Ötən əsrin 30-cu illəri Amerika tarixinə "böyük
depressiya illəri" kimi düşüb. İqtisadi böhranın tüğyan etdiyi
cəmiyyəti təkcə Ruzveltin qeyri-ordinar qərarları xilas etmədi, həm
də xalqın ruhundan doğan istəkləri sanki bir dirçəliş proqramına
çevrilərək millətin nicat yolunu müəyyənləşdirdi. Eləcə də hər bir
fərdin uğurlu həyat hekayəsinə qovuşmağa şərait
yaratdı.
Əslində bir az kənara çıxaraq deyə bilərik ki, dünya siyasi
okeanında hökmranlıq məhz belə qazanıldı. Ruzveltlə bərabər, tarixə
düşən "amerikan arzusu" fenomeni mistik bir mahiyyət alaraq hər
kəsi özünün cazibəsinə salmağı bacardı və həqiqətən səfərbərlik,
birlik şüarlarının əvəzləyicisinə çevrildi.
Üstündən 20 il keçəcək və rəngləri normal insan kimi yaşamağa,
adam kimi qəbul olunmağa haqq verməyən bir irqin lideri Martin
Lüter Kinq dünyəvi inqilabların himninə, yaxud bütün məzlumların
azadlıq marşına çevrilən "Mənim arzularım var" hayqıraraq indi Ağ
Evdən dövləti yönləndirən sələfinin də yolunu açmış olacaqdı.
Martin Lüter bir gün istismar olunanlarla ağaların bərabərlik
masası arxasında əyləşəcəyinə dərin inamını ifadə edirdi. Bir neçə
ildən sonra onun arzusu ümumxalq fikrinə və amerikan gerçəkliyinə
döndü. Ona görə də bütün insanlar üçün yaşamaqdan və böyük ideallar
uğrunda mübarizə aparmaqdan öncə onun şəxsi dünyasını təşkil edən
istəklərin dəqiq coğrafiyasını müəyyənləşdirmək lazımdır.
Amerika arzusunu bəlkə də sadəcə zəhmət çəkmək, məqsədli olaraq
çalışmaqla öz hədəflərinə qovuşacağına dərin inam təşkil etmir,
eləcə də ideologiyaya, dövlətin müxtəlif planlarına qurban verilən
insan modelinin qəbul olunmadığı aşkarca üzə çıxır. Sovet qurluşu
adamları asanlıqla Böyük Vətən amallarına fəda edərdi. Vaxtilə
yapon kamikadzesi belə bir xarakteri üzərində qərar tutmuşdu və
milli geriliyə, özünüqəsdlə yox olmağa səbəb olurdu.
Siyahını uzatmaq olar. 2012 -ci ildə "gürcü arzusu" hərəkatı
hakimiyyətə gələndə məni narıncıların hökmranlğına son
qoyulmasından daha çox, Stalinin ərköyün həmvətənlərinin
amerikalılardan əxz elədiyi Arzuların nədən ibarət olması
düşündürürdü. Keçmiş sovet məkanında hamının heyrət və qibtə ilə
izlədiyi bir xalq ona sovet mirası kimi qalan pisliklərin -
korrupsiyadan səriştəsiz idarəçiləyədək - hamısını dəyişdirəndə
gürcülər sadəcə şəxsi mənafelərə üstünlük verərək İvanişvilinin
maliyyə ətəklərindən tutmuşdular. Buna görə onları qınamaq olar.
Lakin vətəndaşları parıltılı və abstrakt şüarlar yox, real
tələbatları və ehtiyacları daha çox hərəkətə gətirir, qərar qəbul
etmədə həlledici rol oynayır.
Beləliklə, əziz məsləkdaşlar, bütün insanların əslində hər gün
yerə çırpılan xəyallarından sonra da onların mətanətlə ayağa qalxıb
təzədən arzularının arxasınca getdiyini görməkdəyik.
Azərbaycanlı arzusu bizim hər birimiz üçün vahid ola bilməz.
İnsanlar təkcə torpaq, vətən anlayışları ilə yaşamırlar. Nə qədər
ideallaşdırılsa da, hər kəsin öz Qarabağı var. Fərdlərin şəxsi
rifahını, qanunlar qarşısında bərabərliyini, mülkiyyətinin müqəddəs
bir dəyər kimi qorunmasını və hər kəsin qabiliyyətinə - dövlətin,
xalqın büdcəsinə verdiyi töhfəyə görə ona uyğun səviyyədə
yaşamasını təmin edən bir quruluşa sahiblənməliyik.
Novruz bayramı mənə daha çox "azərbaycanlı arzusu"nun miqyasını
müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Bütün müharibə
keçmişinə, istəklərinin gerçəyə çevrilə bilməməsi sindromuna
baxmayaraq, bu ölkədə uğura doğru can atan hər kəsin qəbul etdiyi
qənaəti hamımıza buyurmalıyıq. O da hər bir vətəndaşın layiqli
həyat haqqının tanınmasıdır. Əks halda sadəcə xoşbəxtlər küçəsi
"milyoçular məhəlləsi" deyib də bir qütbü digərindən ayıran
coğrafiyalar qurmuş olacağıq. Elə isə "burası Azərbaycan" deyib bir
klişe şəklində az qala bandit Peterburqu janrında bütün
qanunsuzluqlara yaşıl işığın yandırıldığı məmləkət obrazı yaratmaq
istəyənlərə "yox" deməyi bacarmalıyıq.
Dünən ölkə prezidentinin parlaq zəkasını Novruz tonqalı işığında
müşahidə edərkən bir daha hamıya verilən mesajın məhz bu olduğuna
əminliyim növbəti dəfə təsdiqini tapdı. "Azərbaycanlı arzusu"nu
böyük Turandan, Türk Dünyasından götürənlərə deməliyik ki,
insanların iş yerinə, ağlını, şüurunu, potensialını, fizki və əqli
qüvvəsini ortya qoymağa daha çox ehtiyacı var. Şəxsi problemləri
içində olan insanların "Qarabağı"nı həll edəndə, güclü vətəndaşı
qarşımızda görəcəyik və onlar itirilmiş torpaqlara özləri
qovuşacaqlar.
Azərbaycanı uğurlu insanların yurduna çevrimək lazımdır. Bəli,
hər kəsin arzusu fərqlidir və onu zorən birləşdirmək olmaz. Millət
naminə fərdlərdən keçmək anlayışı totalitarizmdə qaldı. Ona görə
gəlin hamımız üçün yaxşı olanı arzulayaq ki, ideallarımız özümz
üçün gerçək olsun!
Mübarək bayramlara çıxasınız, əziz azərbaycanlılar, istəkli
soydaşlar!