olar. İstanbul baş konsulu olduğu illər isə,
məncə, onun həm siyasətçi, həm diplomat, həm ziyalı, həm
Azərbaycanın mənafeyini qoruyan bir vətəndaş kimi yeni
keyfiyyətlərini üzə çıxartdı.
Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, orda, burda yaşayan
millət birdir, dövlətlərimizin rəsmi əlaqələri yüksək səviyyədədir,
lakin bütün bunlar əlimizi-qolumuzu sallayıb oturmağımıza haqq
vermir; bu münasibətləri pozmağa çalışan ciddi qüvvələr orda da,
burda da fəaliyyətlərini davam etdirirlər, bəzi xarici ölkələrin
fitvası və maliyyə dəstəyi ilə işləyən qurumlar hər xırda imkandan
istifadə edib arada soyuqluq, inamsızlıq, münaqişə yaratmağa
çalışırlar. Türk, azəri soyadı daşısalar da əslində türk düşməni
olan etnik separatçılar yatmırlar. İstanbul Asiya ilə Avropanın
qovşağında və ya ayrıcında yerləşməklə bərabər, həm də dünyanın bir
çox ideoloji, dini, ictimai, siyasi fikir cərəyanlarının kəsişmə,
toqquşma nöqtəsidir. Boğazdan təkcə çeşidli ölkələrin bayraqları
altında, çeşidli yüklər daşıyan gəmilər keçmir, həm də bu şəhərə
heyrətlə, nifrətlə, paxıllıq və iştahla baxan onlarla dövlətin
insanları, o insanların dolaşıq fikirləri keçir.
İstanbul yüz illər boyu dünyaya hökm etmiş, Avropanın yuxusunu
qaçırmış və bu gün də onun qisasçılıq niyyəti ilə üz-üzə olan, hər
cür siyasət rüzgarlarının dolaşdığı şəhərdir. Bütün bunları
bilmədən və görmədən orda normal diplomatik fəaliyyət göstərmək
olmaz. Bir millət olma, ortaq hədəflərə doğru irəliləmə
münasibətlərimizin bütün spektrinə hopmuşdur. Bununla belə, hər
ölkənin çoxlu özəl sorunları, lokal, məxsusi işləri, vəzifələri
var. İstanbul türk dünyasının fəxri olmaqla yanaşı, provoslavlığın
da mərkəzi, türk düşmənçiliyinin yuva bağladığı erməni kilsəsinin
də baş yönəticiliyinin kök atdığı, onlarla xalqın diaspor
təşkilatlarının, onlarla dini cərəyanların sərbəst, yan-yana
yaşadığı bir mərkəzdir. Həm də ölkəmizə gəlib-gedən yolların bir
çoxu üçün dayanacaqdır, nəfəs-dərmə yeridir. Yəni bu şəhərin
iqtisadi, mənəvi-mədəni, istimai-siyasi və o cümlədən diplomatik
həyatı daim qaynayır. Burda arxayın mürgüləmək imkanı yoxdur.
Azərbaycanın İstanbuldakı baş konsulluğu və baş konsul Həsən
Zeynalov da bu rejimə uyğun çalışır. O, ayıq, dövlətinin mövqeyini
təqdim və təbliğ eləməyi, sözünü deməyi, şəhərin gur həyatının
nəbzini tutmağı bacaran adamdır. İstanbulda Azərbaycanın
bayramlarına və acı günlərinə həsr olunmuş toplantılarda, tematik
konfrans və simpoziumlarda, universitetlərdə, mitinq və televiziya
proqramlarında bunun dəfələrlə şahidi olmuşam. Azərbaycandan bura
"fəaliyyət" adına gəlmiş bəzi missiyalardan fərqli olaraq, o daim
dəyişilməz dövlətçilik mövqeyindən çıxış edir və bu məqamda qardaş
Türkiyənin bəzi "niyyəti" bəlli olan qəzet və televiziya
cızmaqaraçılarına da güzəştə getmir. Qarsda Ermənistanla
sərhədlərin açılması və ya dostluq heykəli ətrafında gedən
kompaniyalardan başlayaraq, lap yaxın günlərdə "O səs Türkiyə"
mahnı yarışmasının nəticələri barədə mətbuatda könül bulandıranlara
qədər gedən heç bir proses Azərbaycan baş konsulluqlarının
diqqətindən kənarda qalmamışdır. Onun fəaliyyəti bu tipli
məsələləri çəkinmədən dəyərləndirərək, qardaşlıq münasibətlərimizin
möhkəmlənməsinə xidmət baxımıdan önəmliydi.
Ölkəmizə aid olan bütün sahələrdə qüsurlarla yanaşı yaxşı işləri
də görmək və qeyd etməyi özümə borc sayıram.